9 Haziran 2014 Pazartesi

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
 



ADİL TAPDIQOV






AZƏRBAYCAN DİLİNDƏ MİFOLOJİ TOPONİMLƏR

AMEA-Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur (14.X.2013. protokol №4)











“Elm və təhsil”
BAKI - 2013




Redaktor:
Qara Məşədiyev
Filologya elmlıəri doktoru, professor
Rəyçilər:
Roza Eyvazova
Filologiya elmləri doktoru, professor
Ismayıl Məmməd
Filologya elmləri doktoru, professor
Elşad Abışov
Filologya üzrə fəlsəfə doktoru, dosent



Adil Tapdıqov Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan dilində mifoloji toponimlər.
Bakı, “Elm və təhsil”, 2013, səh.


Kitabda Azərbyacan xalqının  tarixi keçmişini, mifoloji təsəvvürlərini, qədim dil elementlərini bütövlükdə milli-mənəvi dəyərlərini özündə əks etdirən mifoloji lingvistik tədqiqata cəlb olunur.-------- miflərdə, totem və onqonlarla əlaqədar formalaşan toponimlər haqqında ətraflı məlumat verilir.
Monoqrafiyada dilçi tədqiqatçılar, doktorantlar, filologiya  fakültələrinin bakalavr və magistrləri faydalana bilər.


 грифли няшр
                       © «Елм вя тящсил», 2013






ÖN  SÖZ

A
zərbaycan dilçiliyində folklor ono­mas­tika­sının daxilində mifoloji onovahidlərdən ayrıca bəhs edilsə də mifoloji toponimlərin formalaş­ma yollarından bir sistem kimi, demək olar ki, söhbət açılmamış, ayrı-ayrı mif kateqoriyaları üzrə xüsusi adların formalaşma yolları göstərilməmişdir.
Qeyd etmək lazımdır ki, mifoloji toponimlərə aid olan vahidlərin sistemli elmi tədqiqi son dövrlərə təsadüf etsə də, onlar haqqında ilkin məlumata hələ antik mənbə­lərdə rast gəlinir.        
Mifoloji toponimlərin folklor onomastikasının bir layı olduğunu təsdiq edən A.Tapdıqov onların çox zaman etnonimlərlə qarışdırılmasını qeyd edir, bir sıra fərqli cəhətləri ayırmağa çalışır və belə bir müddəa irəli sürür ki, ad kateqoriyaları mifoloji obraz, tanrı adı, etnonim, toponim istiqamətində xüsusi adların inkişaf xətti əsasında yaranıb formalaşmışdır.
Monoqrafiyada mifoloji toponimlər müəyyənləş­dirilmiş, onların linqvistik xüsusiyyətləri sistemli şəkildə araşdırılmış, eyni zamanda miflərin toponimlərdə areal və etimoloji xüsusiyyətləri izah edilmişdir.
Məlumdur ki, miflərin əksəriyyəti kosmosun, xüsusilə onunla bir sistemdə birləşən hissələrinin mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur.
Günəş, ay, göy mifoloji obrazı ilə yaranan topo­nim­lər «Kosmoqonik miflərlə əlaqədar toponimlər» adlanan I fəsildə tədqiqata cəlb edilmişdir.
Günəşlə əlaqədar formalaşan mifoloji kosmoqonik toponimlərdən bəhs edərkən tədqiqatçı Günəşli, Güney, Günğüt, Ərgünəş, Dədəgünəş, Gündə, Gündoğmuş, Günəş,  Günəbaxan, Günəvşa kimi adları araşdırır.
Günəvşa kənd adına münasibətini bildirən Adil Tapdıqov, onun tat mənşəli deyil, məhz türk mənşəli olmasını sübut etməyə çalışır.
Ay mifoloji obrazı ilə Aygünlü, Ayrım, Aydınlı, Aydoğmuş, Qaşqa adları, göy mifoloji obrazı ilə əlaqədar isə Göylər, Göyərçin, Göydəlləkli, Göynük, Göy su, Göydağ, Göyülus, Göykənd, Göynərli, Göyronus, Quqar adları araşdırılmışdır.
Bəllidir ki, qədim dövrlərdən hər bir tayfanın özünə məxsus totemi olmuş, bir çoxları öz adını həmin totem­lər­dən götürül­müşlər. Belə ki, həmin miflərlə əlaqədar formalaşan topo­nimlər də ilk öncə mifoloji obraz-totem adı, antropo­nimin, etnonim və toponim istiqamətində inki­şaf xətti keç­miş­dir.
Zoomorfik-totemik miflərlə əlaqədar formalaşan mifoloji toponimlər, yəni qurdla, ilanla, samur mifoloji obrazı ilə, quş onqonları, ağac və dağ kultları ilə əlaqədar mifoloji toponimlər «Totemlərlə əlaqədar toponimlər» adlı II fəsildə tədqiqata cəlb edilmişdir.
Zoomorfik miflərin əsasını təşkil edən totemizmin mahiyyəti ondan ibarətdir ki, burada qədim insanlar bəzi heyvanlara yaradıcı kimi, müqəddəs kimi yanaşmışlar. Hər bir xalqın totemlər sistemi, həmin xalqın yaşadığı coğrafi mühiti və adət-ənənəsi ilə bağlıdır. Məsələn, türklərdə qurd, geyik, maral, qartal, ayı, ilan və s. heyvanlar, hindlilərdə inək, camış, keçi, Afrika xalqlarında inək, qədim misirli­lərdə aslan, inək, ilan, romalılarda canavar və s. heyvanlar totem sayılır.
Türk mifologiyasının ən qədim, mühüm totem­lə­rin­dən biri olan qurdun totem olmasına «Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın dilindən bir neçə dəfə eyham vurulur.          
Qurd totemi ilə bağlı bir sıra toponimləri nəzərə çatdıran müəllif incə bir məsələni də vurğulayır ki, bu sözlə bağlı bütün yer adlarını totemik ad hesab etmək olmaz. Çünki onların bir hissəsi sırf təsviri mahiyyət kəsb edir. Məs: Şəki rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi va­hidli­yində Qurdyalı dağı, Qurd qapısı məhz həmin yerlərdə qurdun (canavarın) görünməsi ilə əlaqədar adlandırılmış­dır.
Bəzi mənbələrdə göstərildiyi kimi, türk xalqlarında totem sayılan qurd gah ilk ata, gah da ana kimi təsvir və təsəvvür edilir.
Yeri gəlmişkən bir məsələni nəzərə çatdırmaq lazımdır ki, qurd sözünün sinonimi olan «börü» ilə bağlı bir sıra toponimlər mövcuddur. Məs: Buri, Buriboy, Burioy, Bure, Bori, Byori və s.
Müəllifin da qeyd etdiyi kimi, «Kitabi-Dədə Qor­qud» dastanlarında rast gəlinən Baybura şəxs adı da şübhəsiz, qurdla əlaqədar antroponimlərdəndir.
Məlumdur ki, türklər bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. At kultu ilə bağlı mifik-totemistik baxışlar sistemi əksər sivilizasiyalı xalqlarda mövcud olmuşdur.
A.Tapdıqov atla bağlı yer-yurd adlarının ölkəmizdə və digər türk xalqlarında geniş yayılmasını qeyd edərək nümu­nələr verir: Atyaldağ, Atcıl, Atağzı, Atlı, Atdaşı, Qıratın nal daşı, Ayğırgöl və s.
İlan sivilizasiyalı bütün qədim xalqlarda, o cümlədən də türklərdə bir zamanlar müqəddəs heyvanlardan hesab olunmuşdur.
A.Tapdıqov ilanla bağlı formalaşan toponimləri araş­dırdıqca, onların bir qisminin ilan totemi ilə, mifik dünyagörüşlə bağlı olduğunu, digər bir qrupunun isə sırf təsviri mahiyyət daşıdığını nümunələrlə, faktlarla nəzərə çarpdırır..
Samurun türk xalqlarında totem olduğunu və on­lar­dan da Samurlu toponiminin əmələ gəldiyini, onun IX-XII əsr ərəb mənbələrində Sammur, Samur, Samdur, Sambur kimi xatırlandığını qeyd edən müəllif həmin toponimin yayılma areallarını da araşdırır.
Bəllidir ki, Azərbaycanın etnik təfəkküründə digər heyvanlar kimi, quş onqonları mühüm yerlərdən birini tutur. Türk xalqlarında ev quşlarının bir sistem şəklində to­tem hesab olunmasını qeyd edən tədqiqatçı nəzərə çatdırır ki, nağıl və dastanlarımızda müqəddəs hesab olunan bir neçə quşun adının çəkilməsi, onların qədimdə totemliyinə işarədir. Azərbaycan ərazisində quşlarla bağlı saysız-hesabsız insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha təsdiq edir.
Tədqiqatçı Boz Doğan // Toğan, Toğanalı, Laçın, Şonqar // Sunqur, Bozdağan, Tülü, Ağbaba, Göyərçinli, Kükü kimi mifoloji toponimlərdən bəhs edərək, ayrı-ayrılıqda onların izahını vermişdir.
Bütün dünyada qədim mifologiyanın universal ob­razı olan ağac qədim türklərdə ana totem, totemlərin anası, bəzən isə insanların, qəbilələrin, xalqların ulu babalarının anası kimi qələmə verilir.
Monoqrafiyada ağac kultu ilə əlaqədar Qızılağac, Altı­ağac, Qaraağac, Ağacəri mikrotoponimlərinin izahı ve­rilir.
Dağ kultu ilə əlaqədar demək olar ki, bütün türk xalqlarında dağla, onun hissələri ilə əlaqədar müxtəlif de­yim­lər və duyumlar onun müqəddəs onqon-xilasedici ol­duğunu əsaslandıran cəhətlərdəndir. Bununla bağlı əsərdə Qaradağlı toponiminin etimologiyası geniş şəkildə təhlil edilmişdir.
«Al» tapınışı və digər mifik inamlarla əlaqədar toponimlər» adlanan III fəsildə «Al», «Ala» derivatlı to­ponimlər, həmçinin «Al» morfeminin «Əl» fonetik variantı vasitəsilə formalaşan mifoloji toponimlər, ocaq-od mifoloji obrazı ilə bağlı toponimlər araşdırılmışdır.
«Al» morfemi və digər hissəciklərdən ibarət mifo­loji toponimlər: Alban, Alpan, Alpout, Allar //Alar, Alcanlı, Aldərə, Alkavanis; «Ala» derivatlı mifoloji toponimlər: Ala göllər, Aladaş, Aladin, Alakol, Alagöz, Alatava, Alaşa, Alazan; «Əl» fonetik variantlı mifoloji toponimlərdən Əlincə, Ələyəz, Ələt toponimləri monoq­rafiyada geniş şəkildə araşdırılmışdır.
Ocaq-od mifoloji obrazı ilə bağlı toponimlərdən bəhs edərkən, ayrı-ayrı onovahidlərin izahına keçmədən öncə qədim türklərdə «oda-işığa» inamın mifoloji köklərini araşdırmağı və onun onomastik vahidlərdə necə əks olun­duğunu nəzərə çatdırmağı vacib sayan müəllif od-alov-atəş məf­hu­munu özündə əks etdirən «qor» sözünün etimo­lo­giyasını açır, Azərbaycan onomastikasında qor // kor // gor komponentli adlardan, xüsusilə Goran, Goran­boy, Goradil, Gorazilli, Gürgan, Qorqan, Qorqun­dağ, Qorçu və s. bu kimi toponimlərin kökündə qor // gor komponentinin olduğunu bir sıra mənbələrə əsaslanmaqla izah edir və onları mifoloji adlar hesab edir.
Çıraq Çıraqlı toponimlərinin izahında Siraq // Şirak // Çıraq variantlığını nəzərə Çatdıran A.Talıbov bir sıra tədqiqatçıların mülahizələrinə əsaslanaraq qeyd edir ki, Çiraq və onunla bağlı meydana gələn etnotoponimlər mifo­lo­giyamızla ilişgilidir və onun əsasında «işıq», «günəşdən gələn nur» dayanır.
Oxuculara təqdim olunan bu monoqrafiya onoma­logiyanın yeni bir bölməsi kimi təşəkkül tapmaqda olan mifoloji onomastika sahəsində əsrəyə gələn ilk tədqiqat əsərlərindəndir. Şübhəsiz ki, bu monoqrafiya «mifoloji onomastika»nın gələcək inkişaf istiqamətlərinin müəyyən­ləşdirilməsində müəyyən rol oynayacaq.


    Qara Məşədiyev
                           filologiya elmləri doktoru, professor





G İ R İ Ş

AZƏRBAYCAN TOPONİMİYAٍSININ
TƏDQİQİ TARİXİNDƏN


 İ
nsan düşünən və danışan varlıq kimi formalaşmağa başladığı dövrdən maddi aləmin hər bir ünsürü onu özünə cəlb etmiş, kainatdakı hər bir şey ona yeni və qəribə görün­müşdür. Buna görə də o, əhatəsində olduğu maddi varlığın əşya və hadisələrini, bunların əlamət və xüsusiyyətlərini öy­rə­nməyə xüsusi səy göstərmişdir. Lakin insan xarici mühiti yalnız seyrçi kimi müşahidə etməklə kifayətlən­məmiş, ona yaradıcı surətdə yanaşmışdır. İnsan təbiətin sirlərinə yiyə­lən­dikcə onu əhatə edən aləmə ad verməyə, bu aləm haqqında miflər yaratmağa başladı. Bu miflərdə bədii və fəlsəfi təfəkkür qaynayıb-qarışdı.
Mifoloji toponimlərə daxil olan vahidlərin sistemli elmi tədqiqi son dövrlərə təsadüf etsə də, onlar haqqında ilkin məlumata hələ antik mənbələrdə də rast gəlinir. V.Qukasyan antik mənbələrdə Azərbaycan toponimlərindən danışarkən göstərir ki, Heredot «Tarix» əsərində qeyd edir ki, aqat-hirslər (ağacərilər) Cənub-Şərqi Avropanın və Şimali Qafqa­zın çöllərində skiflərlə birlikdə yaşamışlar. Eyni zamanda onların tatar mənşəli olmaları haqqında da məlumat vermişdir. (67, 39). Bildiyimiz kimi, ağacəri adı da qədim türklərin ağac kultuna inamı ilə bağlı olaraq meydana gəl­mişdir.
Z.Xasıyev yazır ki, eramızın I əsrində Strabonun «Coğrafiya» əsərində və Yuli Solin «al tapnışı» ilə bağlı olan Alban toponimi haqqında məlumat vermiş və bu adın «ucalıq», hündürlük» anlayışı ilə bağlılığını qeyd etmişlər (55, 43).
Bizans mənbələrində də mifoloji inamlarla əlaqədar formalaşan ağacəri, alban, quqar və digər etnonimlər barədə məlumatlara rast gəlinir, o cümlədən onların mifik inamlarla bağlığından ötəri də olsa bəhs edilir (99, 63; 111, 42).
Bu məsələlərdən K.Əliyev, Q.Qeybullayev, S.Mol­lazadə, Z.Xasıyev və başqa tədqiqatçılar ayrı-ayrı dövr­lərdə bu və ya digər məqsədlə bəhs etmişlər. Sonrakı səhifələrdə yuxarıda adları çəkilən müəlliflərin fikirləri geniş şəkildə şərh olunacaqdır.
Sonrakı dövrdə M.Kaşğarinin «Divani-lüğat it-türk» kitabında oğuz tayfaları və onların onqonları, eyni zamanda həmin onqonlarla əlaqədar meydana gələn bir neçə mifoloji toponimin (qurd, doğan, sonqar və s.) izahı verilmişdir. Qurd, kəngər və s. türk tayfa adlarının birbaşa mifoloji dünyagörüşlə bağlılığı məsələsinə dolayı yolla da olsa toxunulmuşdur (32, 29).
Sonrakı dövrdə Fəzlullah Rəşiddədin «Cami-əttəvarix» əsərində Oğuz tayfalarından danışarkən 24 oğuz tayfasının adının Oğuz xanın oğullarının və nəvələrinin adı ilə adlan­masından geniş söhbət açır və çalışır ki, hər bir tayfanın adının etimologiyasını imkan daxilində versin və belə olan təqdirdə istər-istəməz o, mifologiyaya gəlib çıxır (88, 47). Onun ayrı-ayrı adlar haqqındakı mülahizələri, izahı zahirən bəsit görünsə də, əslində orijinallığı və dövrü üçün yeniliyi ilə diqqəti cəlb edir.
Azərbaycan toponimləri, o cümlədən ümumi şəkildə olsa da, mifoloji toponimlər haqqında ilkin məlumatlara A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində rast gəlirik. Bakıxanov özündən əvvəlkilərdən fərqli olaraq adlara daha əhatəli yanaşmış və onların izahında xalq etimologiyası ilə yanaşı, daha çox tarixi faktlara əsaslanmışdır. Bunu onun Alban, Kaspi//Qaspi, Qafqaz və s. adlarının izahında daha aydın müşahidə etmək olar (109, 24).
Qafqazın, o cümlədən də Azərbaycanın yer-yurd ad­la­rının öyrənilməsində və qeydə alınmasında İ.Şopenin də böyük xidməti vardır. Belə ki, o, «Исторический памятник состояния Армянской области в эпоху ее присоеденения к Российской Империи» əsərində qədim erməni və gürcü mənbələrinə istinad edərək Alban, Quqar, Salar, Kür, Alazan və digər onovahidərin izahını, eyni zamanda yayılma area­lını verməyə çalışmışdır (122, 634). Düzdür, o, əsasən sol mövqe tutaraq bir çox adların (Quqar, Alpan və s.) etimo­logiyasını ermənilərin xeyrinə açmağa çalışır, ancaq yenə də onun yuxarıda adı qeyd olunan əsəri bir mənbə kimi lazım­lıdır.
R.Yüzbaşov və T.Əhmədov XIX əsrin II yarısında Azərbaycan toponimlərinin tədqiqi tarixindən söhbət açan M.F.Axundovun, İ.Markvartın, H.Hübşmanın, K.Qanın və digər tədqiqatçıların adlarını çəkirlər və göstərirlər ki, hə­min şəxslər öz əsərində bu və ya digər məqsədlə ayrı-ayrı Azər­baycan toponimlərindən də danışmış və yeri gəldikcə onların linqvistik xüsusiyyət­lərindən bəhs etmişlər (103, 64; 34, 48).
XX əsrin əvvəllərində Azərbaycan toponimləri haqqın­da geniş və ətraflı məlumata M.V.Baharlının «Azərbaycan: fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk» kitabında təsadüf edirik. Bu əsərdə müəllif toponimləri, xüsusilə də etnotoponimləri xalqımızın qədim tarixinə işıq salan, onun etnik mənsubiyyə­tinin müəyyənləşdirilməsində ən sanballı mənbə hesab edir və elə hesab edir ki, «yer-yurd adlarının düzgün elmi izahını vermək elə həmin yerdə yaşayanların tarixi köklərini müəyyənləşdirməyə bərabərdir» (15, 393). O, kəngər, dügər, sor-sor, skif, sabir, şıxlı, bayat, ayrum, cjaçar, əfşar, təklə, salahlı, baharlı və s. adların tarixi aspektdə izahını verir və onların tək Azərbaycanda deyil, eyni zamanda digər ərazilərdə də mövcudluğunu vurğulayır.
T.Əhmədov bu barədə yazır: «etnonimik materiallar əsasında Azərbaycan etnogenezinin sistemli öyrənilməsi prinsipinin əsl elmi əsası məhz M.H.Vəliyev (Baharlı) tərə­findən qoyulmuşdur» (34, 41).
Azərbaycan toponimiyasının formalaşmasında və bu günkü səviyyəyə gəlib çatmasında R.M.Yüzbaşovun xüsusi əməyi vardır. Demək olar ki, o, ömrünü bu sahənin inkişa­fına həsr etmişdir. Bu cəhətdən onun «Azərbaycan coğrafiya terminləri» (tədqiqlər) kitabı daha çox diqqəti çəkir. Belə ki, müəllif kitabda bir çox toponimlərin terminoloji mahiyyətini açıqlamaqla yanaşı, onların təsnifatını vermiş, leksik cə­hətdən qruplaşdırmışdır. O, coğrafi terminlərin yayılma arealını da imkan daxilində müəyyənləşdirməyə çalışmışdır (103, 39).
Toponimik tədqiqatların istiqamətləndirilməsində və uğurla yerinə yetirilməsində B.Ə.Budaqovun da əməyi böyükdür. Onun Q.Qeybullayevlə birlikdə yazdığı «Ermə­nis­tanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» və «Türk uluslarının yer yaddaşı» kitabları Azərbaycan toponimlərinin öyrənilməsində olduqca dəyərlidir. Birinci kitabda Qərbi Azərbaycan (Ermənistan) ərazisində mövcud olan və tarixən mövcud olmuş toponimlərin ətraflı linqvistik xüsusiyyətləri izah olunur, həmin adların etimologiyası haqqında məlumat verilir, areal xüsusiyyətləri göstərilir (21, 92). Sözügedən əsər sübut edir ki, indiki Ermənistan tarixən Azərbaycan torpaqları olmuş və toponimlər bunun ən yaxşı göstəricisidir.
«Türk uluslarının yer yaddaşı» kitabı isə Azərbaycan toponimlərinin areal xüsusiyyətlərinin izahına həsr edil­miş­dir. Əsərdə Günəşli, Çəpni, Nardaran və s. adların mənşəyi araşdırılır və onlarla birlikdə digər toponimlərin də başqa türk xalqlarında işlənməsi məsələləri göstərilir (22, 72).
Azərbaycanda coğrafiyaşünas-toponimistlərdən N.Məm­­mə­­dov, M.Abbasov və başqaları toponimlərin bu və ya digər xüsusiyyətlərindən danışmışlar. Lakin onların linqvistik xü­su­­siyyətləri dilçi tədqiqatçıların əsərlərində daha əhatəli şəkildə əks olunmuşdur.             
Bunlardan Ə.Dəmirçizadə, A.Axundov, Ş.Sədiyev, A.Qur­banov, R.H.Eyvazova, T.Hacıyev, Q.Qeybullayev, V.Qukasyan, S.Mollazadə, Ə.Əliyev, M.Seyidov, V.Əliyev, M.Çobanov, Q.Məşədiyev, R.İsrafilova, T.Əhmədov, A.Bayramov, Ə.Tanrıverdiyev, N.Əsgərov, F.Xalıqov, İ.Bayramov, A.Bayramov, E.Quliyev (İnac), Y.Cəfərov, E.Abışov, E.Əhmədova, T.Şükürova və b. digər təd­qi­qat­çı­ların adlarını çəkmək olar.
Ə.Dəmirçizadə «50 söz» kitabında Azərbaycanın ən qədim toponimlərindən Azərbaycan, Alban, Qafqaz, Xəzər və s. adların mənşəyini geniş izah edir və ilk dəfə həmin toponimlərin etimologiyası haqqında orijinal fikirlər söylə­yir (32, 66). O, həmin adların etimologiyasından danışarkən qədim şərq, Avropa, o cümlədən erməni və gürcü mənbə­lərini diqqətlə nəzərdən keçirir və sonda onların (Azər­bay­can, Alban, Qafqaz, Xəzər) türk-Azərbaycan mənşəli olması qənaətinə gəlir.
Azərbaycan toponimlərinin etimoloji cəhətdən araşdı­rıl­masında xüsusi əməyi olan dilçilərdən biri də A.Axun­dov­dur. «Torpağın köksündə tarixin izləri» əsərində tədqiqata cəlb etdiyi bəzi toponimin (Kür, Araz və b.) etimologiyasını müqayisəli şəkildə araşdırır və onların Azərbaycan mənşəli olmasını əsaslandırır (9, 57). Eyni zamanda əsərdə qədim və orta əsrlərdə rast gəlinən Azərbaycan toponimləri haqqında məlumat verilir. A.Axundov araşdırdığı adları dil faktı kimi tədqiq etsə də, onların həm də tarixi mənbə olmasına diqqət çəkir.
Bütün fəaliyyəti boyu Azərbaycan dilinin problematik sahələri ilə məşğul olan T.Hacıyev toponimlərin tədqiqi sahəsində də xeyli iş görmüşdür. O, «Filologiya məsələləri» və «Türk dillərinin quruluşu və tarixi» adlanan toplularda bir sıra qədim Azərbaycan toponimlərinin (Biləcəri, Midiya, Xalxal, Alban, Atropatena və s.) etimologiyası və digər linqvistik xüsusiyyətləri haqqında yeni, müfəssəl məlumat vermişdir (50, 278-280; 51, 125-136). Ümumiyyətlə, T.Ha­cı­yev həmişə bütün yazılarında Azərbaycan-türk toponim­lərinin qədimliyini, onların areal xüsusiyyətlərini əsas götürərək, türklərin Qafqazda aborigen xalq olduğunu elmi faktlarla sübut etməyə çalışmışdır.
V.Qukasyan Azərbaycan dilinin tarixi ilə, o cümlədən toponimlərin mənbələrdə işlənməsi ilə mütəmadi məşğul olmuş, Alban, Alazan, Kür, Kaspii, Skif//iskit və s. adların antik mənbələrdə işlənməsindən geniş bəhs etmiş və onların etimologiyasına dair maraqlı mülahizələr irəli sürmüşdür (68, 121-125; 67, 35-62). «Azərbaycan dilinin təşəkkülü tarixinə dair qeydlər» sərlövhəli iri həcmli məqaləsində Alpout, Alatau, Altay, Sabir, Ağuan, Alpan, Qoşqar, Bayan, Çanaxçı, Qaraqullar, Xunan, Kəngər Ağacəri və s. bu kimi paleotoponimlərin mənbələr üzrə izahmı verməyə çalışmış və həmin adların xalqımızın etnik mənsubiyyəti ilə bağlı olduğunu qeyd etmişdir.
O, erməni və gürcü mənbələrindən, o cümlədən də antik və bizans mənbələrindən geniş şəkildə istifadə edərək etnotoponimlərin bir sistem halında həm etimoloji, həm də digər linqvistik xüsusiyyətini tədqiq etmişdir.
Ə.Əliyev Azərbaycan toponimiyasında ilk dəfə olaraq toponimləri zonalar üzrə tədqiq etməyə başladı. Onun 1975-ci ildə qələmə aldığı «Azərbaycanın Qərb rayonlarının topo­ni­miyası» dissertasiyası ilə Azərbaycan dilçiliyində regional toponimikanın əsası qoyuldu. Əsərdə Qazax, Tovuz, Gədə­bəy və digər bölgələrin yer-yurd adları sistemli şəkildə təd­qi­qata cəlb edilir, onların leksik-semantik və etimoloji xüsusiyyətləri, o cümlədən də areal xüsusiyyətləri dərindən təhlil olunur.
Tədqiqat işində o, adı çəkilən bölgələrin toponimlərini sistemli şəkildə araşdırmaqla həmin rayonların ən qədim tayfalarını, onların yerləşmə xüsusiyyətlərini və s. cəhətləri ətraflı araşdırır.
Ə.Əliyevin B.Budaqovla birlikdə yazdığı «Kitabi-Dədə Qorqud» dastanlarının toponimlərinə həsr olunan məqaləsi də ilk təşəbbüs kimi olduqca dəyərli və maraqlıdır (23, 36).
Burada «Dastan»da adı çəkilən Göyçə gölü Aladağ, Qazılıq dağı və digər toponimlərin Azərbaycanda, o cüm­lə­dən Qafqazda izləri araşdırılır və maraqlı müqayisələr aparılır.
Azərbaycan onomalogiyasının inkişaf etməsində və bu sahədə yeni-yeni kadrların yetişməsində A.Qurbanovun böyük əməyi vardır. O, «Azərbaycan onomalogiyası» kitabında dilimizdəki onomastik vahidləri sistemləşdirdi və qruplaşdırdı. Kitabda toponimlər aşağıdakı kimi təsnif olunmuşdur: 1) Toponimlər; 2) Etnotoponimlər; 3) Hid­ro­to­po­nimlər; 4) Zootoponimlər; 5) Fitotoponimlər; 6) İctimai-siyasi xarakterli toponimlər; 7) Təsviri toponimlər (71, 26).                                                            .
A.Qurbanovun yuxarıdakı bölgüsünü ona görə təqdim edirik ki, ən son onomastik tədqiqatlarda həmin təsnifat əsas götürülür. Onun bu sahəyə aid bir neçə dərslik, dərs vəsaiti, monoqrafiya və proqramları çap olunmuşdur. Müəllif Azər­baycan onomalogiyasının daha çox nəzəri məsələləri ilə məşğul olmuşdur. Eyni zamanda onun rəhbərliyi ilə hər il Azər­baycan Dövlət Pedaqoji Universitetində onomastika problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçiril­miş­dir.
Azərbaycan toponimlərinin regionlar üzrə öyrənil­mə­sində S.Mollazadənin də xidmətləri olmuşdur. O, «Топо­нимия северных районов Азербайджана» kitabında Oğuz, Şəki, Qəbələ, Qax, Balakən, Xaçmaz və Quba rayonlarının yer-yurd adlarını toplamış, onların sistemli leksik-semantik, areal və etimoloji xüsusiyyətlərini izah etmişdir. O, Tərkeş, Başalay, Qoşun bağı, İlisu, Gölən, Qaşqaçav, Obuxlu, Kiş və s. toponimlərin mənşəyi haqqında maraqlı fikirlər söyləmiş­dir (119, 206).
Müəllif ölkəmizin Şimal zonasının toponimik adlarını antik, erməni və gürcü mənbələrindən də faydalanmaqla qruplaşdırır, onlardan hansıların yalnız həmin bölgəyə, hansılarınsa digər bölgələrdə mövcudluğunu dərindən araşdırır və maraqlı nəticələr əldə edir.
Bir məsələni qeyd etmək istəyirik ki, əslində to­po­nimlər zonalar üzrə öyrənilsə daha məqsədə müvafiq olar. Ona görə ki, bir çox toponimlər, istər oykonim, istər oronim, istərsə də, hidronimlər məhz yerləşdiyi, əlaqədar olduğu coğrafi məkanın relyefinə - quruluşuna uyğun olaraq ad­landırılır. Bu mənada M.Məmmədovun «Лингвистичес­кий анализ географических названий в смешанных ареалах» əsəri olduqca maraqlıdır. Müəllif, əsərində öz adət-ənənələri, təbiəti, kənd təsərrüfatı, məişəti və s. xüsusiy­yətləri ilə respublikamızın digər regionlarından seçilən Cənub zonasının - Lənkəran, Astara, Masallı, Lerik, Yar­dımlı rayonlarının toponimlərini analiz edir, etnotoponimləri xüsusilə araşdırır, onların necə əmələ gəlməsini müəyyən­ləşdirir. O, çalışır ki, daha çox mübahisələrə səbəb olan adların etimologiyasını açıqlasın (117, 162).
Azərbaycan toponimikasının təşəkkül tapmasında M.Adi­lovun da böyük xidmətləri olmuşdur. O, A.Paşayevlə birlikdə yazdıqları «Azərbaycan onomastikası» kitabında «Toponimika» bölməsinin müəllifi olmuşdur. Həmin bölmə­də Azərbaycan toponimlərinin ümumi səciyyəvi xüsusiyyət­ləri müəyyənləşdirilir və onlar qruplara bölünür (5, 78). Onun paleotonimiyaya aid çap etdirdiyi bir neçə məqaləsi də bu sahədə mövcud olan problemlərin həll olunmasında mühüm rol oynamışdır.
Xalqımızın ən qədim köklərinin, eyni zamanda da qədim adlar sisteminin müəyyənləşdirilməsində və topofor­mantların inkişaf tarixinin izlənməsində müstəsna xidmətləri olan tədqiqatçılardan biri də M.Seyidovdur. O, Həm «Azər­baycan mifik təfəkkürünün qaynaqları», həm də «Azərbay­can xalqının soykökünü düşünərkən» kitabında Azərbaycan, Əlincə, Alban, Xaylandurq, Ayrım, Qorqud, Qayı, Koroğlu, Aldədə və s. adların etimologiyasını son dərəcə diqqətlə, mən­bələr üzrə araşdırır və onların türk mənşəli olması qə­naə­tinə gəlir (89, 27; 90, 226). O, ixtisasca ədəbiyyatşünas-mifoloq olsa da, toponimik vahidlərdən ədəbi-mifoloji qanu­na­uyğunluqların açılmasında məharətlə istifadə etmişdir.
T.Əhmədov da bütün elmi yaradıcılığını demək olar ki, Azərbaycan toponimlərinin tədqiqinə həsr etmişdir. Onun «Azərbaycan toponimikasının əsasları», «El-obamızın ad­la­rı», «Azərbaycan paleotoponimiyası» kitabları bunu deməyə əsas verir. Müəllif uzun illər bu sahədə tədqiqatlar apararaq Azərbaycan toponimlərinin nəzəri əsasını yaratmışdır.
Azərbaycan toponimiyasının bugünkü səviyyəyə gəlib çatmasında xeyli işlər görən dilçilərdən biri də Q.İ.Məşə­`diyevdir. O, öz doktorluq dissertasiyasında «SMOMPK» məcmuəsində işlənən toponimlərin Qafqaz arealını müəy­yən­ləşdirir, onların struktur cəhətdən tarixi-linqvistik aspekt­dən təhlilini verir (83, 91; 84, 43).
Müəllif bir sıra əsil türk mənşəli yer adlarının (Gəncə, Goran, Goranboy, Gorus, Ayrım, Dirəklər və s.) etimo­lo­giyası haqqında orijinal fikirlər söyləmiş və demək olar ki, bu sahədəki mübahisələrə son qoymuşdur (83, 28-30). Onun son dövrlər nəşr edilmiş monoqrafiyası da Azərbaycan toponimlərinin tarixi-linqvistik aspektdən öyrənilməsi baxımından qiymətli mənbələrdəndir (82, 28-30).
H.Mirzəyevin də tədqiqatlarının bir hissəsini onomas­tika, xüsusən də toponimlər təşkil edir. Burada bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, o, müntəzəm olaraq Qərbi Azərbaycanın yer-yurd adlarını, hətta ən xırda daşın, qayanın da adını qeydə almış, onları qruplaşdırmış və izah etmişdir (81, 69-71). Onun onomastik tədqiqatları tam şəkil­də erməni məkrinə, qəsbkarlığına qarşı yönəlmişdir. «Aşıq yaradıcılığında yaşayan adlarımız və tariximiz» kitabı H.Mirzəyevin folklor onomastikasının dərindən öyrənilmə­sinə həsr edilmiş dəyərli tədqiqat əsəridir (86, 92). Kitabda aşıq şerində işlənən toponimlərin linqvistik xüsusiyyətləri ilə yanaşı areal xüsusiyyətləri də geniş təhlil olunur və yeri gəldikcə onların tipoloji xüsusiyyətlərinə də toxunulur. Onun «Ələyəz» toponimi haqqında maraqlı mülahizələri vardır. Müəllif həmin adın «ələ» hissəsini «al//ala» derivatı ilə əlaqələndirir, «yəz» hissəsini isə «gəz//göz» kimi izah edir (85, 70).
Y.Məmmədovun da türk mənşəli toponimlərin tədqi­qin­də böyük xidmətləri vardır. Belə ki, onun «Orxon-Yenisey abidələrində adlar» sərlövhəli kitabı onovahidlərimizin, o cümlədən də toponimlərimizin qədim layının öyrənilməsində və elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Ümumiyyətlə, Y.Məmmədov onovahidlər və onlar arasında leksik-semantik əlaqə və onun xarakteri haqqında maraqlı mülahizələr irəli sürmüşdür. O, yazır: «Mifoloji obraz, tanrı – toponim-etnonim-toponim istiqamətində keçid, şübhəsiz, təsadüfi, səbəbsiz bir proses deyil. Bu, qədim türklərin, o cümlədən azərbaycanlıların dünyagörüşü, həyata baxışı, milli xarakteri ilə bağlı hadisədir. Belə ki, qədim türklər tapındıqları, sitayiş etdikləri müqəddəslərə, tanrılara xüsusi qayğı əlaməti olaraq onların adını uşaqlara vermişlər» (78,  290-293).
Y.Məmmədovdan sonra F.Xalıqov, İ.Bayramov, İ.Cə­fər­soylu və digər tədqiqatçılar həmin ideyanı daha da inkişaf etdirmişlər (56, 6; 19, 96; 25).
N.Məmmədov da Azərbaycan ərazisində qeydə alınan oronimləri qruplaşdıraraq sistemləşdirir və ən əsası onlardan hansıların etnonim, hansıların mifonim və hansıların təsviri mahiyyət daşıdığını izah edir (76, 54). Sistemli şəkildə olmasa da, o, yeri gəldikcə bəzi oronimlərin (Şahdağ, Qiblə dağı, Talış dağları, Babadağ və s.) etimologiyasına da toxu­n­muş və maraqlı nəticələrə gəlmişdir (76, 68). Sözü­ge­dən əsərin təqdirə layiq cəhətlərindən biri də burada qeydə alı­nan toponimlərin areal xüsusiyyətlərinin də izah edilməsidir.                                                                                                                                             |
F.Xalıqov elmi yaradıcılığa Mil-Qarabağ zonasının toponimlərinin tədqiqi ilə başlasa da, onun araşdırmalarının mərkəzində folklor onomastikası dayanır. Müəllifin bu sahəyə aid son dövrlər 2 kitabı və xeyli məqaləsi çap olun­muş­dur. Onun kitabının birinci hissəsi Azərbaycan folklo­run­da işlənən toponimlərin linqvistik xüsusiyyətlərinin iza­hına həsr edilmişdir. «Folklor onomastikası» adlanan 2-ci kitabda isə mifoloji onomastika, əsasən də toponimlər tədqi­qata cəlb olunur. Burada mifoloji toponimlər mənbələr - mif kateqoriyaları üzrə araşdırılır. Dağ, od-işıq, ağac, quş və digər heyvanlarla bağlı mifoloji onovahidlər struktur və tipoloji, eyni zamanda etimoloji cəhətdən təhlil süzgəcindən keçirilir. Dədəgünəş, Ərgünəş, Günəşli, Göylər, Dağ Kəsəmən, Qayalı, Düyərli, Ağacəri və s. toponimlərin qədim türklərin - azərbaycanlıların mifoloji dünyagörüşü ilə bağ­lılığı nəzəri cəhətdən sübuta yetirilir (56, 67). Eyni zamanda əsərdə folklor onomastikasının regionallıq məsələləri, on­ların məna və məzmuna görə təsnifatı verilir və dəyərli nəticələr əldə olunur. Bu kitabda da əsas elmi qənaətlərdən biri budur ki, toponimlərin mənşəyində əsasən etnonimlər, onun da kökündə mifonimlər dayanır (57, 30-56).
Azərbaycan toponimlərinin tədqiqi tarixində mühüm hadisələrdən biri də «Azərbaycan toponimləri» kitabıdır. Ensiklopedik nəşr sayılan həmin kitabda Azərbaycan toponimləri əlifba sırası ilə verilir, onların mənşəyi, areal xüsusiyyətləri və digər linqvistik cəhətlərindən danışılır (11, 584).Əsər sistemli bir mənbə kimi olduqca dəyərlidir.                          
Azərbaycan toponimlərinin regional xüsusiyyətlərinin tədqiq olunmasında A.Bayramovun da əməyi az deyil. Onun Qərbi Azərbaycanın - indiki Ermənistanın Ağbaba, Pəmbək və Şörəyel mahallarının yer-yurd adlarının araşdırılmasına həsr etdiyi kitabı diqqət çəkir. O, həmin bölgələrin yer-yurd adlarmı tədqiqatçı məsuliyyəti ilə toplayaraq qruplaşdırır, hətta ermənilər tərəfindən adı dəyişdirilən və yaxud dağıdılmış kəndlərin admı mənbələr üzrə izah edir və həmin adları o yerlərin «damğası», «tarixin izləri» adlandırır (17, 42). A.Bayramov belə bir mülahizə irəli sürür ki, «hər hansı bir toponimin etimologiyasını izah etmək üçün mütləq həmin toponimin yerləşdiyi ərazidə olmaq lazımdır. Əgər belə olmasa düzgün qənaətə gəlmək olmaz» (17, 8).
A.Bayramovun «Kitabı-Dədə Qorqud» və «Qafqaz» kitabı da Azərbaycan toponimlərinin tarixi aspektdə öyrə­nilməsi üçün maraqlı vəsaitlərdəndir. Kitabda «Kitabi-Dədə Qorqud» dastanlarında adları çəkilən Ağlağan dağı, Ağqaya, Ağcaqala, Ağsaqa, Altuntaxt, Bayburt, Cımxlar, Dərbənd, Əlincə, Gökçədağ, Qazılıq, Pəmbək, Şörəyel, Byandur, Buğac, Bükdür, Dədəli, Dirəklər, Dondarlı, Doğan/Toğan, Düyər, Qavı, Qayı Qocalı, Qanlı, Qaraçuq və s. yer-yurd adlarının quruluş, məna və digər linqvistik xüsusiyyətləri ilə yanaşı, onların Qafqazdakı izləri-arealları müəyyənləşdirilir  və bu toponimlərin türk mənşəli olduğu və həmin yerlərdə tarixən türklərin yaşadığı əsaslandırılır (18, 123). Məlum olur ki, «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən coğrafi adların hamısı Azərbaycan ərazisində ya tarixən mövcud olmuş, ya da mövcuddur.
İ.Bayramovun da son dövrlər nəşr olunmuş kitabı Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiqinə həsr olunmuşdur (19). Həmin kitab B.Budaqovla Q.Qeybul­la­yevin başladıqları işin davamıdır, ancaq burada Qərbi Azərbaycanın ən xırda mikrotoponimləri də öz əksini izahmı tapmış və daha geniş şəkildə təhlil olunmuşdur (19, 454).
İ.Bayramov Qərbi Azərbaycanın türk mənşəli toponim­lərini əsasən, sinxron planda işləmiş, ancaq yeri gəldikcə ayrı-ayrı adların (Kəmərli, Keşişkənd, Kiçik Gilanlar, Herlıer, Təkəli, İmirli, Dərələyəz, Qıpçaq, Qızqala, Qızılqoç və s.) etimologiyasına toxunarkən tarixi materiallardan da istifadə etmişdir (19, 243-261).
Q.Kazımov Azərbaycan dilinin tarixinə həsr etdiyi kitabında toponimlərimizin  tarixi mənbələrdə işlənməsinə nəzər salır. Şumer, Akkad və digər qədim mənbələrdə işlənmiş, Subar, Kimer, Turuki, Sak/Saka və s. toponimlərin mənşəyi və etimoloji xasiyyətlərinə toxunur, onlardan həm də mənbə kimi istifadə edərək qədim türklərin - azərbaycanlıların Şərqin ən qədim aborigen xalqı olduğunu bir daha əsaslandırır (61, 284).
R.Əliyevanın «Azərbaycan toponimləri» kitabında Azər­baycan toponimlərinin mənbələrdə işlənməsi, Azərbay­ca­nın yer adları, toponimlərin yaranmasında linqvistik əsas­lar, yaşayış məntəqəsi anlayışı ifadə edən coğrafi terminlərin toponim yaradıcılığında yeri, müasir Azərbaycan toponimi­ya­sında işlənməyən toponimlər haqqında geniş danışılır. Eyni zamanda XVIII - XIX əsr rus və Avropa səyyahlarının əsərlərində qeydə alınmış Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlilinə həsr edilmiş bu kitabda 50-dək səyyahın yol qeydlərinə və gündəliklərinə müraciət olunmuşdur (40, 35-161).
M.Çobanovun «Azərbaycan toponimiyasının əsasları» əsərində Azərbaycan dilçiliyində toponimlər sistemli şəkildə geniş təhlil edilir. Onların quruluş xüsusiyyətləri aydın­laşdırılır, toponimlərin məna çalarları elmi faktlar əsasında izah olunur (31, 7-249).
Son dövrlər Azərbaycan toponimiyasını zənginləşdirən bir sıra tədqiqat əsərləri və ayrı-ayrı kitablar nəşr olunmuş­dur ki, onların içərisində A.Bağırovun «Naxçıvan MR-in toponimlərinin tarixi-linqvistik təhlili» (14), E.Abışovun «El-oba adlarının izi ilə» (2), E.Əhmədovanın «Azərbaycan etnonimləri» (39) kitablarını göstərmək olar.





I FƏSİL

KOSMOQONİK MİFLƏRLƏ
ƏLAQƏDAR TOPONİMLƏR

T
ürkdilli xalqların yaşadığı ərazilərdə, o cüm­lədən Azərbaycanda qeydə alınan mifoloji topo­nimlərin böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır.
«Bu miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən daha çox mərasimi olub kos­mo­sun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin mən­şəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur» (94, 78).
Mifoloji etnotoponimlərlə etnonimlər müəyyən dərə­cə­də əlaqədar olduğundan onlar dil tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir.
Türklərin – azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı, özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib edilməz faktlardandır.
Mifoloji toponimlər. Mifoloji toponimlərin etimologi­yasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin, yunanların və digər qədim xalqların mifik dün­ya­görüşünün aparıcı olduğu dövrdə - ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər - azərbaycanlılar da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifo­loji obrazların - varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasim­lərdə, nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə ötürən mənbələrdəndir.
Mifologiya yunanca «mifos» və «loqos» sözlərindən əmələ gəlmişdir, mənası, «rəvayət», «əfsanə», «nağıl», «dastan», «söz», «anlayış» kimi başa düşülür. Mifologiya ictimai inkişafın ilkin mərhələləri üçün səciyyəvi olan dünyanı anlama üsulu, ictimai şüurun ilkin formasıdır. Elə bir xalq yoxdur ki, onun özünəməxsus mifologiyası olmasın. Lakin dünyada türk xalqları kimi elə xalq kökə söykənən əsas tiplər, əfsanələr, nağıl və dastanlara onlarda da rast gələ bilərik. İlk vaxtlarda - insan sürüsünün çox inkişaf etmədiyi dövrdə mifologiya ibtidai cəmiyyətin mənəvi həyatında mühüm yer tuturdu. Həmin cəmiyyətlərdə mifologiya icti­mai şüurun universal forma: kimi çıxış edirdi. Qədim yunan­lar allahlar və qəhrəmanlar haqqında yaranan əsərləri mifo­logiya adlandırırdılar (98, 14).
A.F.Losev mifologiya haqqında danışarkən yazır: «mifo­logiya ideal varlıq deyil, maddi reallıqdır, hiss edilən, yaradılan gerçəklikdir» (116, 57).
İ.Zeynalov mifoloji təfəkkürün formalarından bəhs edərkən onu dünyanın və bütünlükdə ətraf aləmin mənəvi mə­nimsənilməsində - dərk olunmasında xüsusi üsul adlan­dı­rır (104, 34-37).
Mifologiya elə bir sahədir ki, ondan zaman-zaman ədəbiyyatşünaslar, sənətşünaslar, filosoflar, dinşünaslar, et­noq­raflar, tarixçilər və başqa elm sahəsində çalışan insanlar ən müxtəlif səviyyələrdə bəhs etmişlər və hər zaman bu sahədə problemlər istənilən qədər çox olmuşdur. Ən sadə dillə desək, mifologiya miflər haqqında elmdir. Mif isə elə mətnlərdir ki, orada qədim insanların dünya və insanlar: yaranışı haqqında fantaziyalı, bir az da primitiv təsəvvürləri öz əksi tapmışdır.
Mif bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olaraq xalq  fantaziyası kimi bədii şəkildə işlənmiş ictimai formaları və təbiəti təmsil edir. Spesifik mifoloji məntiqin başlıca şərtləri birinci o idi ki, ibtidai insan özünü ətraf, təbii və sosial mühitdən ayırmırdı, ikincisi, təfəkkür bölünməzlik və qarşılıqlı cəhətlərini saxlayırdı və hərəkət sahələrində emosional affektdən demək olar ki, ayrılmaz idi. Bunun nəticəsidir ki, bütün miflərdə obrazların sadəlövh­cəsinə insaniləşməsi, ümumi şəxsləndirmə, təbii, sosial və mədəni obyektlərin «metaforik» müqayisəli qarşılaşdırılması olmuşdur. Kosmosun qüvvə, xassə və fraqmentlərinin insan­laş­dırılmış konkret hissi obrazlar kimi ifadəsi maraqlı mifoloji fantastikanı doğurur. Müəyyən qüvvə və qabiliy­yətlər plastik olaraq çoxəllilik, çoxgözlülük və s. kimi ifadə oluna bilərdi, zahiri simanın qəribə şəkildə transformasiyası, xəstəlik, müxtəlif qüvvələr kimi, adamyeyənlər, kosmo­dün­ya ağacı, yaxud canlı nəhəng kimi, qəbilə, tayfa əcdadları ilkin varlıqlar - zoomorf və antromorf təbiət qüvvələri formasında ifadə olunurdu. Bu isə sosial qrupların heyvan növləri ilə eyniliyi və qohumluğu haqqında totemik baxışları ifadə edirdi (41, 34). «Kitabi-Dədə Qorqud» dastanında «Basatın Təpəgözü öldürdüyü» boyda Təpəgöz, pərilər və s. məhz mifoloji obrazlardır.
Özü maraqlıdır ki, qədim sivilizasiyaya malik olan xalqların hamısının mifləri biri-birinə çox oxşayır, yaxınlıq təşkil edir. Elə bu uyğunluğu nəzərə alaraq tədqiqatçıların əksəriyyəti dünya xalqlarının miflərini əsasən aşağıdakı kateqoriyalara bölürlər: Etimoloji miflər, kosmoqonik mif­lər, antromorfik miflər, totemik miflər, qəhrəmanlıq mifləri və s. (95, 86-87). Türk xalqlarının, eyni zamanda Azərbay­can xalqının mifləri də həmin bölgü əsasında tədqiq olunur və onu da qeyd edək ki, yuxarıda göstərilən bölgü nisbi olsa da, həm elmi, həm də metodoloji cəhətdən düzgündür.
Mifologiyanın hər bir kateqoriyası haqqında ətraflı məlumatı növbəti fəsillərdə verəcəyik, ancaq onu da qeyd etmək istəyirik ki, yuxarıda göstərilən mif qruplarının hamısı Azərbaycan-türk xalqının mifoloji dünya görüşündə özünə məxsus şəkildə əksini tapmışdır.
Azərbaycan xalqının mifik təfəkküründən, mifoloji obrazlar sistemindən və onun məfkurəvi siqlətindən bəhs edərkən A.Şükürov birinci növbədə Azərbaycan mifologi­yasını türk mifologiyası kontekstində götürür və onun dörd inkişaf mərhələsini qeyd edir. Birinci mərhələ kimi müəllif, arxaik-totemistik mərhələni göstərir ki, bu dövr üçün də öküz mifi daha mühüm yer tutur. İkinci mərhələni isə, qurd görüşünün öküz mifizmi ilə çarpaz qoşalaşması kimi xarak­te­rizə edir. A.Şükürov Azərbaycan-türk mifologiya­sının üçüncü mərhələsini Zərdüştlüklə, dördüncü mərhələni isə islamla bağlayır (94, 21).
Həqiqətən də yuxarıda göstərdiyimiz dörd mərhələnin dördü də Azərbaycan mifoloji sistemində öz əksini tapmış­dır. Bu ideya - konsepsiya əksər filosof və folklorşünas tərəfindən qəbul edilməkdədir. Ancaq biz elə düşünürük ki, qeyd olunan dörd mərhələni üç mərhələdə də əhatə etmək olar. Yəni arxaik-totemistik mərhələ, Zərdüştlüklə əlaqədar olan mərhələ və nəhayət İslamla əlaqədar mərhələ.
Fikrimizcə, birinci və ikinci mərhələnin mifləri bir-birinə çox qarışdığından onları bir mərhələdə vermək daha məqsədə müvafiqdir.
Mifologiya Azərbaycan ədəbiyyatşünaslığının nisbətən az öyrənilən sahələrindəndir. Mifoloji dünyagörüş elə bir xarakterə malikdir ki, xalqın bütövlükdə söz sənətinin, ruhi-mənəvi aləminin, eyni zamanda qədimliyinin müəyyən olun­masında mühüm əhəmiyyət kəsb edir. Təkcə onu qeyd etmək lazımdır ki, xalqımızın uzun əsirlik ədəbiyyatı-mənəvi sər­vəti mifologiyanın üzərində yüksəlib, ondan qidalanıb və qidalanır. Düzdür, Azərbaycan-türk xalqının mifologiyasının tədqiq olunmasında, onun tipoloji-struktural xarakteristika­sının açılmasında təqdirə layiq və olduqca. maraqlı elmi əsərlər yazılmışdır. Ancaq indiyə qədər mifologiyamız linq­vistik aspektdə demək olar ki, elmi şəkildə ətraflı tədqiqata cəlb olunmamışdır. Bu sahədə M.Seyidov, Y.Məmmədov, M.Çobanov, F.Cəlilov, F.Xalıqov və digər tədqiqatçılar müəyyən araşdırmalar aparsalar da, Azərbaycan mifologi­yası linqvistik cəhətdən sistemli tədqiq olunmamışdır. «Mifo­loji dünyagörüşün linqvistik cəhətdən öyrənilməsi qədim dünyagörüş və təfəkkürlə bağlı saysız-hesabsız leksik vahidlərin üzə çıxarılmasına imkan yaradır. Bu vahidlərin geniş öyrənilməsi Azərbaycan və azərbaycanlılarla bağlı bir sıra mühüm mifoloji anlamların düzgün dərk edilməsində əsas amilə çevrilə bilir (56, 24).
Mifik dünyagörüşlə bağlı onomastik vahidlərin Azərbaycan folklorşünaslığında işləklik dairəsi də diqqəti cəlb edir. Onların ifadə etdikləri ayrı-ayrı mənalar, şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında qeydə alınan va­riant­ları bu günə qədər də tədqiq olunmamış, mifoloji təfəkkü­rü­mü­zün dərindən öyrənilməsində bir vasitə olduğu unudul­mamışdır. Belə onomastik göstəricilərin tədqiqi Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən qəbilə və tayfa birliklərinin ictimai-mifik təfəkkürü ilə sıx bağlıdır.
Heç şübhəsiz, mifoloji obraz, tanrı adı - toponim-etno­nim-toponim istiqamətində keçid təsadüfi xarakter daşımır. Bu qədim türklərin, o cümlədən azərbaycanlıların dünya­gö­rüşü, həyata baxışı, milli xarakteri ilə bağlı hadi­sədir. Belə ki, qədim türklər tapındıqları, sitayiş etdikləri müqəddəslərə – tanrılara xüsusi qayğı əlaməti olaraq onların adını uşaqlarına vermişlər (78, 290-293). Buradan da şəxs adından etnonim, etnonimdən də toponimlər yaranmışdır. Həqiqətən də, azərbaycanlılarda yuxarıda göstərdiyimiz xüsusiyyət müşahidə olunmuşdur. Fikrimizi əyaniləşdirmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda İslam dini qəbul olunduqdan sonra İslam müqəddəslərinə hörmət əlaməti olaraq VII əsrdən bu günə qədər şəxs adlarımızın böyük bir layını məhz həmin qrupdan olan adlar təşkil etməkdədir. Məs: Məhəmməd, Əli, Hüseyn, Həsən, Mehdi, Fatma, Səkinə, Zəhra və s.
Qədim türklərin – Azərbaycanlıların da mifoloji inam­larının mərkəzində dayanan varlıqlara hörmət, ehtiram yuxarıda göstərdiyimiz tərzdə olmuşdur. Deməli, Y.Məm­mədovun irəli sürdüyü konsepsiya bütün hallarda özünü doğruldur. Və Azərbaycan dilində qeydə alınan mifoloji toponimlərin hamısını nəzərdən keçirdikdə məlum olur ki, əslində onlar vaxtilə toponim olmuşlar. Yəni, hal-hazırda dilimizdə mifoloji toponim kimi səciyyələnən adlarımız ən qədim zamanlarda tanrı adı - mifoloji obraz-toponim-etno­nim-toponim istiqamətində inkişaf yolu keçmişdir.
Mifoloji toponimlə toponim arasında bərabərlik işarəsi qoymaq olmasa da, əksər nümunələr uyğunluq təşkil edir.
Azərbaycan dilində qeydə olunan mifoloji antropo­oykonimlər və hidronimlərin mənşəyinə – etimologiyasına nəzər salanda məlum olur ki, onların bir qismi kosmoqonik, bir qismi zoomorfik, digər bir qismi isə müxtəlif mifoloji inamlarla əlaqədar yaranmışdır. Odur ki, biz də həmin uyğunluğu nəzərə alıb, dilimizdə qeydə alınan mifoloji toponimləri mənşələrinə görə tədqiq etmək qərarına gəldik.

GÜNƏŞLƏ ƏLAQƏDAR FORMALAŞAN MİFOLOJİ
KOSMOQONİK TOPONİMLƏR

Kosmoqonik miflərin əsas cəhətlərindən biri təbiətlə insanın sıx əlaqədə götürülməsidir. Burada ya insan dünya yaradılan elementdən düzəldilir, ya da kainat ilk insan bədənindən yaradılır. Bu miflərdə xaosun kosmosa çevril­məsi xüsusi ilə aydın şəkildə ifadə olunur. Onlarda bila­va­si­tə kosmosun strukturu haqqında kosmoloji-astral təsəvvürlər əks olunur (95, 18).
Kosmoqonik miflərin strukturunda əsas yeri günəş və ay tutur. Həmin miflərdə Günəş və Ay mədəni qəhrəmanlar, sevgililər, bacı, qardaş və bəzən də valideyn övlad kimi təqdim olunur. Burada əsas məsələ ondan ibarətdir ki, kosmoqonik miflərdə Günəş və Ay əsasən müqəddəs, fövqəltəbii varlıqlar kimi xarakterizə edilir. Sadə şəkildə desək, onlar bir növ obrazlaşdırılır.
Qədim insanlar Günəşin yaradıcı və Ayın məftunedici xüsusiyyətlərini primitiv də olsa dərk etmişlər və bu dərk etməni müəyyən xarakterdə izah etməyə çalışmışlar. Elə indinin özündə də Günəş türk xalqlarında və Azərbaycan xalqında işıq və istilik mənbəyi kimi həyat verən müqəddəs varlıq hesab olunur. Hətta bəzən xalq arasında kimi isə nəyəsə inandırmaq üçün «o gün haqqı», «o işıq haqqı» və s. ifadələri işlənir.
Ay isə xalq arasında zəriflik, incəlik, təmizlik və zül­mət gecəni aydınladan bir varlıq-obraz kimi səciyyələndirir. «Aydan arı, sudan duru» ifadəsi də Ayın türk-Azərbaycan xalqında müqəddəsləşdirildiyini bir daha əsaslandırır. Günə­şin və Ayın türk xalqlarında kultlaşdırıldığını, müqəddəsləş­di­rildiyini göstərən digər bir xüsusiyyət isə bu varlıqların şifahi xalq yaradıcılığı ilə yanaşı, həm də yazılı ədəbiyya­tı­mızda bu obrazların geniş işləklik dairəsinə malik olmasıdır. Klassik Azərbaycan ədəbiyyatmı Günəş və Ayın semantikası əsasında yaradılan epitet, metafora və digər məcazlarsız təsəvvür etmək olmaz.
Hal-hazırda ən böyük türk xalqlarından olan atarlar Günəşə sitayiş edirlər. Qədim mənbələrin verdiyi məlumata görə albanlar da Günəşə sitayiş edirdilər. Ancaq Günəş onlarda Ay qədər önəm kəsb etmişdi. Hunlar isə elə hesab edirdilər ki, onların hökmdarlarmı Günəş və Ay taxta çıxarmışdır (65, 210).
Bəzi xalqlar Günəşə abidə qoyur, bəziləri məbəd tikir­dilər. Türklər isə Günəşi bayraqlarında təsvir edir və özlərini Günçü, Günlü, Günəşli və Gündeşli adlandırırdılar (25, 63).
Bütün bunları deməyə əsas verir ki, həm şifahi xalq yaradıcılığımızda, həm də yazılı ədəbiyyatımızdakı Günəş və Ay obrazları təsadüfi olmayıb, məhz mifoloji köklərə malikdir.
Azərbaycan ərazisində qeydə alınan toponimlərin böyük bir hissəsini tipoloji cəhətdən nəzərdən keçirərkən məlum olur ki, mifoloji toponimlərin böyük bir layını məhz kosmoqonik miflərlə - Günəş və Ayla əlaqədar olan topo­nimlər təşkil edir.
Günəş mifoloji obrazı ilə əlaqədar mifotoponimlər bu­ra­da həm say etibarı ilə, həm də işlənmə areallarının geniş­liyi ilə diqqəti cəlb edir.
Günəşli – Dəvəçi, Xaçmaz, Beyləqan, Xocavənd, Şəm­kir, Bakı, Qərbi Azərbaycanın Basar-Keçər və Noyem­ber­yan rayonlarında kənd və qəsəbə adı (11, 330-331). İstər Qərbi Azərbaycanda, istərsə də regionlarımızdakı digər Günəşli adı ilə adlanan yer-yurd adlarmı xarakterizə edərkən heç şübhəsiz mifologiya yada düşür ki, bu da xalqımızın Günəşi özləri üçün rəmzləşdirməsi və müqəddəsləşdirməsi ilə əlaqələnir.
Günlü – 1590-cı ildə İrəvan əyalətinin Zar nahiyəsində kənd adı kimi qeyd olunur (14, 192). Hal-hazırda isə həmin kəndin xarabalıqları qalmışdır (60, 74). Heç şübhəsiz, bu toponim də Günəşli tayfasının adı ilə bağlıdır. Azərbaycan dilində Günəşin Gün variantı - sinonimi də olduğundan belə adlandırılmışdır.
Günnüt – Şərur rayonunda (Nax. M.R.) kənd. Şərur düzündədir. Keçmiş adı Günnüt Cəfərli. Yaşayış məntəq­ə­sini Cəfərli nəsli Günnüt adlı yerdə saldığı üçün belə adlanmışdır. Günnüt sözünü ehtimal şəklində «güney, gün düşən yer» kimi mənalandırırlar (11, 331). Naxçıvan MR-ın Şərur rayonunda yerləşən Günnüt kəndinin yeri heç də deyildiyi kimi güney deyil. Yəni, bu adın coğrafi cəhətdən Günnüt adlandırılması inandırıcı görünmür. Bizim fikri­miz­cə Günnüt adı da mənşə etibarı ilə Azərbaycanlıların kosmo­qonik-mifik dünyagörüşü ilə bağlıdır.
Ərgünəş – Xocavənd və Füzuli rayonları ərazisində dağ. Oronimin tərkibindəki «ər» komponentini müxtəlif şə­kildə yozanlar var. Bəzilərinə görə, bu komponent türk dillərində «gədik» mənasında işlənən ar sözü ilə bağlıdır (11, 213). Bu mülahizə həqiqətə uyğun görünmür. Çünki, türk dillərinin heç birində ar//ər tipli dəyişməyə rast gəl­mi­rik. Düşünürük ki, Ərgünəş toponimi mifik təfəkkürümüzlə əlaqədardır və burada «ər» igid, cəsur mənasındadır. Qədim türklər – azərbaycanlılar Günəşi obrazlaşdıranda mifik təfəkkürə uyğun olaraq ona ər kimi müraciət etmişlər. Ər­gü­nəş sözündə həm də Günəşə bir ehtiram, hörmət də ifadə olunmuşdur. Xocavənd və Füzuli rayonlarında yerləşən Ərgünəş dağı «əzəmət», «ucalıq» rəmzi kimi yerli camaat tərəfindən mənalandırılır.
Dədəgünəş – Şamaxı rayonunda kənd adı və pir adı. Rəvayətə görə kəndin adı pirin adından götürülmüşdür. Dədəgünəş türbəsi 1602-1603 illərdə tikilmişdir. Türbənin kitabəsinə görə orada Dədə-günəş (Əfzələddin Xaqaninin əmisinin ləqəbi) nəslindən Şeyx Dədə Qulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş quduzluğa tutulmuş xəstələri müalicə etdiyinə görə vəfa­tından sonra türbəsi müqəddəsləşdirilmişdir (11, 189-190).
Dədəgünəş adı rəvayətdən də göründüyü kimi, Şeyx Məhəmmədə yaxşı əməllərinə görə sonradan verilmişdir. Burada «dədə» sözü azərbaycanlılarda lap qədimdən olduğu kimi müdrikliyə, ağsaqqallığa, böyüklüyə görə verilibsə, Günəş isə mifologiyamızdan gələn bir məsələdir ki, bu da hardasa şəfa vericiliyi, həyat vericiliyi ifadə edir. Deməli, Dədəgünəş toponimi mifoloji mahiyyət daşıyır. Türk xalq­larının müdriklik simvolu olan Qorqud babaya da «dədə» şəklində sonradan müraciət olunmuşdur.
Günəvşa Siyəzən rayonunda kənd. Dağlıq ərazidədir. Kəndin adı Günəşə şəklində tələffüz olunur. «Azərbaycan toponimləri» (ensiklopedik lüğət) kitabında Günəvşa topo­nim­indən danışarkən qeyd olunur ki, toponim tat dilindəki «kun» (dib, alt) və «üşə» (meşə) sözlərindən ibarət olub, meşənin ətəyi, dibi «mənasındadır» (11, 330).
Həmin toponimin yuxarıda göstərilən kimi izahı doğru sayıla bilməz. Çünki Günəvşa kəndində əsasən türklər – azərbaycanlılar yaşayır və bir də bu sözün kunüşə hissələrinə parçalanması məntiqi görünmür. Ona görə ki, Günəvşa sözü künüşə hissələrinə parçalandıqda «v» və «ə» səslərinin taleyi naməlum qalır. Göstərilən kimi, sözlərin birləşib yeni söz yaratması da Azərbaycan dilinin səs qanunauyğunluqlarına müvafiq deyil. Ehtimal ki, Gü­nəvşa toponimi yerli əhalinin də tələffüz etdiyi kimi Günəşə sözü ilə əlaqədardır. Bır də ki, Günəvşa adının tat dili materialları ilə izahı kəndin coğrafi quruluşu ilə də ziddiyyət təşkil edir.
Gündə – İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (60, 34). XIX əsrin sonlarından bu kəndin adı mənbə­lərdə çəkilmir. B.Budaqov, Q.Qeybullayev, İ.Bayramov, A.Bayramov, H.Mirzəyev və başqa tədqiqatçılar Gündə adını çəkməklə kifayətlənirlər, bu kəndin adının mənşəyi və digər xüsusiyyətləri haqqında isə heç bir məlumat vermirlər (21, 210; 19, 301; 17, 99; 85, 43). Düzdür, Gündə kəndi XX əsrin əvvəllərində ermənilər tərəfindən dağıdılıb, ancaq fakt­lar göstərir ki, həmin kənd qədim yaşayış məskəni olmuşdur və əhalisi ancaq azərbaycanlılardan ibarət olmuşdur. Gündə toponimi mənşəcə qədim türklərin kosmoqonik inamları – Günəşlə əlaqədardır.
Gündoğmuş – 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (60, 47). Bu kəndin adı İrəvan şəhərinin icmal dəftərində çəkilir və sonrakı mənbələrdə isə onun xarabalıqlarının qaldığı qeyd olunur. Gündoğmuş deri­vatlı toponimə respublikamızın digər ərazilərində rast gəlin­mir. Gündoğmuş toponiminin gün və doğmuş sözlə­rin­dən əmələ gəlməsi göz qabağındadır və qədim azərbaycan­lıların mifik təfəkkürü ilə əlaqədar olaraq meydana gəldiyi güman olunur.
Günəş – Tiflis quberniyasının Soru-Borçalı qəzasında, indiki Borana (Noemberyan) rayonu ərazisində qışlaq, Lənbəli kəndinin yaxınlığında, rayonun Lənbəli kəndi ilə Körpülü kəndinin ortasında yerləşir. 1930-cu ildə kənd ləğv olunmuşdur (21, 327).
S.Ataniyazov Günəş sözü ilə əlaqədar olan toponimləri etnonim mənşəli hesab edir və həmin adları Günəş tayfası ilə bağlayır (108. 61). Biz də S.Ataniyazovun fikri ilə razılaşırıq, ancaq bir məsələ var ki, Günəş etnonimi qədim dövr mifoloji toponimlərindən biri kimi öncə mifoloji obraz olan tanrı adı – etnonim-toponim istiqamətində inkişaf prosesi keçmişdir.
Gun-Kobi – İrəvan quberniyasının Aleksandropol qə­za­sında kənd adı. Mənbələrin məlumatına görə bu kənd XX əsrin əvvəllərinə qədər mövcud olmuşdur (21, 327). Azərbaycan toponimlərindən bəhs edən tədqiqat əsərlərində Gun-Kobi toponimi haqqında heç bir məlumat verilmir. Yalnız həmin kəndin adı «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti»ndə qeyd olunur. Araşdırmalardan belə qənaətə gəlmək olar ki, Gün-Kobi toponimi azərbay­can­lıların kosmoqonik-astral miflərilə əlaqədardır. Burada Gün Günəşi bildirir, Kobi isə bizə görə, Karpiqala - «möh­kəm­ləndirilmiş yer» mənalarını ifadə edir ki, bu da «Günə­şin istehkamı», «sığındığı yer» anlamlarmı ifadə edir.
İ.Bayramov Karpi toponimindən bəhs edərkən bu adın qə­dim türklərdə «şəhər», «qala» mənalarını bildirdiyini ya­zır və həmin adın relyef əsasında yarandığını qeyd edir (19, 376).
Günəbaxan – Gədəbəy rayonu ərazisində dağ. Şahdağ silsiləsindədir. Oronim günəbaxan bitkisinin adı ilə bağlı  deyil­dir. Bir fikrə görə dağın üzü günəşə baxdığı üçün belə adlan­dırılmışdır (11, 330).
Başqa bir mənbəyə görə isə, toponim körpə quzuları sax­lamaq üçün qazılan xüsusi yer - günəbaxan sözü ilə bağ­lı­dır (115, 72).
Yuxarıda göstərilən fikirlərin heç biri Günəbaxan topo­ni­minin mahiyyətini açmaq yönündə o qədər də inandırıcı görünmür. Bu oronimi mənşəcə günəşə inamla əlaqələn­dirmək məqsədə müvafiq olardı. Belə ki, qədim türklərdə – azərbaycanlılarda Günəş də kultlaşdırılmış bir varlıqdır, dağ da. Günəbaxan oroniminin etimologiyası «daima günəşin həsrətin çəkən», «onun yolunu gözləyən» kimi izah oluna bilər.
Araşdırmalar göstərir ki, Azərbaycanda qeydə alınan və vaxtı ilə qeydə alınmış toponimlərin müəyyən bir qrupunu Günəşə inamla bağlı adlar təşkil edir. Həmin adlar müasir səviyyədə ayrı-ayrı tədqiqatçılar tərəfindən etnotoponim və başqa şəkildə izah olunsalar da, onların qədim türklərin kos­mo­qonik-mifoloji görüşləri ilə bağlılığı nəzərdən qaçırılma­ma­lıdır.  Sadəcə həmin toponimlərdə mifologiya ilə bağlılıq o qədər qədimə gedib çıxır ki, onu tutarlı faktlarla əsaslan­dır­maq müəyyən çətinliklər törədir. Günəşə olan inam, hör­mət­lə bağlı mifoloji toponimlərin bəziləri Günəşlə birbaşa bağlıdırsa, (Günəş, Günəşə, Günəşli və s.) digər bir qrupu isə Günəş məfhumu ilə dolayısı ilə əlaqələnmişdir. Günəvşa, Ərgünəş, Dədəgünəş, Gün Kobi və s.





AY MİFOLOJİ OBRAZI İLƏ ƏLAQƏDAR
TOPONİMLƏR

Azərbaycanda qeydə alınan kosmoqonik miflərlə bağlı toponimlərin böyük bir laymı Ayla əlaqədar mifik topo­nim­lər təşkil edir. Ay kosmoqonik miflərdə Günəşlə bağlı əsas mifik obrazlardan biridir. O, bəzən qəhrəman, bəzən Günə­şin sevgilisi, bəzən də qədim türklərin dualistik miflərinin əsas qəhrəmanlarındandır. Ay qədim türklərdə-azərbaycan­lı­lar­da təmizlik, xəfiflik, ismətlilik obrazı kimi artıq forma­laş­mışdır ki, bu da mifologiyadan gələn bir məsələdir. Burada bizim üçün məsələnin fəlsəfi və ədəbi tərəfindən daha çox Ay mifoloji obrazının onomastik vahidlərdə, xüsusən də toponimlərdə necə əks olunması maraq doğurur.
AygünlüDəvəçi rayonunda kənd. Baş Qafqaz silsi­­sinin ətəyindədir. XIX əsrdə Aygünlü Kəngərli adlanırdı. Həmin əsrin ortalarında Aygünlü, Burbur (Borbor), Kən­gərli, Molla Kamallı, Obey Məhəmməd, Hacı Bəbir və Ağamirzə obası adlı kiçik məntəqələr birləşərək üç böyük kənd icması əmələ gətirmişdir. Aygünlü Kəngərli, Burbur, Molla Kamallı və Burbur, Aygünlü və Kəngərli kəndləri birləşdiyinə görə Aygünlü-Kəngərli adlanırdı. Sonralar topo­nimin tərkibindən Kəngərli komponenti düşmüşdür. Bəzi tədqiqatçıların fikrincə, kəndin adı Aygünlü nəslinin adı ilə bağlıdır (11, 30). Həmin nəsil (Aygünlü) adı isə mənşəcə azərbay­canlıların qədim mifik təfəkkürü ilə, Aya və Günə inamları ilə əlaqədardır. Aygünlü toponimində Ay və Günün – iki əks qüvvənin qoşa – birlikdə verilməsi qədim türklərin dual təfəkkürü ilə bağlıdır ki, bu da özlüyündə əksliklərin vəh­dətinə və mübarizəsinə əsaslanır. Aygünlü toponimi qu­ru­luşca mürəkkəbdir, Ay və Gün sözlərindən və -lü şəkilçi­sindən ibarətdir.
Ayrım – Azərbaycanın kiçik Qafqaz ərazisi və Qərbi Azərbaycanın, eyni zamanda Türkiyənin bir hissəsinin adı. Kəlbəcər rayonunda Tərtər çayının bir qolu və Noyemberyan (İndiki Ermənistanın) rayonunda kənd adı (60, 27).
Kiçik Qafqaz və Qazax bölgəsində məskunlaşmış ay­rım­lar Quşçu Ayrım, Aşağı Ayrım, Bağanis Ayrım, Dadanis Ayrım, Polad Ayrım və s. kəndlərdə yaşayırlar.
Ayrımın etnonim olması heç kəsdə şübhə doğurmur. Ancaq bu ad haqqında tədqiqatçılar arasında çoxlu fikir müxtəlifliyi vardır.
A.Bakıxanova görə, Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qara­bağ­da və Gəncədə yerləşdirmişdi. Ehtimal ki, bu ellər sonra Ay rum (El-Rum adının təhrifi) adlanmışdır (109, 32). İ.Şopenə görə, Türkiyədə İkonim sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyyəyə keçərək Ayrumlu (631 ailə), Seyid Axsalı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) adları ilə yaşamışlar (122, 241).
Ermənistanın Tumanyan rayonunda da Ayrım adında bir kənd olmuşdur (60, 21).
M.Seyidov Ayrım adının etimologiyasından bəhs edər­kən yazır: «bizcə, Ayrım etnonimi, soy, qəbilə birləşməsi adı «ay» və «rım» tərkiblərindən yaranmışdır. Ay hissəsi qədim türklərdə ilk başlanğıc, tanrı, ulu-baba mənaların­da­dır, rım isə müasir kazan, kaybal, icbed, qırğız, teluet, şor, saqay və başqa dillərdə qabaqcadan xəbər verən, peyğəm­bərlik, qabaqcadan pis, yaxşı xəbər vermək anlamlarını verir (90, 79).
A.Qurbanov M.Seyidovun Ayrım etnonimi haqqında söylədiyi fikri qəbul etməyərək yazır: «fikrimizcə, «Ayrım» etnonimini «ayrılmaq» feli ilə bağlamaq daha ağıla batandır. Çünki, Ayrım adı ilə tanınan tayfalar hazırda, əsasən ucqar dağ rayonlarında yaşayırlar. Ehtimal ki, onlar vaxtilə aranda yaşayan tayfa, qəbilə birləşməsindən ayrılıb o yerlərdə məskən salmışlar (72, 204).
Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim oğuz tayfalarından biri olan ayrımların etnik tarixi tarixşünaslıqda mübahisəli məsələlərdən sayılır. İndiyədək bu istiqamətdə sanballı araşdırmalar aparılmamışdır. Bu barədə Əsgər Quliyevin «Ayrımlar haqqında» məqaləsi daha maraqlıdır. O, bu haqda olan fikirləri tənqidi şəkildə nəzər­dən keçirir və qeyd edir ki, ayrımların sistemli öyrənilməsi yolunda Azərbaycanı Öyrənən Cəmiyyət (1923-1929) böyük işlər görmüşdür. 1927-ci ildə Cəmiyyətin tapşırığı ilə Q.Qaraqaşlı ayrımların etnoqrafiyasını ətraflı öyrənmiş, bu haqda həm Bakıda, həm də Leninqradda məruzə etmiş, sonralar həmin araşdırma ayrıca çap olunmuşdur. Qaraqaş­lının fikrincə, «ayrımlar bütün əlamətlərinə görə türk mən­şəlidir. ... onların dili türkcədir» (К.Карашлы. Об айрымах – Известия ООИА. Баку, 1929, №8, стр.2, s.29-30). Əsgər Quliyevin maraqlı bir fikrini qeyd etmək istərdik. O, yazır: «Ayrımların mənşəyini öyrənmək üçün ən dəyərli tutarğalar içərimizdə onların mifologiyası, folkloru, etnoqrafik ənənə­ləri, maddi mədəniyyət örnəkləri, antropoloji, arxeoloji, onomastik, linqvistik faktları qeyd etmək olar. Bəri başdan deyək ki, ayrımların nə mifologiyası, nə də folkloru indi­yədək toplanıb araşdırılmamışdır» (66, 201-210).
Ayrım adını «aya sitayiş etmək», «ayı ram etmək» mə­na­larında da izah edənlər vardır. Ancaq biz bütün mülahi­zələri nəzərə alaraq belə hesab edirik ki, Ayrım adı haqqında M.Seyidovun fikri daha ağlabatandır. Yəni, Ayrım etnoni­minin mənşəyi - kökü qədim türklərin mifoloji dünyagörüşü, kosmoqonik təsəvvürləri ilə əlaqədardır. Ayın astral-kosmoqonik mahiyyəti ilə bağlıdır.
Aydınlı – Eçmiədzin rayonunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Senuqs adlan­dırılmışdır. Orta əsrlərdə Akadduda yaşamış Yeryük tayfa birləşməsinin Aydınlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır (21, 115). Bildiyimiz kimi Aydın Ay işığı nəticəsində gecənin işıqlanmasını bildirir. Həmin məfhum şəxs adına keçmiş, sonra isə etnonim və toponim istiqaməti üzrə inkişaf etmişdir. Deməli, Aydınlı adının etimologiyası ən qədim zamanlarda mifonimə gedib çıxır. Aydınlı adında toponim hal-hazırda Türkiyə Cümhuriyyətinin müxtəlif regionlarında mövcuddur. A.Bayramov bu adın Bolqarıstan, Krım və s. areallarını da müəyyənləşdirmişdir.
Aydoğmuş – 1728-ci ildə İrəvan əyalətinin Şirakel (Şörəyel) nahiyəsində kənd adı (60, 135). Hal-hazırda isə həmin kənd ermənilər tərəfindən dağıdılmışdır. Aydoğmuş toponimi mürəkkəb söz olub «Ay» və «doğmuş» kompo­nentlərindən ibarətdir. Bu toponimin də Aya inamla bağlı olması heç kimdə şübhə doğurmur. Burada Ayın doğmağı kosmoqoniya ilə bir başa bağlı olan məsələdir.
Qaşqa – Qərbi Azərbaycanın Vedi rayonu ərazisində kənd adı 1948-ci ildə Qaşqa adı ermənilər tərəfindən dəyişdirilərək Vardaşat qoyulmuşdur (21, 198; 42, 115).
XIX əsrə aid rus mənbələrində kəndin adı Kaşka kimi qeyd olunur (122, 642).
F.Əliyev Qaşqa toponimini qaşqayların adı ilə əlaqə­ləndirir və səs düşümü nəticəsində həmin toponimin Qaşqay - Qaşqa formasına düşdüyünü yazır (42, 115).
Demək olar ki, bütün mənbələr Qaşqa toponiminin qaşqaylarla əlaqədar olduğunu təsdiq edir. Ancaq Qaşqay adı haqqında bir neçə əsər yazılsa da, yalnız onlardan M.Seyidovun mülahizələri daha ağıla batandır. Çünki digər müəlliflər Qaşqay admı Qaşqa və «y» hissələrinə bölüb, izah etdikləri halda, o, həmin toponimin «Qaşqa» və «ay» hissə­lərindən əmələ gəldiyini göstərir və eyni zamanda qaşqanın, «yandırmaq», «alovlandırmaq», «işıq vermək» mənalarında olduğunu qeyd edir (27, 81-83; 19, 74).
Deməli, Qaşqa toponimi Qaşqay etnoniminin fonetik variantıdır və bu toponim də qədim türk mifoloji dün­ya­görüşü ilə dolayı yolla əlaqədardır. Göründüyü kimi, Qaşqa toponimi teonim-etnonim-toponim istiqamətində inkişaf xətti keçmişdir.

GÖY MİFOLOJİ OBRAZI İLƏ ƏLAQƏDAR
MİFOLOJİ TOPONİMLƏR

İslamaqədərki ulu əcdadlarımızın əsas inancı Göy Tanrıya ünvanlanmışdır. Bu baxımdan Göy Tanrı inancı ətrafında təşəkkül tapmış monoteist dini, yalnız Göy Tanrı dini kimi səciyyələndirmək mümkündür. Göy üzünün sonsuzluğu, dərinliyi Göy tanrıda cəmlənmiş, onda ehtiva olunmuşdur. Qədim türklər Göy Tanrının şəklini çəkməmiş, heykəlini düzəltməmişlər, Ulu Tanrının - Göy Tanrının uca­lığını dərk edərək, ona səcdə etmişlər. Bu da Göy mifo­loji obrazının astral-kosmoqonik xarakterinin müəyyənləşməsini şərtləndirir.
Q.Məşədiyev yazır: «Gəncədə bir sıra hidrotoponimlər vardır ki, artıq bunların bir çoxu son dövrdə məhv olub getmiş, onların adları xalqın hafizəsində saxlanılmışdır (82, 94-95). Xalqın uzaq keçmişindən xəbər verən bu adlardan biri («Bu şərəfli cənnət bağçası»), «Göy imam» adı ilə tanınan məqbərədir.
«Göy imam» məqbərəsinin tikilməsi Hicri ilə 120-ci miladi ilə 737-638-ci illərə təsadüf edir. Məqbərədə ərəb dilində yazılmış bir kitabə mühafizə olunur. Həmin kitabə onun tikilmə tarixi və ciddiyyəti haqqında yazı vardır. Ərəb dilində bu yazının məzmunu aşağıdakılardan ibarətdir: «Bu şərəfli cənnət bağçası 120 il babasının - ona salam olsun - hicrətindən sonra vəfat etmiş İmam Məhəmməd Bağır oğlu - ona salam olsun. Mövlana İbrahimin türbəsidir. Türbənin dağılan yerləri 1878-ci ildə general İsrafil bəy Yadigarzadə tərəfindən təmir olunmuşdur».
Müxtəlif mənbələrdə bu məqbərənin İbrahimə yox, monqolların əlində həlak olmuş Xosrov adlı başqa bir şəxsə aid olduğu barədə natamam və yanlış məlumatlar da veril­miş­dir.
Göylər – Şamaxı rayonunun Göylər inzibati ərazi va­hid­liyində iki kənd. Kəndlərdən biri dağətəyi ərazidə yerləşdiyi üçün Göylərdağ, digəri isə Şirvan düzündə yerləşdiyi üçün Göylərçöl adlanır. Hər iki kəndin adı Səlcuq oğuzlarının «göglər» qolunun admı əks etdirir. (11, 325). Gəylərdağ – dağlıq ərazidə yaşayan insanların yaşayış yeri, Göylərçöl isə düzənlikdə, çöldə yaşayan göylər tayfasından olanların yaşadığı yer. Bildiyimiz kimi ta qədimlərdən türklər Göyə – Səmaya müqəddəs varlıq kimi baxmışlar, onu hətta tarının özü kimi qiymətləndirmişlər. Heç də təsadüfi deyil ki, türklər qədimdə ilk öncə Göytürklər adlanmışlar. Dünya türklərinin rəmzinə çevrilən «göy» rəngi də məhz həmin türklərin müqəddəs hesab etdikləri Göy qübbəsinin rəngi ilə adlandırılmışdır.
«Oğuznamə»lərin uyğur versiyasının birində deyilir: «Yenə günlərdən bir gün Oğuz xaqan bir yerdə Göy tan­rı­sına tapındı. Qaranlıq düşdü. Göydən bir göy şüa düşdü. Günəşdən işıqlı, aydan parlaq idi. Oğuz xaqan yüyürdü, gör­dü bu şüanın arasında bir qız var, tək oturubdur» (88, 46).
Göründüyü kimi, yuxarıdakı sitatda Göy tanrı və göy­dən enən qız göy şüa şəklində ifadə olunmuşdur ki, bu da Göyün qədim türklərdə müqəddəs hesab olunması ilə əlaqədardır. Heç də təsadüfi deyildir ki, Oğuzun 6 oğlundan birinin adı da Göy xan idi.
Orxon-Yenisey abidələrində də Göy tanrı kimi, müqəd­dəs hesab olunur. Məsələn, «Yuxarıda Göy tanrı aşağıda qo­nur torpaq yarandıqda, ikisi arasında insan oğlu yaranmış (96, 139).
Deməli, Göyü müqəddəs hesab edən qədim türklər onun adını öz övladlarına vermişlər və buradan da etnonim və toponimlər yaranmışdır.
Göründüyü kimi, Göylər toponiminin adı qədim azər­baycanlıların mifoloji dünyagörüşü ilə əlaqələnir. Yəni bura­da Göy elementi tanrıçılığa gedib çıxır ki, bu da mifologiya ilə sıx bağlıdır.
Göyərcik – Qubadlı rayonunda kənd. Bərgüşad silsilə­si­nin yamacındadır. Bəziləri toponimin göylük, yaşıllıq, otluq mənası ilə bağlı olduğunu izah edirlər. Digərləri isə onu kürd dilindəki kuvər (arxac) sözü ilə əlaqələndirib (-cik Azərbaycan dilində kiçilmə şəkilçisidir) «kiçik arxac» kimi yozurlar. Toponimi türk dilli kürəcik etnonimi ilə əlaqələn­di­rənlər də var (11, 324). Fikrimizcə, yuxarıda göstərilən mülahizələrin heç biri ağlabatan deyil. Ehtimal ki, Göyərcik toponimi «Göy», «ər» və «-cik» komponentlərindən ibarət­dir və «Göylər tayfasının məskunlaşdığı yer» mənasındadır. Bu da öz növbəsində qədim türklərin kosmoqonik inamları ilə bağlıdır.
Göydəlləkli – Ağsu rayonunda kənd. Şirvan düzün­­dir. Kəndin adı göy («yaşıllıq» mənasındadır) sözündən və dəlləkli (ərəb şamlı tayfasının tirələrindən birinin adı) etnonimindən ibarətdir.
Mülahizəyə görə keçmişdə eyni adlı Dəlləkli kəndindən fərqlənmək üçün həmin toponimə göy komponentini əlavə etmişlər (80, 117).                  
Ancaq faktlar heç də yuxarıdakı mülahizənin doğru­lu­ğunu tədqiq etmir. Çünki Göydəlləkli kəndinin salındığı yer yaşıllıq deyil. Ola bilsin ki. Göydəlləkli kəndi Göglər və Dəlləkli tayfa adlarının birləşməsindən əmələ gəlmişdir ki, bu da azərbaycanlıların «göy»ü müqəddəs hesab etmələri ilə əlaqədardır.
Göynük – Şəki rayonunda iki kəndin adı. Aşağı Göy­nük və Yuxarı Göynük. Şəki rayonunun ən məşhur və böyük kəndlərindən olan Aşağı və Yuxarı Göynük kəndlərinin eti­mo­logiyası demək olar ki, araşdırılmamışdır. Mənbələrə (112, 46) əsaslanaraq demək olar ki, Göynük toponimi «göy» və «-lük» komponentlərindən ibarətdir və quruluşca düzəlt­mə­dir. Həmin toponimdə «göy» məfhumu yerin - ərazinin ya­şıl­lığını deyil, təmizliyini, saflığını ifadə edir ki, bu da «göy» sözünün mifoloji anlamından doğan məsələdir. -lük şə­kilçisi isə adlardan ad düzəldən leksik şəkilçidir ki, Göy­nük toponimində «ı» saiti «n» samiti ilə əvəz olun­muş­dur.
Ümumiyyətlə, göy sözü Azərbaycan dilində bir neçə müxtəlif məna çalarlığı bildirir. Göy sözündən söhbət açan T.Əhmədov, Q.Qeybullayev, N.Əsgərov və başqa tədqiqat­çı­lar bu morfemin əsasən iki mənasını – səma, göy qübbəsinin rəngi kimi mavi və çəmənlik, otluq yerləri ifadə etməsini qeyd etmişlər. Yuxarıda adları çəkilən müəlliflərin əksəriy­yəti «göy» morfeminin birinci olaraq səma ilə bağlılığını əsaslandırmışlar (114, 61; 34, 46; 115, 71; 48, 273).
N.Əsgərov isə «Göy komponentli Azərbaycan hidro­nim­ləri» məqaləsində Göy göl, Göy nohur, Göy çay, Göy­təpə çayı, Göy bulaq, Göy göl çay və s. toponimlərin mənşəyini-etimologiyasını araşdırmış və belə bir qənaətə gəlmişdir ki, «göy sözü su obyektlərinin adlarında göl, çay, bulağın və s. duruluğunu, təmizliyini, şəffaflığını bildirməyə xidmət edir» (48, 272-274).
Yuxarıdakı fikri əsas götürərək demək olar ki, Göyçay, Göy nohur, Göytəpə çay, Göy göl çay, Göy bulaq topo­nim­ləri qədim Azərbaycan türklərinin mifik təfəkkürü ilə səsləşir.
Göy su – İrəvan quberniyasının Yeni Bəyazid qəzasın­da, indiki Basarkeçər (Vardenis) rayonunda kənd (60, 113).
İ.Bayramov Göy su toponimini izah edərkən yazır ki, «toponim rəng bildirən göy sözü ilə qədim türk dilində «çay» mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponim­dir» (19, 431).
Bizə görə Göy su toponimi «göy çay» mənasını deyil, «təmiz, şəffaf su» mənasını ifadə edir. Qərbi Azərbaycanda yerləşən Göyçə, Göy çay və digər topo­nimlər də göy rəngi ilə yox, təmizlik duruluq mənaları ifadə edən «göy» sözü ilə əlaqədardır. Bu da həmin to­po­nimlərin mifoloji köklərlə bağlılığını sübut edir.
Göydağ – Ağbabada, Türkiyə sərhədlərində olan bu dağ bəzi mənbələrdə Kökçədağ kimi xatırlanır və «Kitabi-Dədə Qorqud» dastanındakı Kökcə dağla lakolizə edilir.
İ.Bayramov  «Göy dağ» oronimindəki göy komponen­ti­nin  rəng bildirməsini qeyd edərək, həmin toponimi təsviri  oronim hesab edir (19, 427-428). Digər ədəbiyyatlarda da Göy komponentli Qərbi Azərbaycan  toponimlərində göy sözü rəng bildirən element kimi izah olunur (19, 429).
Zənnimizcə, qədim Quqar Kögər ölkəsinin sərhəd­lə­rində olan, daha doğrusu, ərazisində olan bu dağ adı etnonim mənşəlidir. Çünki əgər biz həmin oronimi təsviri oronim saysaq, yəni göy rəngi ilə əlaqələndirsək, o halda Ağba­badakı bütün dağları gərək «Göy dağ» adlandıraq. Ağbabada bütün dağlar göy rəngdədir. Alp çəmənliyi ilə örtülüdür (17, 94).
Fikrimizi ümumiləşdirərək deyə bilərik ki, Göy dağ oronimi etimoloji cəhətdən qədim türklərin «göy»ə inamı ilə əlaqədardır. Ən qədim zamanlarda azərbaycanlılar bu mifik adı öz övladlarına vermişlər, daha sonra isə şəxs adından etnonim, etnonimdən isə toponim əmələ gəlmişdir.
Göyulus – İrəvan xanlığının Sürməli mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır (122, 321).
«Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» kitabında belə bir məlumat verilir ki, Göyulus kəndinin adı Anadoluda yaşayan Boz Ulus elinin admı əks etdirir (21, 321).
Azərbaycan toponimlərinin inkişaf sistemlərini nəzərə alaraq, söyləmək olar ki, Göyulus kəndinin adı haqqında yuxarıda verilən məlumat həqiqətə o qədər də uyğun gəlmir. Ona görə ki, Azərbaycan toponimlərinin təsviri adlandırıl­ma­sında. Bozun göyə keçməsinə təsadüf olunur.
Həmin oykonimin etimoloji cəhətdən ən doğru izahı bu adın «Göy» etnonimi ilə əlaqələndirilməsidir ki, bu da gök qəbiləsindən olan insanların yaşadıqları yer mənasına gəlir. Bu etnosun adının isə mifoloji dünyagörüşlə bağlılığı heç kimdə şübhə doğurmur.
Göykənd – İrəvan əyalətinin Abaran nahiyəsində məz­lə adı olan bu söz də həmin «gög» etnonimi ilə əlaqədardır. Bu toponimi başqa bir variantda izah etmək mümkün deyil. Mürəkkəb toponimdir. «Göy tayfasından olanların yaşadığı yer» deməkdir.
Göyronus, Göynərli toponimlərinin də əsasında göy komponenti durur.
Quqar – Ermənistanda Pəmbək bölgəsində tarixi mahal adı. Erməni mənbələrində Quqark kimi adı V əsrdən çəkilir. Bir mülahizəyə görə Quqark indiki Borçalı və Axalsix ra­yon­larının ərazisini əhatə edirdi. K.V.Treverə görə I əsr müəllifi Strabonun qeyd etdiyi Qoqarena Albaniya-İberiya sərhədində yerləşirdi (123, 73).
Q.Qeybullayev quqarları türk mənşəli etnos adlandırsa da, onların sonradan Qafqaza sakların tərkibində gəlmələrini söyləyir (115, 113). İ.Şopen «Quqar» adını əsassız olaraq gürcü mənşəli hesab etmiş və onu «Kartli dağı» kimi məna­landırmışdır (122, 647).
H.Mirzəyev isə «Quqar» sözünün digər türk dillərində də işlənən variantlarını tutuşduraraq belə qənaətə gəlir ki, həmin söz başqa türk xalqlarında kökər, qoqar, kükər və s. formalarda işlənsə də, sözün kökündəki «kök» ümumtürk sözüdür (85, 178).
H.Mirzəyev, İ.Bayramov, V.Əliyev və digər tədqiqat­çılar Quqar toponiminin türk mənşəli olmasını artıq əsas­landırmışlar (85, 56; 19, 242; 43, 96).
Ancaq həmin tədqiqatçılardan A.Bayramovun mülahi­zələri daha dəqiq və əhatəlidir. O, həmin toponim haqqında erməni, gürcü, rus və Azərbaycan mənbələrini dəqiqliklə araşdırmış və belə nəticəyə gəlmişdir ki, «coğrafi ad quqar tayfa adından törəmişdir. Quq-ar, tat-ar, kanq-ar, av-ar və s. türk mənşəli tayfa adları göründüyü kimi, bir model (qəlib) əsasında formalaşaraq bir sistem əmələ gətirmişdir. Deməli, qoq qədim türklərdə, eləcə də müasir türk dillərinin bir çoxunda gög göy anlayışını bildirən söz, həm də tayfa adı olmuşdur. Etnonimin sonunda işlənən -ar, -ər şəkilçiləşmiş söz kimi tayfa adlarında əks olunur, «k» isə cəmlik, topluluq bildirir» (17, 38-39, 166).
Müəllifin Quqar toponimi haqqındakı fikirləri tamamilə həqiqətə uyğundur və həmin mülahizədən aydın olur ki, ta qədimlərdə quqar etnonimi şəxs adı ilə və şəxs adı da öz növbəsində mifoloji obraz-tanrın adı – «göy» tanrısı ilə bağ­lı olmuşdur.
Quqar çay – hidronimi də həmin ərazinin adı ilə əlaqə­dar olaraq formalaşmışdır.
Quqar toponimi o qədər qədim tarixə malikdir ki, onun etimologiyasının araşdırılması, açılması Azərbay­can­lı­ların və ümumiyyətlə türklərin etnogenezini müəyyənləş­dirməyə kömək edir. Elə bu səbəbdəndir ki, ermənilər və gürcülər Quqar sözünü daima özlərininkiləşdirməyə çalış­mış­lar.
Azərbaycan dilinin onomastik sistemini, xüsusilə də to­ponimiyasını dərindən araşdırdıqca aydın olur ki. Dilimizdə qeydə alınan toponimlərin böyük bir hissəsi etimoloji cəhətdən mifik təfəkkürümüzlə əlaqədardır. Araşdırmalar göstərir ki, kosmoqonik miflər mifoloji kateqoriyalar içəri­sində nə qədər mühüm yerə malikdirlərsə, həmin miflərlə əlaqədar yaranan toponimlər də digər mifoloji toponimlər içərisində bir o qədər mühüm yer tutur.
Araşdırmalar göstərir ki, kosmoqoniya ilə bağlı topo­nimlər 3 yerə ayrılırlar:
1.   Günəşlə bağlı formalaşan toponimlər: Günəşli, Ərgünəş, Günəvşa, Dədəgünəş, Gündə və s.
2.   Ayla bağlı olaraq meydana gələn mifoloji topo­nim­lər: Aygünlü, Ayrım, Aydoğmuş, Qaşqay və s.
3.   Göy mifoloji obrazı ilə əlaqədar olaraq yaranan mifoloji toponimlər: Göylər, Göydağ, Göynüyən, Gövsu, Quqar və s.
Kosmoqonik miflərlə bağlı mifotoponimlərə Azərbay­canın hər yerində və eləcə də digər türk dilli xalqların yaşadığı ərazilərdə müəyyən fonetik dəyişikliklərlə rast gəlinir. Kosmosla əlaqədar olaraq yaranan mifoloji toponim­lərin hamısını etimoloji cəhətdən nəzərdən keçirərkən bir daha aydın olur ki, Azərbaycanda qeydə alınan mifoloji toponimlərin hamısı mifoloji obraz – teonim-etnonim-to­ponim istiqamətində inkişaf yolun keçmişdir. Kosmoqoniya ilə bağlı yaranan mifoloji toponimlər həm oykonimləri, həm oronimləri, həm də hidronimləri əhatə edir. Onu da qeyd etmək lazımdır ki, hidronimlər əksərən oykonimlərə görə adlandırılmışdır.
Hal-hazırda həm ensiklopedik, həm filoloji lüğətlərdə və həm də ayrı-ayrı tədqiqat əsərlərində müasir səviyyədə, mifik təfəkkürümüzlə bağlı olan toponimləri əksərən etnoto­ponim kimi izah edirlər. Ancaq onların etimolo­gi­yasını araş­dı­rarkən məlum olur ki, əslində tarixən onlar teonim olmuş­lar.
Qeydə alınan kosmoqoniya ilə əlaqədar mifoloji topo­nim­lərin quruluşca mürəkkəbi çoxluq təşkil edir ki, bu da onların keçdiyi tarixi inkişaf prosesi ilə bağlıdır.





II FƏSİL

TOTEMLƏRLƏ ƏLAQƏDAR
MİFOLOJİ TOPONİMLƏR

T
otemizm türk xalqlarının mifoloji dün­ya­gö­rüşündə bütöv bir sistem təşkil etdiyi kimi, həmin xalqların dilində də xüsusi adların yaranmasında və formalaşmasında mühüm rolu olan faktlardandır. «Məlum olduğu kimi, qədim dövr­lərdən hər bir tayfanın özünə məxsus totemi olmuş, bir çoxları öz adını həmin adlardan almışlar».
M.Seyidov totemizmin mahiyyətindən danışarkən yazır: «Yeri gəlmişkən qeyd etmək lazımdır ki, vəhşi, yırtıcı və əhilləşdirilmiş heyvanlara, hər cür quşlara, bitkilərə, barlı, barsız ağaclara, təbiətin bəzi hadisələrinə, göy cisim­lərinə - Günəşə, Aya, oda (bununla əlaqədar olaraq işığa) əfsanəvi heyvana və quşa sitayiş edən əski dünya xalqla­rının, o sıradan türkdilli xalqların ulu babaları bəzən həmin quşlarla, heyvanlarla, ağaclarla, bitkilərlə və s. ilə yaranış­larında, soylarında qohumluq bağları olduğunu iddia etmiş­lər. Onlar özlərinin totemlərini (onqonlarını) hər şeydən qabil və güclü sayır, tapındıqlarını hər şeyin – həyatın, insanların, öz qəbilələrinin yaradıcısı kimi qəbul edirdilər. Elə buna görə də bəzən adi bir quş, başı göyləri dələn dağ, gözəl, zərif bir çiçək, dadlı meyvələrin ağırlığından budaqlarını aşağı əymiş ağac, əhilləşmiş və ya vəhşi heyvan bu geniş kainatın yaradıcısı, ulu babası saymışlar» (89, 12).
Türk xalqlarında qurd, ilan, qartal, geyik, göyərçin, inək və s. heyvanlar zaman-zaman ayrı-ayrı tayfaların totemi (onqonu) olmuş və həmin heyvanlar müqəddəsləşdirilmişdir.
Digər miflərlə əlaqədar formalaşan toponimlərdə olduğu kimi, zoomorfik (totemik) miflərlə bağlı əmələ gələn antrorotoponimlərdə də yaranma mexanizmi eynidir. Belə ki, həmin miflərlə əlaqədar formalaşan toponimlər də ilk əvvəl mifoloji obraz-totem adı, toponim, etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir.
Zoomorfik-totomik miflərələ əlaqədar formalaşan mifoloji toponimlər. Zoomorfik miflər digər mif kateqoriyaları içərisində xüsusi yerlərdən birini tutur. Bu miflər qəbilə, tayfa quruluşunun hökm sürdüyü cəmiyyətdə totemik etiqad və mərasimlər kompleksinin əsas hissəsini təşkil edir. «Həmin miflərin əsasında müəyyən adamlar qrupunun totemlərlə - heyvan və bitki növləri ilə fantastik və fövqəladə qohumluğu ilə əlaqədar baxışlar məsələsi durur» (90, 20). Öz məzmun və mahiyyətlərinə görə zo­omor­fik (totemik) miflər olduqca sadə təsir bağışlayır və buradakı hadisələr bir az da primitiv görünür. Həmin miflər­də əsas obrazlar həm insan, həm də heyvan cizgiləri ilə təqdim olunur. Ancaq nəzərə almaq lazımdır ki, «tote­miz­min özü tarixi bir mərhələdir» və türk xalqları da bu tarixi mərhələdən yan keçə bilməzdi (95, 58). Bunu türklərin hal-hazırda adət-ənənələri, etnoqrafiyası, yaşayış tərzi və s. amillər də təsdiq edir.
Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, Azər­bay­ca­nın milli koloritinə uyğun gələn, Azərbaycan xalqının ilk dini təsəvvürlərinin formalaşmasında rol oynayan yerli to­tem­lərimiz həmişə mövcud olmuşdur (41, 33; 44, 61; 4, 223).
Zoomorfik miflərin əsasını təşkil edən totemizmin mahiyyəti ondan ibarətdir ki, burada qədim insanlar bəzi heyvan, bitki və digər varlıqlara yaradıcı kimi, müqəddəs kimi yanaşırlar. Bu da bir sistem halında bütün sivilizasiyalı xalqlarda mövcud olmuşdur. Hər bir xalqın totemlər sistemi isə həmin xalqın yaşadığı coğrafi mühiti və adət-ənənəsi ilə sıx bağlıdır. Doğrudan da, elə bir istər sivilizasiyalı, istərsə də sivilizasiyasız xalq yoxdur ki, onların mifik dünyagö­rüşündə hansısa heyvan totemlər mühüm rol oynamasın. Məsələn, türklərdə qurd, geyik, maral, qartal, ayı, ilan və s. hindlilərdə inək, camış, keçi, Afrika xalqlarında inək, qədim misirlilərdə aslan, inək, ilan, romalılarda canavar və s.
Deyilənlərin hamısı bir daha sübut edir ki, qədim insanların həyatında heyvanlar mühüm rol oynamışdır.

QURD TOTEMİ İLƏ ƏLAQƏDAR FORMALAŞAN
MİFOLOJİ TOPONİMLƏR

Qurd, börü, yalquzaq – bunların hamısı eyni xarak­terli, eyni görünüşlü eyni xüsusiyyətə malik olan vəhşi heyvanlardır. Ərazi və dövrlə bağlı olaraq onları yuxarıda gördüyümüz kimi adlandırmışlar. Canavar da qurd qrupuna daxil olan vəhşidir. Lakin o yırtıcılığı, ziyankarlığı, sürü halında gəzməsi, boyunun kiçikliyi ilə qurddan tamam fərq­lənir. Qurd, boz qurd, börü, yalquzaq adı ilə tanınan bu heyvan böyüklüyünə, qüvvətliliyinə, boynu göy, qalan yer­ləri boz olduğuna, nəsil artırmasına, yaşayış tərzinə, tək gəzməsinə, bir ovla kifayətlənməsinə, ölüm qaydasına, təmizlik xüsusiyyətlərinə görə canavar tipli heyvandan tam şəkildə seçilir.
Qurd türk mifologiyasının ən mühüm totemlərindən biri, bəlkə də birincisidir. «Ərgənəkon» dastanında göstərilir ki, türklərin ulu babaları dişi qurdla oğlan uşağından törəmişdir (92, 121-124).
Törəniş dastanında isə qurd ata kimi təsvir olunur (88, 59).
Qədim türklər qurda «kök böri», yəni göy qurd demişlər və bunun da səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik idi. Əslində, türklər göyə kök tegri, yəni mavi göy deyirdilər. Göy rəng müqəddəs göyün olduğu qədər tanrının da simvolu idi. Bir şeyi göy rənginə büründürmək və ya göy sözü ilə bərabər demək, o şeyi müqəddəs saymaq və ya aralarında tanrı ilə əlaqədar bir rabitə yaratmaq istəyindən irəli gəlməli idi (87, 56).
«Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın dilindən qurdun totem olmasına bir neçə dəfə eyham vurulur: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin», «Ayvaz qurd əniyi erkəgində bir köküm var», «Qara başım qurban olsun qurdum, sana» və s. (62, 76).
Göstərilən həmin ifadələrdən də aydınlaşır ki, qurd qədim türklərdə ilk çağlarda totem olmuşdur.
Mənbələrin verdiyi məlumata görə kəngərli tayfasının tirələrindən biri qurd adlanmışdır (108, 61; 70, 80).
Naxçıvan MR ərazisində Ordubad rayonunda Düylün və Vənənd çaylarının suayrıcında yerləşən Qurd adlı dağ və Ağdam, Bərdə rayonlarında yerləşən Qurdlar yaşayış məntəqələri Gədəbəydə Qurdlar kəndi məhz həmin tayfanın adı ilə bağlıdır ki, bu da özlüyündə qurd totemi ilə əlaqə­dardır (11, 176).
A.Bayramov və İ.Bayramov Qərbi Azərbaycanın türk mənşəlı toponimlərindən danışarkən, Qurd qulu, Qurd çulu, Qurdqulaq Qurd kənd və s. qurd totemi ilə əlaqədar yer-yurd adlarının indiki Ermənistan ərazisində də olduğunu qeyd edirlər (18, 64; 19, 293).
T.Xalisbəyli də Azərbaycan və Orta Asiya respubli­ka­larında qeydə alınan qurd sözü ilə bağlı həm şəxs adlarının, həm də yer-yurd adlarının «qurd» totemi ilə bağlılığını göstərir (53, 143-145).
Biz də yuxarıda deyilən fikirlərlə razıyıq. Ancaq bu­rada bir məsələ var ki, qurd sözü ilə bağlı bütün yer adlarını totemik ad hesab etmək olmaz. Çünki onların bir hissəsi sırf təsviri mahiyyət kəsb edir Məs: Şəki rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı dağı, Qurd qapısı məhz həmin yerlərdə qurdun (canavarın) tez-tez və ya hərdən görünməsi ilə adlandırılmışdır.
M.Adilov qurdla bağlı totemlərdən bəhs edərkən yazır: «Türk xalqlarında totem hesab olunan qurd gah ilk ata, gah da ana kimi təsvir və təsəvvür edilir» (7, 277).
Əksər mənbələrdə türk xalqlarında totem hesab olunan boz qurdun ilk ana kimi formalaşdığını həqiqətə daha uyğun hesab edirlər (16, 9; 44, 73). Biz də öz növbəmizdə müəl­lifin həmin fikri ilə razıyıq. Türklərin yaradılış dastanların­dan olan «Ərgənəkon»da qurd ilk ana kimi təsvir olunur. Maraqlıdır ki, qədim romalıların da ilk əcdadı – anası dişi qurd hesab edilir.
«Kitabi-Dədə Qorqud» dastanında qurd totemizmi hiss olunacaq dərəcədədir. Məsələn, Qazan xanın dilindən qurd totemi dəfələrlə səslənir: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşin», «Ayvan qurd əniyi erkəgində bu köküm var», «Qara başım qurban olsun qurdum sana» və s. (62, 76).
A.Bayramov «Kitabi-Dədə Qorqud» dastanında işlən­miş toponimlərin Qafqaz arealından danışarkən qeyd edir ki, «qurdun müqəddəs, xilaskar, mübarək, zoomorfik heyvan olması digər türk dastanlarında da əks olunmuşdur. Bu ina­nış qurdun adının zaman-zaman şəxs, tayfa və qəbilə adına, daha sonra isə toponimiyaya keçməsinə səbəb olmuşdur» (18, 80).
M.Adilov türk xalqlarında qurd sözünün bir forması olan «börü» ilə bağlı çoxlu toponimlər olduğunu qeyd edir və onlara misal olaraq Bııri, Buriboy, Burioy, Bure, Qurt, Bori, Byori və s. sözləri göstərir (7, 276).
«Kitabi-Dədə Qorqud» dastanında rast gəlinən Baybura şəxs adı da heç şübhəsiz qurdla əlaqədar toponimlərdəndir.
Bunları deməkdə məqsədimiz odur ki, həm abidələrin, həm də müasir səviyyədə mövcud olan toponimlər bir daha sübut edir ki, qurd, totemi ilə bağlı meydana çıxan  topo­nim­lər məhz həmin totem əsasında formalaşan etnonimlərdən yaranmışdır.
Qurd sözü ilə əlaqədar Azərbaycanda qeydə alınan to­ponim formalaşma yollarına görə iki növə ayırmaq olar:
1.   Qurd sözü ilə bağlı meydana çıxan toponimlərin bir qrupu sırf təsviri mahiyyət daşıyır və onların «qurd» totemizmi ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Naxçıvan MR, Ordubad rayonu ərazisində yerləşən «Qurq» dağı, Ab­şe­ron rayonunda «Qurd keçidi» adlı keçid, Ağsu rayonu əra­zisində «Qurdqobu» hidronimi, Bakı şəhərində «Qur­d­yalı» adlı oronim və digər bu tipli toponimlər həmin ərazidə qurdun ya çox olması və ya onun tez-tez görünməsi ilə əlaqədar olaraq adlandırılmışdır ki, bunların da mifoto­po­nim­lərlə əlaqəsi yoxdur.
2.   Ancaq «qurd» adı ilə əlaqədar meydana çıxan digər bir qrup toponimlər də vardır ki, onlar təsviri mahiyyət daşımır, qədim türklərin mifik dünyagörüşü – totemik inam­ları ilə bağlıdır. Bizim üçün məhz həmin qrup topo­nimlər maraqlıdır.
Qurdlar – Bərdə, Ağdam rayonları ərazisində kənd. Mənbələrin verdiyi məlumatlara görə, hər iki kəndin adı kəngərlilərin «qurd» adlı tirəsi ilə bağlı meydana çıxmışdır. Ordubad, Gəncə, Şamaxı və Şuşa şəhərlərində «Qurdlar» məhəlləsi də totemizmlə əlaqədar meydana çıxmışdır. Gür­cüs­tan (Borçalı) və Ermənistan (Qərbi Azərbaycan) ərazilə­rində də eyni adlı toponimlər mövcud olmuşdur. Mənbələrə nəzər saldıqda görürük ki, Anadoluda və Cənubi Azərbaycan ərazisində də «Qurdlar//Kurtlar» adlı kəndlər mövcuddur (11, 176).
Qələybuğart Şamaxı rayonunda qədim kəndlərdən birinin adıdır. T.Xalisbəyli «Qələybuğart» toponiminin eti­mo­logiyasını araşdırararq qeyd edir ki, «Qələybuğart» tarixi mənbələrdə Bəy qurd adı ilə yazıya alınmış, zaman keçdikcə təhrif edilərək bu şəklə düşmüşdür (53, 145).
Tarixən Şamaxının üç ağaclıq şimalında yerləşən, çətin keçirilən yerdə Bey qurd qalası ən möhkəm qayalardan olmuşdur. Bu da indi təhrif olunaraq Bəy qurd əvəzinə, heç bir mənası olmayan Buğart qalası kimi tanınır.
Biz də müəllifin fikri ilə razıyıq və elə hesab edirik ki, Qeleybuğart toponimi  tarixən qurda olan inamla əlaqədar formalaşan toponim olmuş və sonradan etnonim və toponim istiqamətində dəyişmişdir. Qeleybuğart toponimi mürəkkəb quruluşludur, bəy və qurd sözlərinin birləşməsi nəticəsində əmələ gəlmişdir.
Qurd totemi ilə əlaqədar Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri araşdırdıqca məlum olur ki, həmin adların arealı kifayət qədər genişdir. Ancaq burada «qurdla» əlaqədar təsviri toponimlər, mifoloji köklərlə bağlı olan toponimləri qarışdırmaq olmaz.
Məlum olduğu kimi, mifologiyanın əsas bölgülərindən biri də totemlə əlaqədar yaranan ilkin xalq təsəvvürüdür. Hər bir xalqın həyat tərzindən, adət-ənənəsindən, coğrafi şəraitindən asılı olaraq ayrı-ayrı canlılar totem (onqon) kimi çıxış edir.
Türkdilli xalqların qədim dastanlarında, qurd və ya Boz qurd xilaskar, türkdilli tayfaların hamisi və onların əcdadı kimi təqdim olunur. Dastanların bəzilərində Boz qurd göylərin iradəsini həyata keçirir. Məsələn, «Törəyiş» əf­sa­nəsi və «Köç» dastanında bu mənzərə daha aydın təsvir olunur: «Qədim hun hökmdarlarından birinin iki gözəl qızı var imiş. Sanki bu qızlar allahlar üçün yaranmışlar. Ataları bu qızları insanlardan kənarda tikdirdiyi möhtəşəm bir qalada saxlayırdı. Tanrı Boz qurd cildində gəlib qızlarla ev­lə­nir. Doğulan uşaqlar Boz qurd ruhunda böyüyürlər» (98, 41).
Beləliklə, məlum olur ki, qədim türklərin yaranış das­tanlarında Boz qurdun totem olması açıq-aydın təsvir olunur, bundan sonra yaranan dastan və nağıllarda qurda totem (onqon) kimi müraciət olunmaqla, bir çox qəhrəman­ların adı, davranışı, xarakteri qurd kimi verilir. Qorqud, Bəybura kimi obrazların adının da «Boz qurd» olduğu mülahizələri türkdilli xalqların filologiyasında özünə yer etməkdədir.
At totemi ilə əlaqədar toponimlər.  Qədim türklərin mifologiyasında bir neçə heyvan və bitki totem (onqon) kimi təsvir olunur. Ancaq elə canlılar da vardır ki, onlar qədim insanların, bəşəriyyətin keçdiyi çətin inkişaf yollarında əvəzsiz xidmət göstərmiş, sözün əsil mənasında insanlara dayaq olmuşlar. Həmin canlılardan biri, bəlkə də birincisi atdır. At haqqında əfsanə və rəvayətlərdə, hətta sehirli nağıllarda mövcud epizodlar təsdiq edir ki, vaxtilə atla bağlı inanışlar olmuşdur. Tədqiqatlar göstərir ki, sonrakı dövr­lər­də mifoloji elementlər nağıl və dastanlara səpələnmiş və həmin nümunələrin ana xəttini təşkil etmişdir (95, 46). V.Vəliyev Azərbaycan mifologiyasında atın yerindən, mifo­loji simvolikasından danışarkən yazır: «Türkdilli xalqların əfsanə və rəvayətlərində ölməz atlar vardır. Guya Xızır atı özü kimi «Abi-həyat»dan içmiş, o da ölməzlər sırasına keçmişdir. Koroğlu haqqında olan əlavə rəvayətlərin birində deyilir ki, guya Koroğlu öləndən sonra Qırat göyə uçmuş­dur» (98,43).
Türk xalqlarının dastan yaradıcılığında yarımmifoloji, yarıməfsanəvi atlar da vardır. «Manas» dastanında Ak Kunyas, «Kitabi-Dədə Qorqud»da Beyrəyin Boz atı, «Şah İsmayıl» dastanında Qəmərday, Dürat və s. «Şamanlığı qəbul edən türklərlə monqolların inamına görə at göydən enmişdir. Yakutlara görə qəhrəmanların atları günəş aləmin­dən gəlmişdir. Guya qanadlı və kürəkli atlar da vardır ki, onlar həm uçur, həm də üzürlər. Bu atlar Qaf dağının ətəklə­rində «Süd gölü» ətrafında durmuşlar. Xızır ölümünə çarə axtararkən bu atları görmüş, lakin tuta bilməmiş, odur ki, «süd gölü»nə şərab töküb, onları kefləndirdikdən sonra bir cütünü tutub  qanadlarını kəsib, beləliklə də at nəslini çoxaltmışdır. Xızırın özünün ağ atı da qanadlı imiş.
Ömrü at üstündə, atla bərabər keçən, hər işini onunla görən bir millətin atı sevməsi, ona hörmət göstərməsi, hətta onu uğurlu sayması təbiidir. Bəzi dövrlərdə, bəzi türk boyları ata heykəl, ata məzar yapmışlar. Hələ də yapırlar (98, 82-83).
Türklər bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. Qəbirlərindən də görünür ki, onu ilahiləşdiriblər. Türkə görə, yer üzündə atdan təmiz varlıq yoxdur, ondan ulu heç nə yoxdur. Təkcə onun qoxusu Türk-qıpçaq üçün abi-həyatdan (dirilik suyundan) qiymətli olub. Atın yalnız rəngini göstərmək üçün türkcədə qırx təyin  sayıblar. At bütünlüklə qıpçağın canına-qanına daxil olub. At da öz xid­məti ilə qıpçağın borcundan çıxır: onu çölə çıxarıb, bu çölün heyrətli genişliklərini onun qarşısında açıb. Hər halda ən azı Hun dövründən bütün həyatı at belində və ya atla keçib.
«Atlı həyat tərzi» üçün qıpçaqlar özlərinə xüsusi pal­tar­lar fikirləşiblər. «Şalvar» kişi geyimi, dünyada ilk uzun­boğaz çəkmə (sapoq) at üstündə oturmaq üçün düşünülüb.
At türklər arasında misilsiz hörmət və məhəbbətə layiq olmuşdur. Təsadüfi deyildir ki, «Qan tarixi»ndə Çində atlar­dan tam asılılıq açıq şəkildə elan olunmuşdu.
Atın qədim türklərdə, həm də qıpçaq türklərində totem olduğunu sübut edən kifayət qədər dəlillər vardır. «Kitabi-Dədə Qorqud» dastanlarında belə bir ifadə vardır: «Qazan bəyin tayısı At ağızlı Uruz Qoca çapar yetdi». Dastanın  məzmunundan məlumdur ki, «At ağızlı» ləqəbi igidlik, mərdlik rəmzidir. Deməli, bu ifadə təsadüfi işlənməyib, atın qədim türklərdə ilahi gücə, qüvvəyə malik olmasından xəbər verir ki, bu da «Kitabi-Dədə Qorqud» dastanlarında ötəri də olsa mühafizə olunmuşdur.
«Koroğlu» dastanında da Koroğlunun gücünün bir qaynağı Qıratdır. Dastanda Qıratın adi bir at olmadığı, onun möcüzəli bir şəkildə törədiyi və bir növ mifoloji simvolikası ştrixlərlə göstərilmişdir. Ancaq M.Seyidov öz araşdırma­larında birmənalı şəkildə sübut etmişdir ki, Koroğlunun qılıncı, nərəsi, adı və digər atributları kimi atı da qədim türklərin totemistik dünyagörüşü ilə əlaqədardır (92, 164).
Qeyd etmək lazımdır ki, at kultu ilə bağlı mifik-tote­mis­tik baxışlar sistemi əksər sivilizasiyalı xalqlarda da mövcud olmuşdur. Eyni zamanda aparılan arxeoloji qazın­tılar bir daha sübut edir ki, atın totem hesab olunması qədim türklərdə təbii və qanunauyğun bir haldır.
Hal-hazırda təzə inşa edilmiş evlərin qapısından və pəncərəsindən at nalının asılması, «at muraddır» deyimi, məhsulu bol olan bağ və bostanlardan at kəlləsinin asılması və s. bu kimi xüsusiyyətlər bu heyvanın türk xalqlarında, o cümlədən  azərbaycanlılarda müqəddəs, ilahi qüvvəyə malik heyvan hesab edilməsindən xəbər verir.
Atın qədim türklərdə totem olmasını faktlaşdıran məsələlərdən biri də bu heyvanla bağlı yer-yurd adlarının ölkəmizdə və digər türk xalqlarında geniş yayılmışlar: Atyal­dağ, Atbulaq, Atcıl, Atağzı, Atlı, Atdaşı, Qıratın nal­da­şı, Ayğırgöl və s. bu kimi yer-yurd adlarının həm Azər­bay­canda, həm də digər türk xalqlarında yayılma arealı genişdir və bu toponimlər qədim türklərin ata olan inamı, mifik dünyagörüşü ilə bağlıdır.

İLANLA ƏLAQƏDAR MEYDANA ÇIXAN
MİFOLOJİ TOPONİMLƏR

İlan sivilizasiyalı bütün qədim xalqlarda o cümlədən türklərdə bir zamanlar müqəddəs heyvanlardan hesab olun­muşdur. Azərbaycan nağılları və bir çox əfsanələr ilanın qədim türklərdə – azərbaycanlılarda totem hesab olunmasını göstərir. «İlan və qız», «Ovçu pirim və ilanlar padşahı», «Padşahla oğlu» və s. nağıllar ilanın totem olunduğunu faktlaşdıran nümunələrdəndir.
Dədə Qorqudun ölümünün ilanla əlaqələndirilməsi də dolayısı ilə ilanın totem hesab edilməsi ilə əlaqədardır.
Maraqlıdır ki, Qədim Misirdə də ilan uzun müddət müqəddəs heyvanlardan hesab olunaraq, həmişə firon saraylarında adı çəkilmişdir (121, 16, 10).
Fironların məbədlərində ən çox rəsmi və heykəli olan heyvanlardan biri məhz ilandır. Misir şahzadəsi Kleopatra sarayında zəhərli ilan saxlayırdı. Ona görə ki, nə isə bir təhlükə olanda ələ keçməmək üçün ilan vasitəsilə özünü öldürsün. Elə bu cür də olur. Deməli, Qədim Misirdə ilan həm də mənəvi xilaskar imiş.
İlanın qədim türklərdə, o cümlədən digər qədim xalqlarda totem (onqon) hesab edilməsi haqqında xeyli elmi məlumatlar vardır (16, 90).
B.Ögəl yazır ki, «Sibirdəki xalqlar ilan və digər təh­lükəli, qorxunc heyvanların fiqurlarını qayıraraq bunları gizlədirdilər. Bununla həmin heyvanların onlara kömək edəcəklərinə inanırdılar» (87,61).
M.Seyidov qədim türklərin – azərbaycanlıların totem­lərindən söhbət açarkən qeyd edir ki, «Azərbaycan xalqının soykökündə iştirak etmiş oğuzlar, qıpçaqlar və bu kimi qəbilələr bəzən öz qəbilə birləşməsinin onqonunu və ya sitayiş etdiyi mifin adını həmin qəbilə birləşməsinin bili­cisinə – dini başçısına, xaqanına, böyüklərinə də verir­mişlər. Bu baxımdan «tengri» (tanrı) sözünə ötəri də olsa diqqət yetirdikdə məlum olur ki, bu sözün mənası «ata tanrı», «xan tanrı» anlamlarına gəlir. Türklərdə müsəl­man­lığa qədər mövcud olmuş «buka» sözü də həmin qəbildən olan sözlər­dəndir. O, həm qəbilə onqonunun adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə verilən ad olmuşdur. Əjdaha mənasını verən Astiaqın adının bu cür adlanması da, ehtimal ki, ilana sitayişlə bağlıdır (89, 17-18).
İlana tapınmanın izləri son zamanlara qədər bir çox türkdilli qəbilə, etnik qrup və xalqlarda müşahidə olunur. Tükdilli tayfalardan biri olan qızılların əsas etiqad etdikləri totem ilandır. Ancaq bir çox nağıl və əfsanələrdə ilanın mənfi (əjdaha) bir obraz kimi canlanması isə, sonrakı dövrlərdə artıq ilan toteminin zəifləməsi ilə əlaqədardır.
İlan totemi öz əksini yer-yurd adlarında da tapmışdır ki, bu onun qədim türklərdə onqon olduğunu bir daha təs­diq­ləyir. E.Əhmədova totemlərlə əlaqədar meydana gələn etno­nimlərdən danışarkən, ilan totemini də qeyd edir (39; 40).
İlanla bağlı formalaşan toponimləri araşdırdıqca məlum olur ki, onların bir qismi ilam totemi ilə mifik dünyagörüşlə bağlı olduğu halda, digər bir qrupu sırf təsviri mahiyyət kəsb edir. Yəni, ikinci qrup toponimlər həmin yerdə ya ilanın çox olması, ya da orada tez-tez görünməsi ilə əlaqədardır.
Ancaq təsviri mahiyyət daşıyan və ilanla əlaqədar toponimlərdə vəziyyət başqa cürdür. Belə ki, onların hamısı oronimlərdən ibarətdir.
İlanlı – Qobustan rayonunda kənd. Əksər mənbələrdə bu toponimin etimologiyasını ilanlı etnonimi ilə əlaqələn­dirirlər (11, 248- 327).
S.Ataniyazov türklərin ersarı tayfasının bir qolu olan «ilanlı» etnoniminin etomalogiyasından danışarkən onun ilk öncə toponim kimi formalaşdığını göstərir (108, 83).
İ.Cəfərsoylu öz kitabında «ilanlı» adından söhbət açarkən, bu adın türklərin qədim «ilanlı» etnoslarının adı ilə başlandığını qeyd edir (25, 161). Ancaq o, həmin kompo­nentli bütün toponimləri etnonimlə bağlayır.
Cənubi Sibirdə, Orta Asiyada və indiki Ermənistan (Qərbi Azərbaycan ərazisində «ilanlı» adında yaşayış mən­tə­qələrinin olması da, bu toponimin etnonim mənşəli olmasını sübut edən faktlardandır.
Biz də elə hesab edirik ki, Qərbi Azərbaycanda Amasi­ya rayonu ərazisində və Qobustandakı ilanlı oykonimləri kökü totemizmə söykənən eyni adlı tayfanın (ilanlı) adını əks etdirir.
Füzuli rayonu ərazisində İlanlı dağ, Şəmkir rayonunda «İlanlıca» və İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Qəmərli rayonunda «İlançalan» toponimləri isə həmin yerlərdə ilanın çox olması ilə əlaqədar belə adlandırılmışdır.
Laçın rayonu ərazisində Sus kəndinin yaxınlığında yerləşən Mərkiz dağının da adı ilan – mar heyvanı ilə bığ­lı­dır. Mar – ilan, «kiz» isə Azərbaycan dilində heyvan­darlıq termini olan və «quzuların saxlandığı yer» mənasına gələn «küz» sözü ilə bağlıdır.
Deməli, Mərkiz sözü «İlanların çox olduğu yer» anlamını verir. Türkiyə Cümhuriyyətinin ərazisində də həm mifik təfəkkürümüzlə bağlı ilanlı, yer-yurd adlarına, eyni zamanda sırf təsviri mahiyyət daşıyan eyni adlı toponimə rast gəlinir.

SAMUR MİFOLOJİ OBRAZI İLƏ ƏLAQƏDAR
TOPONIMLƏR

Samurlu – Qızılqoç rayonunda kənd adı idi. A.Qur­banov «Samur» leksik vahidini saxur dili ilə əlaqələndirir, «iti, sürətlə axan çay» mənasında işləndiyini qeyd edir (74, 171). Bəzi mənbələrdə isə fars dilində Azərbaycan mənşəli sözlərdən danışarkən «samur» sözü Azərbaycan mənşəli hesab edilir (115, 104).
IX-XII əsr ərəb mənbələrində Sammur, Samur, Sandur, Sambur kimi xatırlanır. Samur sözünün yayılma arealı onun türk mənşəli olduğunu göstərir (Uroldu X əsrdə Samur, Cənubi Azərbaycan ərazisində Qarasu çayının sağ qolu Samuoçay, Samur qalası, Tambov dairəsində Samursk. Lvov vilayətində Sambur, XIX əsrdə Kubanda Samburlu kəndi, Ermənistanda Samurlu və Samburlu kəndləri). Toponimin Sammur və Sambur formaları «m» səsinin qoşalaşması və «mm» səs birləşməsinin «mb» formasına keçməsinin nəti­cəsidir. Samur sözü yalnız hidronim deyil, həm də yaşayış məntəqələrinin adını bildirdiyi üçün toponim olduğu güman edilir ki, bu da Samur adlı türk etnonimi ilə bağlıdır (11, 425).
E.Əhmədova da totemlərdən bəhs edərkən Samurun qədim türklərdə – azərbaycanlılarda, onların mifik inam­larında mühüm yerlərdən birini tutduğunu göstərir (39, 101).
Q.Qeybullayev ətraflı tədqiqat apararaq belə bir nəticəyə gəlir ki, «Samur qədim türklərin totem heyvan­la­rından olmuş və həmin totemin adı ilə Samurlu etnonimi formalaşmışdır» (115, 56). İ.Bayramov da öz əsərində Sa­mur­lu toponimini etnotoponim olaraq izah edir (19, 507).
A.Bayramov zoonimlərdən törənən oykonimlərdən danışarkən ayrı-ayrı tədqiqatçıların fikrini ümumiləşdirərək yazır; «Doğrudan da, gur axan suların kənarında olan Sa­mur­lu kəndi həmin sularda yaşayan, indi isə kökü kəsil­məkdə olan samurla əlaqədardır. Lakin onu da unutmaq lazım deyil ki, elə qədim dövrlərdə hər heyvanın, hər quşun adı yaşayış məntəqəsinə verilməzdi. Bu adqoyma türk xal­qı­nın mifik görüşləri, su heyvanının totemliyi əsasında forma­laş­mışdır» (19, 134).
İ.Cəfərsoylu Altay ovçularının indi də Samura böyük bir sayğı ilə yanaşdıqlarını və hətta onu öz adıyla yox, totem adı ilə «Al buğa» çağırdıqlarını qeyd edir (25, 128).      Bütün deyilənlər bir daha sübut edir ki, Samur türk xalqlarında totem olmuş və ondan da Samurlu toponimi əmələ gəlmişdir.
Çox güman ki, Samur inzibati vahidliyi də həmin totem heyvanın adı ilə bağlıdır.
Samur toponimi haqqındakı mövcud fikirləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, bu ad – Samur heyvanı adı ilə əlaqələndirilməlidir.

QUŞ ONQONLARI İLƏ BAĞLI MİFOLOJİ
TOPONİMLƏR

Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırıl­ması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır.
Azərbaycan mifik təfəkküründə digər heyvanlar kimi, quş onqanları mühüm yerlərdən birini tutur. Oğuznamələrdə quşlara çox böyük yer verilmişdi. Hər bir qəbilə bir quşu özü üçün simvol və yaxud onqon seçirdi. B.Ögəl qədim türklərin quş onqonlarından daşınarkən qartal, doğan, qırğı çalağan, qarğa, durna, qu, sunqur və s. quşları misal gətirir və hal-hazırda əksər Sibir xalqlarında onların bəzilərinin müqəddəs hesab olunduğunu qeyd edir (87, 137). Azər­baycan nağıl və dastanlarında adları çəkilən və qeyri-adi xüsusiyyətlərə malik Hüma, Simurq, Səməndər və s. quşlar quş onqoanlarının qədim əcdadlarımızda mövcudluğunu bir daha faktlaşdırır. Ancaq burada bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarında əsasən yırtıcı quşlar, həmçinin bəzi ev quşları onqon (totem) kimi seçilirdi, nəinki, ev quşları. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, türk xalqlarında ev quşları bir sistem şəklində totem hesab olunmamışdır. Yuxarıda qeyd etdik ki, nağıl və dastanlarımızda bir neçə müqəddəs hesab olunan quşun adının çəkilməsi azərbaycanlılarda onların qədimdə totem hesab olunmasına işarədir. Azərbaycan ərazisində quşlarla bağlı saysız-hesabsız insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha təsdiqləyir. İndi isə toponimlərin ayrı-ayrılıqda izahına nəzər salaq.
Bozdoğan//Toğan. Laçın rayonu və Qərbi Azərbay­canın Şörəyel mahalında yerləşən qədim kəndlərdən hesab olunan Bozdağan adı haqqında Q.Məşədiyev yazır ki, «Boz­doğanlı 300-500 min nəfərdən ibarət olan yürüklərin tirə­lərindən biridir» (82, 94).
A.Bayramov Şörəyel vadisində Boz Doğan adlı bir qədim kəndin olduğunu və 1850-ci illərdə oradan azərbay­can­lıların qovulduğunu və həmin yerdə ermənilərin yerləş­diyini yazır (17, 62).
«Kitabi-Dədə Qorqud» dastanlarında və «Oğuzna­mə»lərdə yırtıcı quş kimi, eyni zamanda qayı, bayat, alaevli və qa­raevli tayfa birliklərinin onqon quşu kimi xatırlanır (62, 98; 88, 59).
A.Bayramov yazır ki, «N.Əsgərov Bolqarıstan ərazi­sin­də 2 Doğanlar, 5 Doğançı, 3 Doğançılar, 3 Doğanoba kən­dinin olduğunu göstərir və oda bu kənd adlarının Oğuz tayfa adından törədiyini göstərir (17, 143).
Toğanalı – Xanlar rayonunda kənd. Toponim regionda Toğana kimi məşhurdur. Yerli məlumata görə, toponim özündə toğanlı nəslinin adını əks etdirir. Qıpçaqların qədim tayfalarından birinin Adı toğ olmuşdur. Bəzi tədqiqatçılara görə, toponim həmin tayfaların adı ilə bağlıdır (11, 468). Ancaq araşdırmalar göstərir ki, toğan // toğana doğan sözü­nün fonetik variantıdır və bu ad – toponimin mənşəyi qıp­çaq­ların Toğ tayfası ilə deyil, Oğuzların «doğan» onqon quşu ilə bağlıdır. Həqiqətən də həm qədim mənbələr, həm də tədqiqat əsərləri göstərir ki, «doğan» müqəddəs quş adı kimi, əvvəlcə hər hansı şəxsə verilmiş sonra isə şəxs adın­dan etnonim və toponimlər yaranmışdır.
Laçın: Bu adda həm rayon, həm də rayon mərkəzi olan şəhər vardır. Bundan başqa Laçın onomastik vahidi Laçın­kənd (Laçın rayonu), Laçın (Kəlbəcər rayonunda kənd), Laçınlar (Şuşada kənd) Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə və Şuşa rayonlarında), Laçın dağı (Oğuz rayo­nun­da), Laçın dərəsi (Kəlbəcər) və s. yer adlarında yaşamaq­dadır (2, 94).
Laçın toponiminin etimologiyası haqqında müxtəlif mülahizələrə vardır. Bir mülahizəyə görə, «Laçın sözü türk dillərindəki yalçın (sıldırım) sözünün təhrif edilmiş fonetik formasıdır. Kəlbəcər rayonundakı dağın da Laçıntaxtı ad­lan­ması onun zirvəsinin sıldırım olmasından irəli gəlir» (11, 334).
Q.Qeybullayev Kəlbəcər rayonu ərazisində qeydə alı­nan və yerli əhali arasında Laçınqaya kimi adlandırılan Lev­qalanın qədimlərə aid olması haqqında məlumat verir (115, 145).
N.Əsgərov son dövrlər nəşr olunan əsərində Laçın adının işlənmə arealını tədqiq edərək belə qərara gəlir ki, türk xalqları, eləcə də qədim azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışlar. Bu təsəvvürlər sonradan şəxs, tayfa, yer adına keçmiş və geniş işləklik dairəsi qazanmışdır (49, 165).
E.Abışov da N.Əsgərovun fikrinə şərik çıxır. Biz də öz növbəmizdə elə düşünürük ki, Laçın onomastik vahidi məhz qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədardır.
B.Ögəl də oğuz tayfasının onqon quşlarından danışar­kən onların içərisində Şahinin erkəyi olan Laçının da admı qeyd edir (82, 369).
Şonqar // Sunqur – Qaradağ rayonunda şəhər tipli qəsə­­bə və yüksəklik. Toponim şonqar – quş adı ilə bağlıdır. Klassik Azərbaycan ədəbiyyatında (Vidadi, Vaqif və b.) şahin – şonqar sözü qoşa işlənmişdir. Şahin quşu türkdilli bayat tayfalarının totemi olmuşdur. XII-XIII əsrlərdə Ma­ra­ğada hakimlik etmiş ağşonqurilər sülaləSinin, XII əsr Gəncə əmiri Qarasonqurun adlarında da sonqur//şonqar komponenti iştirak edir. Məhz buna görə də bəzi tədqiqatçılara görə, şonqar quşu totem olmuş, sonralar tayfa adına çevrilmişdir (11, 580).
Şonqar // Sunqur quşunun onqon olması heç kimdə şüb­hə doğurmur. Ancaq onun hansı tayfaların onqonu olması mübahisəlidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, «Azər­baycan toponimləri» kitabında şonqor quşunun bayat tayfasının onqonu olduğu halda (11, 580), İ.Bayramov həmin quşun bayandır; beçənə, çavuldar, çəpni tayfalarının onqonu olduğunu  yazır (19, 528).
B.Ögəl isə Oğuz boylarının onqon quşlarından danı­şar­kən Qayı boyunun onqonu kimi suqar quşunun adını qeyd edərək yazır: «Şunqar» sözünün əsli türk dilində sonqkur­dur. Bu quşun adı türklərin təsiri ilə Abbasilərdən sonra ərəb mənbələrində şunqar/şunkar kimi görünməyə başlamışdır (87, 363).
Elə düşünürük ki, türk xalqlarının mifik düyagörüşünü sistemli araşdıran B.Ögəlin mülahizəsi daha həqiqətə uyğun­dur.
İ.Bayramov Qərbi Azərbaycanm İrəvan quberniyasının Aleksandropol qəzasında Sonqurlu adlı toponimin olduğunu yazır və «İrəvan əyalətinin icmal dəftəri»ndə həmin kənd adının çəkildiyini göstərir (15, 528).
Cürə-laçın quşu Oğuz boylarından olan avşarların on­qon quşu olmuşdur. B.Ögəl Laçın quşundan danışarkən ya­zır: «Ablı, qırmızı ayaqlı şahin. Yalçın, sərt və şiddətli mə­nası verildiyindən ağ şahinə ad olmuşdur. Laçın sözü Şi­mali Altaydakı türk ləhcələrində də doğan (şahin) mənasına gəlir. Osmanlı mənbələri Laçının ağ şahin olduğunu açıq şəkildə göstərirlər» (87, 369).
Elə hesab edirik ki, Laçın adlı yer-yurd adları yuxarıda göstərilən həmin onqon Laçın quşu ilə əlaqədardır və onları mifotoponim adlandırmaq lazımdır.
Beləliklə, zoomorfik miflərlə (totemlərlə) əlaqədar toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, qədim türklərin müqəddəs hesab etdikləri heyvanların adı bir sistem şəklində yer-yurd adlarında mühafizə olunmuşdur. Eyni zamanda həmin mifoloji toponimlərin işlənmə arealı kifayət qədər genişdir.
Tülü – Balakən və Lerik rayonları ərazisində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Bəzi tədqiqatçılar Tülü oykonimini qədim türkdilli dulu etnonimi ilə bağlayır. Dulu tayfaları II əsrdə hunlarla birgə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. IV əsrdə Qərbi Türk Xaqanlığının tər­ki­binə daxil idilər. Dulu etnonimi tolo formasında müasir qırğızlar arasında qalmışdır; bu Azərbaycan dilində Tulu//tülü etnoniminə uyğundur (119, 59).
Bildiyimiz kimi tulu quşu qədim türklərin onqon quşlarındandır. «Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın adı «Tulu quşunun yavrusu» kimi çəkilir (62, 78). B.Ögəl, və digər tədqiqatçılar da Tulu quşunun türklərin totemlərindən biri olduğunu qeyd edirlər (87, 355).
Həqiqətən də mənbələrdə Tulu toponiminin etnonimdən törəmiş və bu onomastik vahid qədimlərlə səsləşir. Ancaq heç bir yerdə qeyd olunmur ki, həmin ad qədim türklərin zoomorfik mifləri ilə əlaqədardır. Apardığımız araşdırmalar göstərir ki, Tulu toponimi Tulu onqon quşu ilə əlaqədar olaraq formalaşmışdır.
Toponim quruluşca sadədir və bir kökdən ibarətdir. Ola bilər ki, həmin toponimin tərkibindəki «lu» morfemi tarixən «Tu» hissəsinə leksik şəkilçi kimi birləşib, ancaq bu məsələnin araşdırılması xüsusi tədqiqat tələb edir.
Ağbaba – İrəvan xanlığının Türkiyə ilə sərhəd böl­gəsində dağ adıdır. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Ağbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Keçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Taya - qaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. «Əxi baba» adından təhrifdir (21, 103-104).
Kəlbəcər rayonunda Ağbaba adlı kənd «Azərbaycan toponimləri» kitabında Ağababa formasında qeyd olun­muş­dur. Qədim türklər uca dağları, sıldırım qayaları müqəddəs saymışlar. Sitayiş yeri olan Ağababa pirinin adı ilə əlaqə­dardır. Qərbi Azərbaycanda (indiki Ermənistanda) Amasiya rayonunda böyük bir ərazi də Ağababa adlanır (11, 12).
Ancaq araşdırmalar göstərir ki, həmin onovahid səhv olaraq Ağababa formasında göstərilmişdir. Yəni düzgün variant Ağbabadır.
Ağbaba adlı bir kənd Tiflis əyalətində də mövcud olmuşdur.
Ağbaba dağı haqqında A.Ağbabalı yazır: «Ağbaba to­po­niminin tərkibindəki «ağ» sözünün ən uca, yüksək mə­na­sında işlənməsi ehtimal ki, buranın (Ağbabanın) coğrafi mövqeyinin dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi və qarlı uca dağlarla əhatə olunması ilə əlaqədardır (6, 18-13).
B.Budaqovla, Q.Qeybullayev isə yazır ki, «Ağbaba toponimi» «Əxi baba» adının təhrif olunmuş formasıdır». «Əxi» fars dilində bəş (suvarılan yer, əkin yeri) adının təhrifidir. «Əxiyə məxsus əkin yeri» mənasındadır (21, 104).
İ.Bayramov Ağbaba toponimindən bəhs edərkən qeyd edir ki, «toponim ağbaba quş adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir» (19, 30).
Biz isə elə hesab edirik ki, A.Ağbabalının mülahizəsini doğru saymaq olardı. O halda ki, Ağbaba toponimi geniş işləklik dairəsinə malik olmasın. Ancaq həmin adda yer-yurd adına həm Cənubi Azərbaycan ərazisində, həm də Azərbaycanın Kəlbəcər rayonunda və Tiflis əyalətində rast gəlinir. Yəni müəllifin Ağbaba toponiminin etimologiyası haqqındakı fikri özünü doğrultmur.
«Əxi baba» adının da nə demək olduğu və bu adın han­sı fonetik qanunauyğunluqla Ağbaba toponiminə keçməsi izah olunmur.
Bizə görə, Ağbaba toponiminin etimologiyası haqqında A.Bayramovun qənaəti daha ağlabatandır. Belə ki, o, müxtəlif mənbələri araşdıraraq belə nəticəyə gəlir ki, ağbaba bozdağan, sonqur/sonqon/ quşları tək qədim türklərin, oğuz­ların zoomorfik onqonudur. Zənnimizcə, həmin toponim də qədim türklərin onqonu ilə ilişkilidir» (17, 99).
Göyərçinli – 1728-ci ildə İrəvanın Karbi nahiyəsində kənd idi. Peçeneqlərin Kuyerçi tayfasının adını əks etdirir. Göyərçin Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındakı kənd adı 1950-ci ildə ləğv edilmiş, əhalisi qonşu Salah kəndinə və Azərbaycana köçürülmüşdür. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində iki Göyərçin kəndi və Göyərçin dağı, Azərbaycanda Göyərçin-Veysəlli (Cəbrayıl r-nu) toponimləri ilə mənşəcə eynidir. XIX əsrdə Qafqazda Göyərçin adlı altı kənd vardı. Toponimlərdə «Göyərçin» sözü iki mənalıdır. Bəzi kiçik, qayalı dağ adlarında bu söz məhz göyərçin quşunun adı ilə bağlıdır. 2. Qədim türk mən­şəli tayfa adıdır. IX əsrdə Cənubi Şərqi Avropada peçe­neq­lərin Göyərçi tayfasının adı məlum olduğuna görə belə nəticəyə gəlmək olur ki, eranın əvvəllərində hunların tərki­bində Cənubi Qafqaza gəlmiş peçeneqlərin içərisində Kuyərçi tayfası da vardı (21, 319-320; 25, 132).
Demək olar ki, bütün mənbələrdə Göyərçin, Göyərçinli toponimi haqqında ya təsviri, ya da etnonim mənşəli ad olmasından bəhs olunmuşdur. Ancaq bu onomastik vahidin etimologiyası haqqında lazımi elmi məlumatı İ.Cəfərsoylu vermişdir. O, yazır: «Göyərçin Tanrı quşları ağ və göy göyərçin şəklində təsəvvür olunur. (Keçmiş Poltava torpaq­larından Polşaya köçən, oradan Rusiyaya qayıdan qöqel türk nəsli öz gerbində əskidən sitayiş etdiyi göyərçinin təsvirini saxlamışdı. Məşhur türk soylu rus yazıçısı N.V.Qoqol həmin nəsildəndir)» (25, 131).
B.Ögəl öz əsərində qeyd edir ki, Tanrı dağlarındakı ibadət yerlərindən biri Gügçinli adlanır və indinin özündə də ora insanlar ibadətə gəlirlər. Həmin ibadət yerindən qazıntı zamanı Xun/Hun dövrünə aid əşyalar tapılmışdır (87, 199-224). O, fikrini davam etdirərək bildirir ki, Anadoluya gələn türkman dərvişlərindən bir çoxu göyərçin cildinə girərdilər. Yəni, həmin quşun lələklərindən hazırlanmış əbalarına bürünüb müxtəlif ayinləri icra edərdilər (87, 180).
Azərbaycanda insanlarda belə bir inam var ki, göyər­çi­ni öldürməzlər. Onun öldürülməsi insana bədbəxtlik gətirər.
Göyərçin türk xalqlarında qədimlərdən xoş xəbər müjdəçisi kimi tanınmışdır. Bu mülahizələrin hamısı o fikri təsdiqləyir ki, göyərçin türklərin əskidən onqon quşlarından biri olmuşdur. Bunu respublikamızın, Qərbi Azərbaycan və Borçalı nahiyələrində qeydə alınan Göyərçin və Göyərçinli toponimləri də təsdiq edir. Göyərçin və Göyərçinli oronim və oykonimlərinin yerləşdiyi coğrafi şərait də göstərir ki, onlar təsviri mahiyyət daşıya bilməzdi. Göyərçin adlı toponimlər eyni adlı onqon quşun adını birbaşa əks etdir­dik­ləri halda, Göyərçinli onomastik vahidində isə vəziyyət fərqlidir. Belə ki, Şonqarlu, Qurdlar, Laçınlar və s. mifoloji toponimlərdə olduğu kimi, Göyərçinli toponimi də əvvəl onqon quş adı, sonra etnonim və toponim istiqamətində inkişaf yolu keçmişdir.
Kükü – Şahbuz r-nu (Nax.MR) ərazisində dağ. Nax­çıvan MR ilə Ermənistan sərhədindədir. Vaxtilə dağın ərazisində kəngərli tayfasına məxsus ailələrin saldıqları Kükü adlı kənd mövcud olmuşdur. XX əsrin əvvəllərinə aid ədəbiyyatda Kuki dağı (Quba qəzası), Kuki gölü (Tiflis qəzası), Kukulu totemik inamla bağlıdır.
Türk xalqları, o cümlədən də Azərbaycan xalqının mifik təfəkkürünü əks etdirir.




AĞAC KULTU İLƏ ƏLAQƏDAR MİFOLOJİ
TOPONİMLƏR

Qədim türklərin mifoloji dünyagörüşünü araşdırarkən məlum olur ki, onların ən çox kultlaşdırdıqları, müqəddəs hesab etdikləri obrazlardan biri də ağacdır. «Ağac – bütün dünyada qədim mifologiyanın universal obrazıdır» (95, 61). Burada bir məsələni xüsusi qeyd etmək lazımdır ki, əgər at kultu köçəri və əsasən çölçü türk tayfalarına aid idisə, ağac kultu bütün türk xalqlarının hamısında mövcud olmuş universal bir obrazdır. Qədim türklərdə ağac ana totem, totemlərin anası, bəzən isə insanların, qəbilələrin, xalqların ulu babalarının anası kimi qələmə verilir.
Azərbaycanın bir çox folklor məkanlarında ağac pir­lərinin olması həm də təhlil predmetinə çevrilən Dünya ağacının birbaşa kult semantikasını ortaya qoyur. Pir – tapmaq, ocaqdır. Ağac piri də bu halda ağaca tapınmanı, pərəstişin mərkəzində ağac kultunun dayandığını göstərir.
Əski hunlarda gözəl qayınağacı vətəni qoruyan zo­omor­fik onqon olmuşdur. Onun şərəfinə qurbanlar kəsmişlər (87, 234).
Əski bir türkdilli qəbilənin əsatirində deyilir ki, kainatda baş tanrı Qudyal, kişi və su vardı. Baş tanrı Qudyal torpaq və sonra şam ağacı yaratdı. Tanırının yaratdığı hər budağın kökündən bir adam yaratdı və bunlardan hərəsi bir soyun-boyun-qəbilənin ulu babası oldu (36, 29).
Bütün dünya xalqlarının miflərində, o cümlədən də türk xalqlarının yaradılış miflərində uşaqları ağac doğur.
«Oğuznamə»lərdə də bu məsələ açıq şəkildə öz əksini tapmışdır (87, 51). Ümumilikdə, qədim türklərdə tanrı-ya­ra­dan onların gözünə müxtəlif şəkildə görünmüşdür və on­lar­dan da biri «həyat ağacı», «dünya ağacı» adlandırılan ağac­dır.
Türk xalqlarının möhtəşəm abidəsi «Kitabi-Dədə Qor­qud» dastanında «Basat Təpəgözü öldürdüyü boyu bəyan edər, xanım, hey!» boyunda Basatın dediyi aşağıdakı sözlər olduqca maraqlıdır:

Qalarda-qoparda yerim Günortac!
Qaranqu dün içrə yol azsam, umum allah!
Qaba aləm götürən xanımız – Bayandır xan!
Qırış güni ögdin dəpən alpımız – Salur oğlu Qazan!
Anam adın sorar olsan, – Qaba Ağac!
Atam adın dersən, – Qağan Aslan! (62, 102)

Göründüyü kimi, Basat anasının ağac olduğunu söy­lə­yir və ən maraqlısı isə budur ki, «Basatın Təpəgözü öldür­düyü boy» «Dədə Qorqud» boyları içərisində qədim dövr­lər­lə səsləşdiyinə görə xüsusi yer tutur. Bunun özü də göstərir ki, ağac qədim türklərdə onqon hesab olunmuşdur.
B.Ögəl türk xalqlarının mifologiyasından danışarkən yazır: «Cənubi Sibirdə olan Abakan tatarlarının əfsanələ­rində bu görüş (ağacdan törəniş – A.T.) bir az dəyişmişdir. Onlara görə, dünyanın ortasında göylərə qədər yüksələn böyük bir dəmir dağ vardır. Bu dağın üzərində də yeddi budaqlı bir qayın ağacı var idi. Kaç tatarları onu altun yar­paq­lı, səkkiz-doqquz kölgəli, müqəddəs qayın adlandırırlar» (87, 106).
Qayın ağacı qədim türklərin gündəlik həyatlarında da çox vacib yer tutmuşdur. Türklər ən iri və möhtəşəm ox­la­rını qayın ağacından hazırlayır və toz dedikləri yay qılıf­larını da qayın ağacının qabığından düzəldirdilər. Ən yaxşı yəhər və səmər ağacları da yenə qayından düzəldilirdi.
Araşdırma göstərir ki, hər bir türk xalqının özünün müqəddəs saydığı, totem hesab etdiyi ağac olmuşdur. Bunların hamısı əsaslandırır ki, ağacın törəmə-ağacın totem hesab olunması qədim türklərdə bir sistem halında mövcud olmuşdur. Bu fikri təsdiqləyən ən əhəmiyyətli faktlardan biri də ağac kultu ilə bağlı yer-yurd adlarının türk dillərinin toponimik sistemində mövcud olmasıdır. B.Ögəl qeyd edir ki, qədim orta Asiyada Bay Ağac, Ala ağac, Qara Ağac yer və boy adlarına rast gəlmək mümkündür (87, 104). İndi isə ağac kultu ilə əlaqədar mifotoponimlərin izahına nəzər salaq.
Ağacəri – Tovuz rayonu ərazisində dağ adıdır. Dağ qədim türk mənşəli ağacəri tayfasının adı ilə adlanmışdır. Erkən orta əsrlərdə Cənub-Şərqi Avropa çöllərində yaşayan ağacərilər hun tayfa ittifaqına daxil idilər. V-VI əsr Bizans mənbələrində aktsir//akalsir kimi adları çəkilən ağacərilərin V əsrdən Azərbaycanda yaşamaları məlumdur. Sonralar səlcuqlar, monqollar və qaraqoyunlular dövründəki siyasi hadisələrdə fəal iştirak edən ağacərilərin böyük əksəriyyəti hazırda İranın müxtəlif ərazilərində yaşayır (23, 14-15).
F.Cəlilov qədim türk etnoslarından söhbət açarkən yazır: Heredot göstərir ki, aqathirslər (ağacərilər) Cənub-Şərqi Avropa və Şimali Qafqaz çöllərində skiflər arasında yaşamışlar və onlar tatar mənşəlidirlər (8, 54). Qeyd et­mək lazımdır ki, Heredot skifləri tatar (türk) adlandır­mış­dır (7, 25).
Q.Qeybullayev Cənubi Azərbaycanda da qeydə alınan Ağacəri/Ağaceri toponimlərinin «meşəlikdə yaşayanlar» kimi izah edərək göstərir ki, onlar qədim oğuz qəbilələ­rindən biridir və ehtimal ki, XI əsrdə indiki yaşadıqları yerə səlcuqlarla birlikdə gəlmişlər (115, 59. 49).
Qədim Şərq və Azərbaycan ərazisində erkən çağlarda meydana gələn dövlətlərdən danışan tədqiqatçılar belə qənaətə gəlirlər ki, ağacərilər Azərbaycana V əsrdə hunlarla gəlmişlər (102, 276).
F.Sümər də bu etnonimin adını ağac əri kimi izah etmişdir. Müəllif həmin onomastik vahid haqqında yazır: «Bu söz heyvandarlıq və əkinçilik əvəzinə ağacdan biçmək, kərən düzəltmək işləri ilə məşğul olan bir türk zümrəsinə verilir. Bunlar ağac əri türkmənlərinin nəvələri olub qızıl­başlarla inamları eynidir. Çox çalışan adamlardır, kəndləri bir qayda olaraq meşə ətəklərində yerləşir» (92, 183).
Ağacəri oronimi haqqında N.Məmmədov, R.Hümmə­tova da maraqlı fikirlər söyləmişlər (76, 49). Ancaq həmin müəlliflər Ağacəri toponiminin etimoloji xüsusiyyətlərinə yox, daha çox digər linqvistik xüsusiyyətlərinin araşdırıl­ma­sına diqqət yetirmişlər.
Z.Xasıyev Tovuzun toponimlərindən danışarkən Ağa­cəri oroniminin izahına geniş yer ayıraraq yazır: «Tədqiqat­çı­lar göstərir ki, XV əsrə kimi bu tayfa Azərbaycanda məs­kun­laş­mışdır. XV əsr Qaraqoyunlular hakimiyyəti dövründə (1410-1468) dövlət qoşunları arasında ağacərilər də olmuş­dur. 1468-ci ildə Qaraqoyunlular dövləti dağıldıqdan sonra bu tayfa iki yerə bölünmüş, bir hissəsi Şimali Azərbaycanda, bir hissəsi isə Cənubi Azərbaycanda yurdlaşmışdır. Lakin ağacərilər çox olmadıqları üçün daxil olduqları tayfalar içərisində əriyib getmişlər» (55, 43).
Bütün deyilənləri nəzərə alaraq, o nəticəyə gəlirik ki, Ağacəri etnonim olmuş və bu onomastik vahid qədim türk­lə­rin «Dünya ağacı», «həyat ağacı» totemi ilə bağlı olmuşdur. Yəni Ağacəri adının «meşəlik yerdə yaşayanlar» mənasında deyil, «ağacdan törəyənlər, doğulanlar» mənasında izah olunması daha doğru olardı
Düzdür, Ağacəri sözü «ağac» və «əri» komponent­lə­rindən ibarətdir və bu da «ağac kişisi», «ağac insanı, əri» mənalarına gəlir. Deməli, Ağacəri adı mürəkkəb sözdür və ikinci növ təyini söz birləşməsi modelində formalaşmışdır.
Qalaqayın – Sabirabad rayonunda kənd. Mugan düzün­də­dir. Toponim qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, «qayınların qalası» mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşa­maqdadır. Bu adda tyfa başqa türkdilli xalqların tərkibində də vardır (11, 117).
Söhbətimizin əvvəlində də qeyd etdik Qayın ağacı türk xalqlarında qədimlərdə müqəddəs – totem hesab olunmuşdur və A.Şükürov haqlı olaraq yazır ki, «Qalaqayın – yəni qayın onqonunun qalası, qoruduğu yer, yaşayış məntəqəsi demək­dir» (95, 62). Ancaq burada bir məsələni unutmaq olmaz ki, Qayın totemi birbaşa toponimə keçməyib, əvvəlcə toponim-etnonim sonra isə toponim kimi formalaşmışdır.
Qaraağac – Qubadlı, Zaqatala, Tərtər, Sabirabad, Cəlilabad rayonlarında kənd və Zaqatala rayonunda çay (11, 123). Toponim haqqında iki fikir var. Onlardan biri ondan ibarətdir ki, Qaraağacı kəndi qaraağac çox olan yerdə salındığı üçün belə adlanmışdır. Digər bir fikir isə həmin adın Qarahacı toponimilə bağlı olmasıdır (103, 58). Digər ədəbiyyatlarda da qaraağacı toponiminin təsviri mahiyyət daşıması haqqında məlumatlar vardır (75, 84).
Ancaq Qaraağacı toponiminin təsviri mahiyyət daşı­ması haqqındakı fikirlər özünü doğrultmur. Belə ki, həmin kəndlərin yerləşdiyi coğrafi mövqelər heç də qarağacla zən­gin deyil. Eyni zamanda respublikamızın müxtəlif bölgə­lə­rində həmin adda yayılmış məntəqələrin olması və digər türkdilli xalqlarda da Qaraağacı adlı yer-yurd adlarının mövcudluğu təsdiqləyir ki, bu onomastik vahid etnonimlə əlaqədardır və həmin etnonim də özlüyündə qədim türklərin ağaca olan inamları ilə bağlıdır.
Qızılagac – Göyçay, Salyan rayonlarında kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılara görə, toponim öz adında türk mənşəli qızılağac tayfasının adını əks etdirir. Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan tayfalardan biri qızılağac adlanır. Yer­li məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığına görə belə adlanmışdır, lakin sonralar meşə tələf olmuşdur (11, 156).                                                                                                        .
Bu toponimə Masallı rayonunda kənd, Lənkəranda ovalıq kimi təsadüf olunur. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali, əsasən, gəmiçiliklə, balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu da Qızılağacdan keçirdi. 1614-cü ildə Rus elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr Avropa səyyah və diplomatları Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqə­sinin adı da Qızılağac körfəzinin adı ilə bağlıdır.
Masallı və Salyan rayonlarında olan Qızılağac topo­nim­lərinin eyni adlı körfəzlə bağlanması fikrimizcə doğru deyil. Ola bilsin ki, körfəz Qızılağac kəndinin adı ilə bağ­lıdır.
Qızılağac toponimi birinci növ təyini söz birləşməsi modeli əsasında əmələ gəlmiş, qızıl və ağac sözlərinin birləşməsi əsasında formalaşan mürəkkəb quruluşlu sözdür.
Qızılağac toponiminin etimologiyası haqqında bizim fikrimiz belədir ki, Qaraağac toponimində olduğu kimi, burada da «qızıl» sözü «ağac» sözünə yanaşmışdır və müəy­yən bir əlamətin göstəricisidir. Ağac sözü təsviri planda ağac bitkisi ilə bağlı olmayıb, mifologiyamızdan gələn «həyat ağacı», «dünya ağacı» mifi  ilə əlaqədardır. Yəni həmin toponimlərdə «ağac» morfem kökü miflə bağlı olan tayfa adında formalaşmışdır.
Altıağac – Xızı rayonunda kənd. Altaçayın sahilin­dədir, adı ilk dəfə 1823-cü ilə aid mənbədə çəkilmişdir. Toponim altı (miqdar sayı) və ağac (qədim uzunluq, ölçü vahidi; mərq: 6-7 km) sözlərindən yaranmışdır. Altıağac Şa­ma­xıdan altı ağaclıq məsafədə yerləşdiyi üçün belə adlanmışdır (11, 36).
Ancaq Xızı rayonunun onomastik vahidləri üzərində aparılan son tədqiqatlar göstərir ki, Altıağac toponiminin ikinci komponenti ölçü vahidi olan «ağac» sözü ilə bağlı deyildir (25, 143). Bu fikri xalq etimologiyası da təsdiq edir.
Altıağac toponiminin etimologiyası haqqında ümumi qənaətimiz belədir ki, bu onomastik vahidin ikinci kom­po­nenti olan «ağac» morfemi xalqımızın «dünya, həyat ağacına olan» inamı ilə bağlıdır.

DAĞ KULTU İLƏ ƏLAQƏDAR MİFOLOJİ
TOPONİMLƏR

Türk xalqlarının mifoloji sistemində mühüm yerlərdən birini də dağlar tutur. Qədim türklərin təsəvvürlərində sakral dəyər qazanmış dağ VI əsrə aid çin mənbələrində «yer tanrısı» (ruhu) adlandırılır. Bu fakta istinad edən M.Se­yidova görə «müqəddəs başlanğıc hesab edilən dağ, eləcə də torpaq və xüsusilə onlarla bağlı Günəş bütün varlığın, həyatın, tanrıların, insanların, nemətlərin yaradıcısı, anası-atası kimi qəbul olunur» (90, 39).
M.Seyidovun bu fikrini, eyni zamanda türk mifologiya­sında dağla bağlı təsəvvürləri ümumiləşdirdikdə dağın dünya modelinin Ata-Ana strukturunda Ana tərəfinə daxil olan ünsür olduğunu görürük. Belə olduqda Göy və onunla bağlı olan kosmoqonik elementlər Ata kompleksinə, yer və onunla bağlı olan elementlər, o cümlədən dağ ana komplek­sinə aiddir. Türk mifologiyasında dağın ana rolundan çıxış etməsinə, bir çox qəhrəmanların sakral valideyni olmasına dair faktlar vardır. «Oğuz Xaqan» dastanında Oğuzun oğlan­larından birinin adı Dağ xandır. Deməli, 24 Oğuz tayfasının birinin əcdadı dağdır.
«Kitabi-Dədə Qorqud» dastanında dağ müqəddəs, xilasedici bir varlıq kimi bir neçə dəfə xatırlanır: məs; «Aqan türk sularından xəbər keçsə, arqurı yatan Ala tağdan dəbər aşa, xanlar xanı Bayandıra xəbər varsa», «Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu. Üç qatla yarasın əlilə sığadı: «Sana bu yaradan, qorxma, oğlan, ölüm yoqdur. Tağ çiçəgi anan südlə sənin yarana məlhəmdir» - dedi, qaib oldu» (62, 81).
Şaman dualarında və ayinlərdə də dağ müqəddəs, insanları şər qüvvədən qoruyan totemik bir varlıq kimi təsvir olunur. Hətta indinin özündə də Sibirdə yaşayan türk xalqlarının bəziləri dağa «ata», bəziləri isə ona «ana» kimi müraciət edirlər (118, 320).
F.Xalıqov qeyd edir ki, Altay, Tanrı dağları, Alatan, Qaratay və s. dağlarının adı məhz türklərin dağa olan inamı ilə əlaqədardır (57, 9).
Bütün türk xalqlarında dağla, onun hissələri ilə əla­qə­dar müxtəlif deyimlər və duyumlar da onun müqəddəs - onqon-xilasedici olduğunu əsaslandıran cəhətlərdəndir. Məsə­lən, azərbaycanlılarda «dağ vüqarlı», «dağ qürurlu», «dağlar oğlu», «Qoşqar haqqı», «Kəpəz haqqı» və s. ifadələr dağ kultunun türk xalqlarında qədimdən önəmli yer tutduğunu göstərir.
Dağ kultunun türklərdə mühüm yerlərdən birini tut­du­ğunu göstərən cəhətlərdən biri də onunla və onun hissələri ilə bağlı yer-yurd adlarının geniş yayılmasıdır.
Qaradaglı – Ağdam rayonunda iki kənd. Ağdaş, Beylə­qan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz, Şəki rayonlarında yaşayış məntəqəsinin adı. Yaşayış məntəqələri Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamış qızılbaşların qaradağlı tayfa­sının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir (11, 131- 132).
Qaradağlı oykoniminin etnonim mənşəli olması heç kim­də şübhə doğurmur və Azərbaycan dilinin onomas­ti­kasına həsr olunan ayrı-ayrı əsərlərdə həmin etnonim olması haqqında kifayət qədər məlumatlar verilmişdir. Ancaq Qaradağlı və Qaradağ adının etimologiyası haqqında ətraflı elmi məlumat verilməmişdir.
Ə.Cavadov qeyd edir ki, «qara» sözü qədimdə getdikcə böyük mənasında işlənir və bu da dağla bağlı olaraq mey­dana gəlmişdir (24, 107). «Kitabi-Dədə Qorqud» dastanında «qara» sözünün «böyük» mənasında dağla əlaqədar tez-tez işlənməsi də, Ə.Cavadovun yuxarıdakı mülahizəsini bir daha təsdiqləyir. Məs:

«Qarlı qara tağların, yıqılmasın!
Kölgəlicə qaba ağacın, kəsilməsin!» (24, 109)

«Kitabi-Dədə Qorqud» dastanından gətirdiyimiz nümu­nədə də dağın qədim türklərdə kultlaşdırılmış, müqəddəs bir varlıq olduğu aydın görünür.
Dünya xalqlarında da dağın kultlaşdırılmasının şahidi oluruq. Məsələn: ərəblərdə Qaf, Hirə, yunanlarda Olimp, türk­lərdə Altay, Tanrı dağları (Tyan-Şan) Qafqaz Azərbay­canda və s. bu kimi adları göstərmək olar. Qafqaz dağının müxtəlif variantları olub. Yunan tarixçisi Eratosfen (e.ə. III əsr) Qafqaz dağının adını Kaspi kimi yazmışdır. Dədə Qorqud dastanında Qazılıq dağı kimi, fars mənbələrində Kapgoh, Qaf, ərəblərdə Qabq, türklərdə Əlbürz və s. kimi adı çəkilən Qafqaz toponimi haqqında müxtəlif mülahizələr mövcuddur. Antik mənbələrdə Qafqaz dağı bəzən Kroukas adlandırılmış və «qardan ağarmış» kimi mənalandırılmışdır. Bəzi tədqiqatçılara görə, toponim guh (farsca «dağ») və kaspi (etnonim) komponentlərindən ibarət olub, «Kasp dağı» mənasındadır. Toponim qədim fars dilindəki qanfa (dağ) və Kapı (keçid) və kas (etnonim) sözlərindən ibarət olub, «kaskeçidi», «kas qabısı» mənasındadır.




III FƏSİL

DİGƏR MİFİK İNAMLARLA BAĞLI
TOPONİMLƏR

T
ürk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində mövcud olan dil və folklor materiallarını tutuş­durarkən mifologiyamızda xüsusi yer tutan «Al» tapınışı ilə əlaqədar mifoloji toponimlərin olması üzə çıxır. Tarixən çox qarmaqarışıq, enişli- yoxuşlu yol keçən Al-Al arvadı-Albas-Albas əski inamları təfəkkürün yetirdiyi ziddiyyətli, çox­yönlü, mürəkkəb obrazlardan, personajlardan biridir. Al arvadı mifi nəinki türk xalqlarında, hətta onlarla qonşu, həmişə mədəni, ictimai-siyasi əlaqələri olan bir sıra xalqlar arasında da geniş yayılmışdır.
Tədqiqatlar nəticəsində aydınlaşdırılmışdır ki, «Al» ruhu ən qədim zamanlarda türklərin həyatında «ocaq, od» tanrısı kimi tanınmışdır (3, 247). Hal-hazırda isə Al-Al arvadı bütün türk xalqlarında hər şeyi bacaran, qorxunc və iyrənc görkəmini tez-tez dəyişən, doğuş zamanı zahı qadınlara toxunan bir varlıq kimi qavranır (90, 167).
Yuxarıda qeyd etdik ki, «Al» tapınışı həyat verən, insanları soyuqdan, şaxtadan qoruyan «ocaq, od» tanrısı ilə əlaqədardır. Bəs onda «Al» anasının - Al arvadının pis niyyəti, insan nəslinin, soyunun tükənməsinə yönəlmiş hərə­kə­tini nə ilə izah etmək olar? Qeyd olunan bu məsələ həd­dindən artıq maraqlı məsələdir və çoxdandır ki, əksər mifo­loq­­ların, folklorşünasların, ədəbiyyatşünas və filosof­ların diqqətini çəkməkdədir.
Mənbələrdə Anadolu türklərində «Al» arvadı mifinin güclü olmasından danışılaraq qeyd olunur ki, «Al arvadı həm də osmanlı ermənilərində gözə dəyir. Onlardan isə Krımda yaşayan ermənilərə keçmişdir» (113, 60). Tatarlar, qazaxlar, yakutlar, buryatlar və s. türk xalqları Al tanrısını Al bastı//Jalbastı adlandırırlar. Türkmənlər isə onu «Al arvah» kimi tanıyıb, gecə hər bir pis əməli bacaran, öz iy­rənc və qorxunc simasını tez-tez dəyişən bir varlıq olaraq qavrayırlar.
Eyni zamanda qonşu olduğumuz ermənilərdəki Alk, gürcülərdəki Ali // Alkali və slavyanlardakı Albastı və bir sıra başqa mifik varlıqların da kökünü Al tapınışında axtarmaq özünü doğrulda bilər.
Ermənilərdəki Alk mifik varlığı bizdəki kimi qadınlar üçün qorxulu olub onları sonsuz qoyur. O da təsəvvür olun­duğu kimi zahıların ciyərini suya çəkib qanını içir, sonra da öz ağasına aparır.
Tədqiqaıtçıların əksəriyyəti bu ikirdədir ki, «Al» tapı­nışı türk dilli xalqlara məxsusdur və onlardan digər xalqlara keçmişdir. Ədəbiyyatlarda bu faktı təsdiq edən kifayət qədər materiallar mövcudur.
Kartvel mifologiyasındakı qorxunc ruh Ali//Al kali ilə Altanrı-halarvadı arasındakı yaxınlıq daha güclüdür, çoxşa­xə­lidir.
Gürcü araşdırıcılarının əksəriyyəti bu fikirdədir ki, kartveli dillərindəki albastı, albaşti, almastı, elmestin və s. sözlər türk dillərindən alınmadır. Deməli, həmin inanıcın özü də kartveli dilli xalqlara gəlmədir (122, 746). Həqiqətən də, Şimali Gürcüstan (Svanetiya) üçün halarvadı xarakterik olmayıb, Mərkəzi və Şərqi Gürcüstandan gəlmə sayılır. Hə­min ərazidə isə eramızdan qabaq türkdilli xalqların yaşa­ması heç kimdə şübhə doğurmur (122, 746).Q.A.Kilimov və D.İ.Edelman da öz araşdırmalarında Al tapınışının türklərə məxsus olduğunu qeyd edirlər (113, 57-63).
M.Seyidov əvvəllər işıq üzü görən yazılarında və 1994-cü ildə nəşr olunan «Qam-şaman və onun qaynaqlarına ümu­mi baxış» kitabında Al arvadı mifinin mahiyyətini açır, onun keçirdiyi dəyişmələri ardıcıllıqla izləyir və belə qənaətə gəlir ki, «türk xalqlarında Al-Albas(tı) – Al arvadı inamı başlıca olaraq üç yöndə yayılmışdır:
1. Al bas-Al arvadı günəş və su ilə əlaqələnmişdir.
2. Heyvan (keçi, inək, öküz) şəklində təsəvvür edilmiş­dir (zoomorf).
3. Antromorf obrazı insan cildində təsəvvür olunmuş­dur» (91, 56).
M.Seyidovun Al arvadı mifinin mahiyyətində müəy­yən­ləşdirdiyi 3 yönün üçünün də fəlsəfi əsası var və bunların hər biri qədim türklərin mifoloji dünyagörüşü ilə əlaqə­dar­dır. Ən maraqlısı isə odur ki, Al arvadı inamının mahiyyə­tində zaman-zaman mənfi və müsbət xüsusiyyətlər, xeyir və şər əlamətlər mövcud olmuş və indi də mövcud olmaqdadır. Deməli, al ikili görüşlə – dual təfəkkürlə, əksliklərlə bağlı olduğundan əkslikləri təmsil edir, daban-dabana zidd görüş­lərlə əlaqədardır.
M.Seyidov tarixi-mifoloji, etnoqrafik və linqvistik də­lil­ləri əsas götürərək hesab edir ki, Al arvadı, Albastı yaran­dığı çağdan yaxşının, xeyirin, ucalığın, eləcə də yamanın, pisin bəlgəsi imiş (91, 55). Deməli Albastı, Al arvadı əkslikləri özündə toplamış və yarandığı ilk çağlardan yaxşını da, yamanı da təmsil etmişdir.
Al arvadı inamının dualistik (ikili) mahiyyəti ondadır ki, əgər o bir tərəfdən günəşi - bütün canlılara həyat verən, yer üzünü nura qərq edən varlıqla təmsil edirsə, digər tərəfdən də özündə günəşin yandırıb-yaxmaq, məhv etmək kimi xüsusiyyətini birləşdirir.
Bütün araşdırmalardan məlum olur ki, Al arvadı mifi olduqca mürəkkəb və ziddiyyətli struktura malikdir və eyni zamanda türk xalqlarının mifik dünyagörüşünün öyrənilmə­sində əhəmiyyətli yerlərdən birini tutur.
Al arvadı mifi qədim türklərdə nə qədər çoxşaxəlidirsə, Al morfemli sözlərin də bu dillərdə yayılma arealı o qədər genişdir.
F.Cəlilov müasir Azərbaycan dilində «al» morfemli 500-dən artıq müxtəlif sözü nitq hissəsi əsasında qrup­laş­dırır və maraqlıdır ki, həmin morfemin mahiyyətində birinci cərgədə mifoloji varlıq olan «al»ın dayandığını qeyd edir: al arvad, alın, aldatmaq, al qan, alov, almaq, alqış, yanlış və s. (27, 165-166).
E.V.Sevortyan da öz əsərində «al» derivatlı sözlərin kökündə mifologiyadan gələn «al»ın dayandığını qeyd edir (120, 131-137).
Qeyd edək ki, F.Cəlilov müasir Azərbaycan dilində yalnız ümumişlək sözlərdə 500-dən artıq «al» morfemli leksik vahidlər müəyyənləşdirir. Əgər onomastik leksikanı da bura əlavə etsək həmin vahidlərin sayı daha da artar. Onu da qeyd edək ki, «al» köklü ümumişlək sözlərdən ədəbiyyat­larda sistemli olmasa da, az-çox danışılmışdır. Ancaq həmin morfem əsasında yaranan onomastik vahidlərdən isə ya heç olmayıb, ya da çox az danışılıb.
Azərbaycan dilində qeydə alınan «al» köklü mifoloji toponimlərin demək olar ki, hamısının əsasında mifologiya­mızdan gələn «al» dayanır.
Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir:
1. Al morfemi və digər hissəciklərdən ibarət mifoloji toponimlər: Alban, Alpan, Alpout, Allar, Alar, Alpı, Aldədə və s.
2. Ala morfemli və hissəciklərdən ibarət mifoloji toponimlər: Alakol, Alasa, Alaşar, Alatava, Ala göllər, Alazan, Alagöz, Alaqurşaq və s.
3. Al//əl fonetik dəyişməsi işlənən mifoloji toponimlər: Ələt, Ələyəz, Dərələyəz, Əlincə və s.
Tədqiqatlar göstərir ki, Al tapınışı ilə əlaqədar topo­nim­lər əksər türk xalqlarında geniş yayılmışdır. Biz isə imkanımız daxilində yalnız Azərbaycanda qeydə alman  topo­nimləri tədqiqata cəlb etmişik.
Alban//Alpan. Quba rayonunda kənd. Quruçayın sahi­lində, Qusar maili düzənliyindədir. Toponim özündə qədim alban tayfasının adını əks etdirir (11, 36). Alban//alpan adı indi də Orta Asiyada türkdilli xalqlarda: – qırğızlarda, qa­zax­larda, qaraqalpaqlarda, buryatlarda tayfa adı kimi möv­cud­dur. Adın alban formasına ilk dəfə e.ə. I əsrdən başla­yaraq antik mənbələrdə təsadüf olunur.
Erkən orta əsr erməni mənbələrində həmin toponimə alvan, ağuan, ağyan formalarında rast gəlinir.
«Kitabi-Dədə Qorqud» dastanında isə bu ad alpan şəklində işlənmişdir. Alban//alpan adının qədim türk dilli etnosun adını bildirməsi heç kimdə şübhə doğurmur. Ancaq onun mənası haqqında tədqiqatçılar müxtəlif fikirlər söylə­yir­lər.
Əvvəlcə onu qeyd edək ki, Alban//Alpan adı ilə bağlı Azərbaycanda və azərbaycanlılar yaşayan digər ölkələrdə çox­lu sayda yer-yurd adları mövcuddur. Məsələn, Gürcüs­tanda iki Alpani kəndi, Şərur-Dərələyəz ərazisində iki Elpanos kəndi və Alpan dərəsi; Azərbaycan-Dağıstan sərhə­din­də Alpanar kəndinin xarabalığı; Lənkəran qəzasında (XIX əsr) Albani kəndi, Naxçıvanda Alban təpələri; Qax rayonunun Ləkit kəndi yaxınlığında Albantala; Gürcüstanda Albani kəndi; Qəbələ və Göyçay arasında Alvan dərəsi; Cə­nu­bi Azərbaycanın Əhər mahalında Alvan kəndi; Zəngə­zur­da (XIX əsr) Ağvanlı kəndi; Şuşa yaxınlığında Ağvan xara­balığı və s. (61, 350).
Erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisi Albaniya adlanırdı. Eyni adlı türk dövləti də həmin ərazidə yerləşirdi. Bu adın mənşəyini mənbələr üzrə ətraflı araşadıran Q.Ka­zımov qeyd edir ki, «Alban xroniminin sözaçımı haqqında N.Y.Marr, A.Yanovski, K.V.Trever, R.M.Maqomedov, Z.İ.Yampolski və başqaları bu fikirdədilər ki, «alban» adı latın mənşəli söz olub «yüksəkliklər, dağlar ölkəsi» məna­sını verir (61, 353).
A.Bakıxanov «Alban» etnoniminin tərkibindəki «alb» hissəsini latın dilindəki «alp» sözü ilə əlaqələndirir və bunun da mənası təxminən «ucalıq, hündürlük» anlayışına yaxındır (109, 34).
K.V.Trever isə bu sözün «dağ» mənasında kelt mənşəli «alp» morfemi ilə bağlı olduğunu göstərmişdir. Şotlan­di­ya­nın adının qədim keltcə Albaniya olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin Arran adlandığını da qeyd etmişdir (123, 210).
Ə.Dəmirçizadə «50 söz» kitabında «Alban» adının etimo­logiyasından danışarkən bu sözün mixi yazılarında «al-ban» şəklində yazıldığını, «şimal əyaləti», «dağlıq», «dağıstan» mənalarında olduğunu və ermənilərin işlətdiyi, «Ağvan» sözünün də eynilə həmin mənanı bildirdiyini qeyd edir (32, 19-25).
K.Əliyev «alban» sözünü Xevusar əyalət kahinlərinin dilində olan «müqəddəs meşə» mənasında «alvani» sözü ilə müqayisə etmiş, lakin «alban» sözünün bu sözdən ola biləcəyini güman etməmişdir (106, 219).---------
A.Məmmədov və Y.Yusifov isə öz əsərində Altan// Alpan, arran, ağvan sözlərini «işıqlı, parlaq səma» mənalarında izah etmiş və onu mənşəcə avarlara tətbiq olunan halbi sözü ilə əlaqələndirmişlər (75, 102).
M. Seyidov Al tapınışı, Al və Alban sözbrinin etimolo­giyası haqqında qiymətli tədqiqatlar aparmışdır. O, yazır ki, «Biz Azərbaycanın bir hissəsi Alban yer adının Azərbaycan-türk dilləri və Azərbaycan təfəkkürü ilə əlaqəli olduğunu düşünürük. Bizcə, Alban yer adı «al» və «ban» sözlərindən yaranmışdır. «Al» tərkibinə bir çox türkdilli xalqların yer, o cümlədən dağ adlarında rast gəlmək olur. Misal üçün Altay, Alaş, Alaşa və s. Bu dağ adlarındakı «al» tərkibi türk dillərində yüksəkliyi, ucalığı, qüdrəti bildirir. Onda, Alban yüksək, uca ban, yəni uca ev, uca dam, damı uca, yüksək yaşayış yeri deməkdir. Bu da çox təbiidir. Çünki Albanda dağlıq çoxdur və görünür ki, onlar da ucalan dağları evin yüksək hissəsi kimi, damı, banı sayırmışlar» (90, 82).
Q.Kazımov da «Azərbaycan dilinin tarixi» kitabında Albaniya, Alban toponiminin etimologiyası haqqında ətraflı danışmış və onun türk dillərinə məxsus «cəsur, igid» məna­larını verən «alp» və «an» hissələrindən ibarət olduğunu bildirməklə, Albaniya adının «igidlər, cəsurlar ölkəsi» mə­na­sına gəldiyini vurğulayır (61, 156).
Q.Qeybullayev, Q.Məşədiyev, M.Adilov, B.Budaqov, F.Xalıqov və digər tədqiqatçıların da Alban/Alpan/Alpout to­ponimi haqqında fikirləri belədir ki, həmin söz «igid, cə­sur» mənasını ifadə edən türk sözü «alp» və «an» mor­fem­lərindən ibarətdir (64, 216; 82, 143; 7, 276; 21, 39; 56, 94).
 Alban/Alpan toponimi haqqında deyilənləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur ki, tədqiqat­çı­ların bu söz haqqındakı fikirlərini iki yöndən araşdırmaq olar:
1. Bir qrup tədqiqatçı hesab edir ki, Alban/Alpan adı türk mənşəli olmayıb, «alp» və «an» hissələrindən ibarətdir ki, bu da «uca, dağlıq yer» mənalarına gəlir.
2. Digər bir qrup araşdırmaçılar isə elə düşünürlər ki, «Alban» toponimi «al» və «ban» morfemlərindən əmələ gəlib və türk mənşəli sözdür. Mənası isə əvvəldə qeyd etdiyimiz kimi, hündürlük, yüksəkliklə əlaqədardır.
Biz isə Alban/Alpan toponimi haqqında o fikirdəyik ki, bu ad türk mənşəlidir və «al» morfemi ilə «ban»ın birləş­məsindən əmələ gəlmişdir.
Burada «al» qədim türklərin mifologiyasından gələn «Al» tanrısı ilə əlaqədardır ki, o da «ucalığı, yüksəkliyi» ifadə edir. Yəni Alban sözündə «ucalıq, yüksəklik» həmin «Al» tanrısından qalan yüksəklikdir. «Ban» morfemi də qədim türklərdə yer mənasını ifadə edən sözdür.
Yekun olaraq o qənaətə gəlmək olar ki, Alban/Alpan toponimi qədim türklərin mifik dünyagörüşü ilə əlaqədar olaraq meydana çıxmış və zaman kecdikcə etnonim və toponimə çevrilmişdir.
Alpout – Hal-hazırda Azərbaycan ərazisində Alpout adında 6 kənd var (Bərdə, Ucar, Goranboy, Göyçay, Ucar, Laçın). Ancaq XX əsrin əvvəllərinə qədər Qafqazın türklər yaşayan yerlərində 11 Alpout adlı kənd olmuşdur Toponim VII əsrdən adı çəkilən «alpout» tayfasının adı ilə əlaqə­ləndirilir. Onlar XI-XII əsrlərdə Səlcuqların, XIV-XV əsr­lərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Zaqafqaziyanın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xiamət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışlar (34, 36).
Sevortyan E.B. Alpout sözünü türk dillərində «yuxarı təbəqəyə mənsub olan», «ağalar», «mülkədarlar» kimi xarakterizə edir (120, 234).
Q.Qeybullayev, M.Abbasova, T.Əhmədov, Q.Məşədi­yev, F.Xalıqov, E.Abışov və başqaları Alpout sözünün etimoloji izahına səy göstərmiş və sözün sonundakı -t sami­tini cəmlik göstəricisi kimi təqdim etmişlər. Alp sözünü «qəh­rəman», Alpout sözünü isə «qəhrəmanlar» kimi məna­lan­dırmışlar (64, 223; 11, 36;.34, 35; 84, 76; 56, 29; 2, 63).
Birinci tərəfi Alp olan mürəkkəb şəxs adlarına Orxon-Yenisey abidələrində də təsadüf olunur: Alp Şahçı, Alp Urnu Tutuk və s. (96, 131).
F.Xalıqov Alpout sözündən söhbət açarkən haqlı olaraq qeyd edir ki, həmin toponimin işlənmə tarixi abidələrin özü qədər qədimdir (56, 91).
Deməli, qədim türk yazılı abidələrində və eləcə də «Kitabi-Dədə Qorqud» dastanında izlərinə təsadüf olunan Alpout toponimini erkən orta əsrlərlə bağlamaq düzgün olmazdı. Bunu sübut edən faktlardan biri də Alpout adının ikinci tərəfi olan «out» morfeminin but//qut elementi ilə əlaqədar olmasıdır ki, bu da Qorqud toponiminin ikinci tərəfindəki qud//qut elementidir. Həmin qud//qut sözü isə qədim türklərin mifik dünyagörüşü ilə bağlanır.
Araşdırmalar göstərir ki, alpout sözünün kökündə dayanan «alp» morfemi «Al» tanrısı ilə əlaqədar olduğu üçün həmin mənaları ifadə etmişdir. Türk dillərinin səs quruluşunun inkişaf tarixi də göstərir ki, «alp» forması – VCC heca tipi prototürk dili üçün səciyyəvi deyil (28, 159).
Yəni, qədim türk-Azərbaycan dili üçün bir sait, bir samit, ya da əksinə quruluşlu heca tipi daha çox xarak­terikdir ki, nəinki sait+samit+samit forması.
Deməli, qədim yazılı abidələrə və tədqiqatlara əsas­lanaraq demək olar ki, Alpout//Alpağut adı ilk öncə türk-Azərbaycan dilində sonra etnonim və ən nəhayət toponim kimi meydana çıxmış və qədim türklərin «Al tapınışı» ilə əlaqədardır. Ucar rayonu ərazisindəki «Alpı» toponimi də bir daha təsdiq edir ki, Alpout // Alpağut toponimi mifoloji dünyagörüşlə səsləşir.
Aldədə. Tovuz rayonunda Axınca çayının günbatan tərəfində əfsanəvi bir abidə yerləşir. Bu abidə «Aldədə» adlanır. Yerli əhali ona şəfa verən bir ocaq kimi baxırlar, hətta onun üstündə niyyət qurbanları da kəsirlər. Əhali bu abidəni XIX əsrin əvvəllərində yaşamış bilici Ağamirzəli adlı bir seyidlə əlaqələndirirlər. «Abidə»ni Alı dədə kimi yozanlar da vardır.
Tovuz rayonunun toponimlərini ətraflı araşdıran Z.Xa­si­yev haqlı olaraq yuxarıda göstərilən yozumlarla razılaş­mayaraq yazır: «Araşdırmalar göstərir ki, Aldədə xalqımızın mifik təfəkkürü ilə bağlı inam və etiqadları özündə yaşadan bir abidədir. Həm də bu abidə Xunan yurdunun ilk kökləri olan türk qövmlərinin yadigarıdır» (55, 28).
Müəllif, «Aldədə» toponiminin etimologiyasını açmaq üçün, tədqiqatında «Aldədə» əfsanəsini, mifini olduğu kimi verir və bununla da öz fikirlərini əsaslandırır.
Azərbaycan mifologiyasının görkəmli tədqiqatçıların­dan olan M.Seyidov da «Azərbaycan xalqının soykökünü düşünərkən» kitabında «Al» tapınışı ilə əlaqədar olaraq «Aldədə» adının etimologiyasına toxunmuş və «Aldədə» sözünün tərkibindəki «al» morfemini «ulu», «uca» mənaları ilə bağlayaraq, həmin toponimin «ulu dədə» mənasında işləndiyini göstərmişdir (91, 78). Həmin ululuğun özü də qədim türklərin mifik inamları ilə bağlıdır. R.Hümbətova öz tədqiqat əsərində bunu bir daha əsaslandırmışdır.
Biz də düşünürük ki, «Aldədə» toponimini hər hansı konkret bir şəxsin adı ilə bağlamaq xalq etimologiyasından başqa bir şey deyil və bu cür fərziyyələrlə həmin sözün etimologiyasını açmaq qeyri-mümkündür. Elə hesab edirik ki, Z.Xasiyevin «Aldədə» toponimi haqqındakı mülahizələri tamamilə doğrudur. «Aldədə» toponimi qədim türklərin mifik dünyagörüşü ilə əlaqədar olaraq meydana çıxmışdır.
Allar – Yardımlı və Cəlilabad rayonlarında həm kənd, həm də çay adı mövcuddur (11, 34). Ayrı-ayrı tədqiqat əsərlərində və ensiklopedik lüğətlərdə qeyd edirlər ki, Allar toponiminin əsl Adı «Alar» olmuşdur və toponim özündə «alar» etnonimini əks etdirir (28, 165).
Alarlar yayı Talış dağlarında, qışı isə Muğanda keçirir­dilər. 1870-ci ilin məlumatlarına görə, alar tayfası parçalan­mış və müxtəlif adlar altında bir neçə kəndin əsasını qoymuşlar. Onlar monqol yürüşlərində iştirak etmiş türk-monqol mənşəli orant tayfasının bir qolu olmuş və həmin əsrdə Talış zonasına köçürülmüşlər (34, 234).
Hal-hazırda da yerli əhali həmin kəndləri «Alar» kimi tələffüz edirlər. Yuxarıda gətirdiyimiz sitatda deyilir ki, «Allar» toponiminin qədim forması «Alar» olmuşdur. Ancaq araşdırmalar göstərir ki, bu heç də belə deyildir. Əgər belə olsa, onda həmin toponim «al» və «ar» morfemlərindən ibarət olur ki, türk dillərində də feil əsasında formalaşan onovahidlər qədimə getdikcə azlıq təşkil edir.
Düşünürük ki, «Allar» toponimi «Al» və «lar» hissə­lə­rindən ibarətdir və bu variant daha qədim hesab olunmalıdır. «Allar» toponiminin mənası «al tayfasına mənsub olanlar» deməkdir ki, bu söz dilimizin sonrakı inkişafı nəticəsində «l» samitinin düşməsi ilə baş vermişdir. Həmin faktları təsdiq edən türk dillərinin etimologiyasına aid bir neçə əsərlərdə olduqca zəngin materiallar mövcuddur (108, 36; 114, 49; 120, 105).
Alcanlı – Şamaxı rayonu ərazisindəki bu dağın adını «alı­canlı» sözü ilə əlaqələndirirlər (11, 37). Bu əlaqələn­dir­mə xalq etimologiyasına əsaslanır. Ona görə də həmin fərziyyəni həqiqətə uyğun hesab etmək doğru olmaz. «Alıcanlı» dağının quruluşu bizə əsas verir ki, onu türk dillərində «ucalıq», «yüksəklik» bildirən «al» sözü ilə əlaqələndirək. Yəni bu oronim daha çox hündürlük bildirən «al» sözü ilə bağlı ola bilər.
Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində hün­dürlüyü 3000 metrə çatan «Al» adında möhtəşəm bu dağın olması da, «Alıcanlı» oroniminin daha çox «Al» tapmışı ilə bağlı ola biləcəyinə əsas verən faktlardandır (60, 114).
Aldərə – Yelizavetpol (Gəncə) quberniyasının Zəngə­zur qəzasında indiki Meğri rayonunda eyni adlı kənd və çayın adı. Aldərə kəndi Araz çayının sahilində yerləşir. Həmin kənddə 1988-ci ilə qədər azərbaycanlılar yaşamışlar.
H.Mirzəyev və İ.Bayramov «Aldərə» toponiminin eti­mo­logiyasından danışarkən göstərirlər ki, toponim qədim Azərbaycan dilində «qırmızı» mənasını bildirən «al» sözü ilə «dərin çuxur» mənasını ifadə edən «dərə» sözünün birləşməsindən formalaşmışdır və «qırmızı dərə» mənasını ifadə edir (85, 79; 19, 60).
Düzdür tədqiqatçıların dediklərində müəyyən mənada həqiqət var, ancaq B.Budaqov isə yazır ki, «Aldədə topo­nimi Əli və «dərə» sözündən ibarətdir» (21, 46). Biz elə hesab edirik ki, Aldərə toponimi haqqındakı birinci fikir daha çox həqiqətə yaxındır. Lakin burada «al» sözü qırmızı yox, «dərin dərə» mənasını ifadə edir ki, bu da qədim türklərin mifik dünyagörüşü ilə bağlı ola bilər.
Alkavanis 1728-ci ildə İrəvan əyalətinin Göycə maha­lında kənd adı. M.Abbasova hesab edir ki, Alkavanis toponimi türk dillərində «yüksəklik» mənası ifadə edən «alik» və «kənd, oba» mənasını daşıyan «avan» sözlərindən ibarət olub, «yüksəklikdə yerləşən kənd» deməkdir. Alka­vanis isə sözün ermənicə tələffüz formasıdır (11, 37).
Onu da qeyd edək ki, «Adkavanis» həmin kəndin ermənicə tələffüz formasıdır.
Göründüyü kimi, «Alkavanis» toponiminin kökündə «yük­səklik», «ucalıq» məfhumları müəyyən dəyişikliklərlə mühafizə olunmuşdur.

«ALA» DERIVATLI MİFOLOJİ
TOPONİMLƏR

Türk dillərində, xüsusilə də Azərbaycan dilində «Al» köklü mifoloji antropotoponimlərin linqvistik xüsusiyyət­lərini araşdırarkən məlum olur ki, həmin toponimlərin bir qrupu «al» morfeminin «ala» derivatı əsasında formalaş­mışdır. Ancaq burada nəzərə almaq lazımdır ki, «ala» köklü bir qrup adlar vardır ki, onlar ümumiyyətlə «Al» tpınışındm gələn «ucalıq», «yüksəklik» məfhumu ilə bağlı olmayıb, «ala-tala», «ağ-boz» əlamətləri ilə əlaqədardır. Ancaq, «ala» köklü toponimlərin əksəriyyəti məhz «hündürlük» anlayışı ilə bağlıdır. Bu kimi mifoloji toponimlər çoxdur. Onlardan Ala göllər,  Aladaş, Alakol, Alagöz, Alatava, kimi  mifoloji toponimlərin mahiyyətini, linqvistik  xüsusiyyətlərini açıq­lamışıq.
Ala göllər – Azərbaycan ərazisində Kəlbəcər və Laçın rayonlarının ərazisində Kiçik Qafqaz və Qarabağ yaylasında eyni adlı göl və dağların (zirvələrin) adıdır. Ən böyük gölləri Böyük Alagöl və Kiçik Alagöldür. Vulkan püskür­mələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlmişdir.
Azərbaycan toponimiyasında «ala» komponentli yer adlarından danışarkən tədqiqatçıların əksəriyyəti göstərir ki, həmin ad ətraf süxurların ala (boz) rənginə görə belə adlandırılmışdır.
Ancaq biz yuxarıdakı fikirlə razı deyilik. Ona görə ki, hər 3 (üç) toponim relyeflə bağlı ola bilməz. İkincisi isə həmin toponimlərin hər üçünün ən yüksək obyektlər olması da bizə əsas verir deyək ki, Ala göllər adının mənşəyi mifologiyamızdan gələn «Al»la bağlıdır. Heç də təsadüfi deyil ki, «Ala göllər» Azərbaycan Respublikasının ən uca dağ gölü hesab olunur.
İnsanın bədən üzvlərindən biri olan «alın» – «ın» tər­kibindəki «al» morfemi də məhz «yuxarı», «hündür» yerə işarədir.
Buna görə də biz hesab edirik ki, Ala göllər hündür­lükdə yerləşən «göllər» mənasına daha çox uyğun gəlir.
Qarabağ silsiləsinin şimal hissəsində, Kəlbəcər və Ağdərə rayonları sərhədində yerləşən və hündürlüyü 2583 metrə çatan Alaqaya zirvəsinin adı da fikrimizcə həmin mənanı, yəni «hündür», «yüksək» qaya mənalarını verir.
Aladaş – Xızı rayonunda, Dudar və Gilgil çayları ara­sında dağ silsiləsi. Baş Qafqaz silsiləsinin qollarından biridir. Tədqiqatçıların fikirncə, həmin dağ silsiləsi «Ala­daş» qayasının adı ilə adlandırılmışdır və burada «ala» süxurlarının müxtəlif rəng çalarını ifadə edir (11, 31). Q.Qey­bullayev və N.Məmmədli də öz tədqiqatlarında «ala» komponentli toponimlərin tərkibindəki həmin morfemin «rəng» bildirməsini qeyd edirlər.
E.Koyçubayev həm öz lüğətində, həm də digər əsər­lə­rində yeri gəldikcə «ala» komponentli toponimlərin, xüsu­silə də oronimlərin etimologiyasına toxunmuş və həmin toponimlərin adlarının hamısının bir sistem halında rənglə bağlı olmadığı qənaətinə gəlir (114, 92).
Biz də E.Koyçubayevə əsaslanaraq «Aladaş» toponi­minin rənglə yox, hündürlüklə bağlı olması qənaətindəyik.
Alakol – Tovuz rayonunda ən iri kəndlərdən biridir. 1961-ci ilin məlumatlarına görə, Alakol sovetliyinə Köh­nə­qala, Məşədilər, Aşrallar və İbrahimhacılı kəndləri də daxil olmuşdur. Bu kəndin torpağının bir hissəsi Qırıxlı kəndinə düşdüyündən həmin yer Alakol Qırıxlısı adlan­mışdır.
1954-55-ci illərdə Düz Qırıxlı kəndində gedən plan­laş­dırma bu ərazidəki qırıxlıların öz kəndlərinə köçmələrinə səbəb olmuş və bundan sonra Alakol Qırıxlısı toponimi də sənədlərdən silinmişdir (55, 85).
«Azərbaycan toponimləri» kitabında Alakol topo­ni­mindən söhbət açılarkən qeyd edirlər ki, «bu ad seyrək bitkili yer, adda-budda kollu sahə» mənasındadır (11, 31),
Z.Xasiyev isə «Alakol» toponiminin etimologiyasını və digər linqvistik xüsusiyyətlərini dərindən araşdıraraq yazır: «Alakol linqvistik baxımdan mürəkkəb quruluşa malik addır. Ala və kol komponentlərindən yaranmışdır. Maraq­lı­dır ki, tərəflərin heç biri müasir mənada işlənilməmişdir. Hər iki söz (ala və kol) semantik baxımdan çoxdan arxaik­ləş­mişdir. Ala komponenti türkdilli xalqlarda yer, xüsusən dağ adlarında öz ilkin mənasını mühafizə edib saxlamışdır. Məs: Alpan, Alban, Alazan, Alaşa, Alpaut və s. Ümumiy­yətlə toponimik vahidlərdə al morfeminin ala derivatı xüsusi yerlərdən birini tutur. Al və onun derivatı ala söz yara­dıcılığında daha məhsuldar olmuşdur. Al/ala sözləri həm də çoxmənalıdır. Əksər türk dillərində işlənən bu söz «böyük», «yüksək», «uca», «qüdrətli», «ulu» və s. mənalarda gös­tə­ril­mişdir. Alakol toponimində ala «böyük», «geniş» mən­a­la­rında özünü göstərir. Kol isə qədim türk dillərində «aran yeri» mənasını ifadə edir. Deməli, Alakol «böyük aran yeri» anlamındadır (53, 85).
Düzdür Z.Xasiyev Alakol toponiminin mənasını düzgün müəyyənləşdirmişdir, ancaq ala morfeminin həmin mənada qədim türklərin «Al tapınışı» ilə bağlılığını qeyd etməmişdir.
Alagöz – İrəvan quberniyasının Şərur-Dərələyəz qəza­sın­da, indi Keşişkənd rayonunda kənd, eyni rayonda mahal, İrəvan quberniyasının Aleksandropol qəzasında kənd, Əzizbəyov rayonunda göl, dağ və s.
Tədqiqatlar göstərir ki, Alagöz toponimi Cənubi Qaf­qazda geniş yayılmışdır. Dağıstan və Gürcüstan ərazilərində də Alagöz adlı dağ və su obyektləri mövcud olmuşdur (17, 43).
Alagöz toponiminə hələ V əsrə aid mənbələrdə təsadüf olunur. Bu toponim erməni mənbələrində Alayaz, Alagəz, Alagöz və s. formalarda xatırlanır. Alagöz adının türk xalqlarında geniş yayılması bu toponimin etnonim mənşəli olmasını əsaslandırır və bu adda toponimlərin arealının geniş olması isə həmin etnosun geniş yayılması ilə əlaqə­dardır (49, 76).
Bütün tarixi, coğrafi və linqvistik araşdırmalarsa gös­tərir ki, həmin etnos ona görə Alagöz adlanıb ki, onlar hər zaman nisbətən hündür, dağlıq, uca yerlərdə yaşamışlar. Yəni Alagöz toponiminin gözün rəngi anlayışı ilə heç bir əlaqəsi yoxdur.
Alagöz toponimi ilə bağlı maraqlı məsələlərdən biri də bu adın ikinci tərəfi olan «göz» morfemi ilə bağlıdır. Belə ki, indiyə qədər nə lüğətlərdə, nə də monoqrafik tədqiqat­larda Alagöz toponiminin ikinci tərəfi olan «göz» morfemi haqqında demək olar ki, məlumat verilməmişdir. Yalnız bi­rin­ci tərəfə nəzərən həmin adın mənasını bildirməklə kifa­yət­lənmişlər. Biz isə elə düşünürük ki, göz//gəz//qas//qaz morfemləri ilə bağlıdır. Yəni, qas→qaz→gəz→göz→kaş istiqamətində fonetik dəyişmə baş vermişdir. Başqa şəkildə «göz» morfemini türklərdə heç cür izah etmək olmur. Qaz morfemi həmin elementdir ki, Qavaqaz toponiminin bir his­səsini, Qazaq toponiminin birinci hissəsini təşkil edir. «Kitabi-Dədə Qorqud» dastanında Qazlıq dağı məhz «uca­lıq», «ululuq» rəmzi kimi simvolizə edilir. Qaz//qas morfemi haqqında C.Ataniyazov, R.Yüzbaşov, Q.Qeybul­la­yev, T.Əhmədov, M.Seyidov və başqaları ya birbaşa, ya da dolayısı ilə bəhs etmiş və belə nəticəyə gəlmişlər ki, qaz morfemi «uca», «hündür» mənalarını ifadə edən qədim türk sözüdür (114, 63; 108, 71; 103, 42; 34, 82, 90, 101). Biz də həmin fikirlə razılaşırıq və belə hesab edirik ki, Alagöz toponiminin ikinci tərəfini təşkil edən göz sözü məhz «qaz//qas» sözünün fonetik variantlarıdır ki, bu cür səs dəyişməsi də türk-Azərbaycan dilində tam qanunauyğun haldır.
Yekun olaraq Alagöz toponimi haqqında belə bir qəna­ətə gəlmək olar ki, Alagöz adı «hündür», «uca yer», «mə­kan» anlayışı ifadə edir ki, bu da qədim türklərin mifik inamları ilə bağlıdır.
Biz elə düşünürük ki, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda yerləşən Alapapaq hidroniminin etimologiyasının əsasında həmin «Al tapınışı» ilə əlaqədar olan mifoloji inam dayanır. İndiki Ermənistan – Qərbi Azərbaycanda yerləşən Alapars, Alaçıq daş, Alaçıq qaya və digər yer-yurd adları da çox gü­man ki, elə qədim azərbaycanlıların mifik təfəkkürü ilə bağlı olaraq meydana gəlmişdir. Bunu onların relyefi də sübut edir. Belə ki, tədqiqatlar zamanı məlum olmuşdur ki, yuxa­rıda adları çəkilən «ala» morfemli toponimlərin hamısı nisbətən hündürlüklə bağlıdır (118, 94).
Alatava – Bakı şəhərində yaşayış sahəsinin adı. Bakı şə­hərinin və Abşeronun toponimlərindən danışan tədqi­qat­çılar Alatava oykoniminin etimologiyasından söhbət açarkən bir qayda olaraq bildirirlər ki, toponim «ala» (türk dillərində «boz», «bozumtul») və «tala» (təpə, dağ, qaya, yayla) söz­lə­rindən ibarət olub, «bozumtul yayla» yaxud «yüksək yayla» mənasındadır (11, 156).
Onu da qeyd etmək lazımdır ki, Alatava toponiminin mənası ilə bağlı tədqiqatçıların fikrini iki istiqamətdə xarakterizə etmək olar: 1) Bir qrup tədqiqatçı hesab edir ki, Alatava oykoniminin mənası rəng bildirən «ala» morfemi ilə bağlıdır və onun mənası «boz, bozumtul yayla, təpə» an­lam­larına gəlir. 2) Digər bir qrup tədqiqatçı isə daha çox Bakı şəhərinin, o cümlədən də Alatavanın relyefinə istinad edərək onun etimologiyasını «hündürlük» bildirən «ala» sözü ilə əlaqələndirərək, bu toponimin «yüksəkdə, hündürlükdə yer­ləşən yayla, məkan» olduğunu əsaslandırırlar. Biz də ikinci fikri həqiqətə daha yaxın hesab edir və onu qəbul edirik. Doğrudan da Alatava yaşayış massivi Bakı şəhərində ən yüksəkdə yerləşən obyektlərdəndir (55, 287).
Alaşa – Astara rayonunda kənd. Lənkəran ovalı­ğın­da­dır. Toponimin yerli tələffüz forması Ələşodur. Coğrafi adın «ala» komponenti türk dillərində «iri, böyük» deməkdir. Şa komponenti isə həyat sözünün qədim variantı olub, «böyük həyat» mənasını bildirir (117, 98; 11, 154).
XIX əsrə və XX əsrin birinci yarısına aid mənbələrdə Alaşa toponiminə əksərən Alaş formasında təsadüf olunur. Ələşo variantına isə mənbələrdə demək olar ki, rast gəl­mirik.
Alaşa adına dərindən yanaşdıqda məlum olur ki, əslin­də əsasən talış dilli yerli əhali həmin sözü Ələşo formasında tələffüz edir ki, bu da İran dilləri üçün xarakterik  fonetik hadisədir.
M.Seyidov «Al» komponentli dağ adlarından söhbət açarkən yazır: «Al//al» tərkibinə bir çox türkdilli xalqların yer, xüsusilə dağ adlarında rast gəlmək olur. Misal üçün Altay, Alaşa və s. Bu dağ adlarındakı «al» tərkibi türk dillərində yüksəkliyi, ucalığı, qüdrəti bildirir. Ümumiyyətlə, «al» türk dillərində çoxmənalı sözdür; Altay dilində «hün­dür», «uca», «yüksək», «qüdrətli», «ulu», türkmən dilində «yüksək», «uca» anlamları vardır. Elə «al» sözünün bu anlamına əsasən türkoloji dilçilikdə belə ümumi və doğru bir qənaət vardır ki, Altay – uca dağ deməkdir (90, 78).
Daha sonra müəllif Alaşa//Alaş toponimi haqqında fikrini daha da konkretləşdirərək qeyd edir: «Alaşa//Alaş-al+aş-dakı «al»ın «uca» «aş//əş»in isə «tay» anlamı da vardır. Alaşa//Alaş, yəni ucalığa, ucaya tay» (90, 78).
Astara rayonu ərazisində yerləşən Alaşa mineral bu­laqlarının və çayının eyni zamanda kəndinin relyefi də bizə əsas verir ki, M.Seyidovun mülahizəsi ilə razılaşaq.
Alazan-Qanıx – Kür çayının ən böyük sol qolu. Alazan çayı Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası sərhədi boyunca olan hissəsinin adıdır. Bu çay Zaqaf­qa­ziyanın ən böyük çaylarından biridir. Uzunluğu 413 km-ə yaxındır. Gürcüstan ərazisində bu çay Alazani, respub­li­ka­mızda isə Qanıx çayı adlandırılır (46, 110).
Hələ e.ə. I əsrdə Yunan coğrafiyaşünası Strabon öz əsərində həmin çayın hər iki adını çəkmiş və Albaniyada Kaspi dənizinin, Kürün, Arazın, Alazanın, Kürün qolla­rın­dan Roytak, Sandoban, Xan hidronimlərinin adlarını müasir Azərbaycan dili ilə müqayisədə azacıq fonetik dəyişikliklə eyni cür qeyd etmişdir (68, 121-125).
Tədqiqatçıların əksəriyyəti Alazan-Qanıx hidroniminin etimologiyasını udin, saxur və ləzgi dillərində «su», «çay» mənası verən «xan» və «-ex» sözdüzəldici şəkilçisindən iba­rət olduğunu göstərirlər (119, 66; 36, 37). N.Əsgərov isə Alazan-Qanıx adından bəhs edərkən hər iki hidronimin tayfa adı ilə bağlı olduğunu yazır və Ə.Əliyevə əsaslanaraq Qanıx adını «Qanlı» adlı türk tayfasının adı idə bağlayır (46, 111).
Biz isə Alazan-Qanıx hidroniminin etimologiyası haq­qında o qənaətdəyik ki, həmin ad Qanlı etnonimi ilə yox, Qınıq//Kınıq tayfa Adı ilə bağlıdır. Qınıq adına «Kitabi-Dədə-Qorqud» dastanında da rast gəlirik: «Biri Qanturalı, biri Qara Çəkur və oğlu Qırxqınıq və Boz ayğırlı Beyrək» (95, 89). Göründüyü kimi, Oğuz qəhrəmanının adı iki his­sə­dən (qırx+qınıq) ibarətdir. «Oğuznamə»lərdə Oğuz tayfa­la­rının içərisində kınıq boyu da xatırlanır. Mənbələrdə qayı, qınıq və boyat Oğuz tayfalarının ən öncülü sayılmışdır. Anadoluda qınıqlarla bağlı 70-dən çox kənd mövcuddur və Oğuzlarda qınıq// künüq tayfa adı kimi işlənir. Məsələn: Kınıq Səlcuq, Kınıq Qazıqurd, Kınıq Albaş və s. A.Bay­ramov da öz tədqiqatlarında həmən məsələlərə müəyyən mənada diqqət çəkmişdir (18, 79-80).
Bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, Qanıx hidroniminin «Qınıq» etnik adı ilə bağlılığı daha ağlaba­tandır. Hidronimin tərkibində birinci komponent kimi çıxış edən Alazan onovahidi də heç şübhəsiz, türk mənşəli addır. Yuxarıda qeyd etdiyimiz kimi gürcülər bu çaya Alazani deyirlər və artıq sübut olunmuşdur ki, həmin ad qədim türklərin mifoloji dünyagörüşü ilə bağlıdır.
Azərbaycan ərazisində və digər türkdilli respublikaların ərazisində «al» morfemli mifoloji toponimlərin bir qismi həm tarixən, həm də müasir səviyyədə «əl» formasında işlənir ki, bu da Azərbaycan və bütün türk dilləri üçün qa­nu­nauyğun bir fonetik hadisədir. Maraqlı cəhətdəndir ki, «Al» tapınışı ilə bağlı formalaşan yer-yurd adlarını bir sistem halında nəzərdən keçirəndə bir daha aydın olur ki, həmin qrup toponimlərdə mifoloji təfəkkür rüşeym halında möv­cuddur. Yəni həmin adların tarixən A1 tanrısı – inanışı ilə bağlılığı sanki arxaik plana keçmişdir.

«AL» MORFEMİNİN «ƏL» FONETİK FORMASI VASİTƏSİLƏ FORMALAŞAN MİFOLOJİ TOPONİMLƏR

Əlincə – Naxçıvan MR. Culfa rayonu ərazisində dağ, çay və qala adlarıdır. Əlincə qalası sıldırım qayanın üstündə yerləşir və eyni adlı çayın sahilindədir.
Tədqiqatçıların əksəriyyəti yekdilliklə qəbul edirlər ki, Əlincə çayı və dağı eyni adlı qalanın adı ilə adlanmışdır (14, 20). Əlincə qalasının adı «Kitabi-Dədə Qorqud» dastanında bir neçə dəfə çəkilir. VII əsrə aid erməni mənbələrində qa­la­nın adı «Erincaq» formasında işlənir. XIII əsrə aid mənbə­lər­də isə Alinca formasında qeyd olunur. Eldəgizlər dövrün­də mühüm hərbi istehkam olmuşdur. XIII əsrdə Elxanilərin, XIV əsrdə isə Cəlairilərin hakimiyyətində olmuşdur. Qala 14 il Teymur qoşunlarına qarşı müqavimət göstərmişdir. Teymurun ölümündən sonra isə yenidən Cəlairilərin, son­ralar isə Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur (63, 98; 77, 272-274).
Əlincə toponiminin etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur.
A.Axundov Əlincə qalasının adını monqolların yürüşü zamanı Azərbaycana gəlmiş, əslən türk olan «Əlcihanilərlə» bağlayır və bu adın həmin etnonimdən metateza və eliziya hadisələri nəticəsində yarandığını qeyd edir (9, 34).
M.Seyidov isə ehtimal edir ki, Əlincə adının ilkin forması «erinq // erenq» olmuşdur. «Erunq»un «möhkəm» (tverdıy), «qüvvə» (sila), «qüvvətli» (silnıy), dövlət (vlast) mənaları vardır. «Çaq» isə Azərbaycan dilində yer, məkan bildirən şəkilçidir. Beləliklə, «Erincaq//Erincək» Əlincə «möhkəm, qüvvətli, dövlətli, hakimiyyəti olan yer» demək­dir (90, 88-89). N.Məmmədovun fikrincə, Əlincəqala dağ adı ilə bağlıdır (76, 83).
Əlincə toponimi haqqında maraqlı fikirlər söyləyən tədqiqatçılardan biri də A.Bağırovdur. O, Əlincə çayı ilə bağlı bu sözün mənşəyini ətraflı araşdırır və belə nəticəyə gəlir ki, onun etimologiyasını monqolların gəlişi dövrü ilə əlaqələndirmək olmaz. Çünki həmin dövrdən əvvəlki mən­bə­lərdə bu toponimin adı bir neçə dəfə çəkilir. Eyni zamanda həmin toponimin səs dəyişmələri nəticəsində yuxarıda adı çəkilən etnonimdən əmələ gəlməsi versiyası da inandırıcı deyil. A.Bağırov yekun olaraq o nəticəyə gəlir ki, Əlin­cə­qala onomastik vahidi toponim səciyyəlidir. Bu ad Nuh peyğəmbərin nəticəsi Alınca xanın Adı ilə bağlı yaranıb. Çox ehtimal ki, Alınca xan da hakimiyyəti illərində yüksək dağ zirvəsində bu qalanı inşa etdiyinə görə, qala onun adı ilə adlandırılmış və minilliklər boyu bu adı yaşatmışdır (14, 19-21).
Biz Əlincə onomastik vahidi haqqında bütün deyilən­lərə hörmətlə yanaşırıq, ancaq elə hesab edirik ki, həmin adın mənası «Al» sözü ilə bağlı olub, səs dəyişməsi (a→ə) nəticəsində əmək gəlmişdir ki, onun da mənasında «ucalıq», «hündürlük» dayanırbu da öz növbəsində Əlincə qala­sı­nın coğrafi mövqeyi ilə də təsdiqlənir. Deməli, Əlincə ono­mastik vahidi qədim türklərin mifoloji dünyagörüşü ilə əlaqədardır.
Ələyəz – Ələyəz Dərələyəzin indiki Yexiqnadzor (Ke­şiş kənd) rayonunda azərbaycanlı kəndidir. Tarixi mənbə­lərdə bu «Alagöz», «Kərimxan mərzəsi», «Ələyəz mahalı» adı ilə də tanınır (19, 297). 1894-cü ilə qədər bu kənd Dərələyəzdə 20 kəndin mərkəzi olmuşdur. Lakin 1894-cü ildən sonra çar Rusiyası bu mərkəzi Həsən kəndə köçür­müş­dür. 1828-ci ildən sonra azərbaycanlıları zorla oradan çıxarıb erməniləri yerləşdirmişlər (21, 216).
Dilçilik ədəbiyyatlarında Ələyəz toponimi haqqında bu və ya başqa şəkildə məlumat verilmişdir. A.Bayramov yazır ki, Ələyəz // Alagöz // Alakas // Aladağ-Şörəyel vadisinin ətəklərində, hündürlüyü 4020 metr, sahəsi 8800 kvadrat kilometr olan dağın və silsilənin adıdır. A.Bayramovun gəldiyi nəticə belədir ki, Ala sözü qədimdə uca mənasını ifadə etmişdir (17, 79). Biz müəllifin bu fikri ilə razıyıq.
Deməli, Ələyəz sözündə «ala» sözü «ələ» formasına düşmüşdür və bu da dilimizin Cənub qrupu dialekt və şivələrinə xas olan fonetik hadisədir ki, həmin hadisə də Ələyəz sözündə özünü göstərmişdir. Toponimin ikinci tərəfi olan «yəz» morfemi isə əvvəldə Alagöz toponimindən danışarkən qeyd etdiyimiz kimi, tayfa adı olub (kas, qas, qaz, gəz, göz, yəz) həmin onovahidlərin ikinci hissəsini təşkil edir. Araşdırmalar göstərir ki, Ələyəz hündürlüklə bağlı meydana çıxmışdır. H.Mirzəyev də öz tədqiqatlarında A.Bayramovun mülahizələri ilə razılaşır.
Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsər­lər­də Ələt adının türk-monqol mənşəli «oyrat» tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir (12, 214).
Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdi­yinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır (12, 214).
Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir (88, 19). Mənbə­lərdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahid­lərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur. Bu oykonimlərin etnonim mənşəli olması heç kimdə şübhə do­ğur­mur. Ancaq biz T.Əhmədova əsaslanaraq elə hesab edirik ki, Ələt oykonimi «oyrot» tayfası ilə deyil, elə Alat//Ələt adlı türk tayfasının adı ilə bağlıdır ki, məlumatlara görə də həmin etnos qədimdə hündürdə, dağlıq ərazidə yaşadığı üçün belə adlandırılmışdır. Bildiyimiz kimi, bu cür adlan­dırma da qədim azərbaycanlıların – türklərin «Al» tapınışı ilə bağlı meydana çıxmışdır.
Azərbaycan ərazisində qeydə alınan mifoloji toponim­ləri araşdırarkən məlum olur ki, onların müəyyən bir hissə­sini «Al» tapınışı ilə əlaqədar meydana çıxan toponimlər təşkil edir. Maraqlıdır ki, indiyə qədər onomatoloqlarımız bu məsələyə demək olar ki, diqqət yetirməmişlər. Bildiyimiz kimi «Al» sözünün «ala» derivatı ilə birlikdə zəngin məna çalarları vardır və demək olar ki, onların əksər hissəsi dili­mizin aktiv lüğət fonduna daxil olmuş sözlərdir. Eyni za­manda həmin vahidlərin dilimizdə geniş işləklik dairəsi vardır. Əvvəldə də qeyd etdiyimiz kimi, F.Cəlilov «al» morfeminin 6 nitq hissəsi üzrə 500-dən çox məna və məna çalarını müəyyən etmişdir
«A1 tapınışı» ilə əlaqədar meydana gələn onovahidləri araşdırdıqca şahidi olduq ki, bu söz gündəlik məişətimizdə, ümumi leksikonumuzda nə qədər potensial imkanlara malik­dirsə, dilimizin onomastik sistemində də o qədər rəngarəng, geniş çalarlara malikdir. Maraqlıdır ki, «Al» tapınışı ilə bağlı olan toponimlərin hamısı demək olar ki, qədimliyi ilə seçilir və hamısı ya eyni ilə, ya da bu və ya digər fonetik variantda digər türk dillərində işlənir. Demək olar onların hamısı ilkin mənanı az və ya çox dərəcədə mühafizə etmişdir. Qədim türklərin «Al» tapınışı mifi ilə əlaqədar olan toponimləri üç istiqamətdə tədqiq etmək olar:
1.      Al morfemini olduğu kimi mühafizə etmiş topo­nim­lər: Aldədə, Alpout, Alpan, Alban, Aldərə və s.
2.      A1 morfeminin «ala» derivatı əsasında yaranan mifo­loji toponimlər: Alaşa, Alakol, Alatava, Alagöz və s.
3.      Ala morfeminin «ələ» fonetik variantı əsasında for­ma­laşan mifoloji toponimlər: Ələt, Ələyəz, Dərələyəz və s.

OCAQ-OD MİFOLOJİ OBRAZI İLƏ
BAĞLI TOPONİMLƏR

Azərbaycanda qeydə alınan mifoloji toponimlərin bir qismi də «oda-işığa» inamla əlaqədar olaraq meydana gəl­mişlər. Ayrı-ayrı onovahidi izah etməzdən əvvəl qədim türklərdə «oda-işığa» inamın mifoloji köklərini araşdırmaq və onun onomastik vahidlərdə necə əks olunduğuna diqqət çəkmək istəyirik.
Bəllidir ki, mifoloji dünyagörüş, o cümlədən də kos­moqonik təsəvvürlər müxtəlif şəkildə folklor nümunələrinin tərkibində ayrı-ayrı janrlar vasitəsi ilə dövrümüzə qədər gəlib çatmışdır. Özü də maraqlıdır ki, türk xalqlarının əksə­riyyətində və azərbaycanlılarda mifoloji motivlər ayrı-ayrı folklor janrlarının strukturuna elə hopmuşdur ki, onları ayırmaq çox zaman mümkün olmur.
Qədim insanların, eyni zamanda da türklərin mifik təfəkküründə dörd ünsür (od, su, torpaq və hava) xüsusi rol oynayır ki, bu da onların yaradılış – ilk başlanğıc haqqındakı təsəvvürlərini əks etdirir.
Novruz mərasimlərinə daxil olan su, od, yel və torpaq çərşənbələrinin bayram edilməsi ənənəsi ritual-mifoloji mənasına görə bir başa yaradılışı simvolizə etməkdədir. Dünyanın bu dörd ünsürdən yaranması ilə bağlı mifoloji təsəvvürlərin olması elm aləminə çoxdan məlumdur və bu təsəvvürlər qədim Şərq və Yunan mənbələrində özünə möhkəm yer tapmışdır. Qədim Çin, yunan, Misir mənbələri və eləcə də Avesta buna əyani sübutdur. Dörd ünsürün yaradılışla bağlılığını əks etdirən ən mötəbər abidələrdən biri də Novruz mərasimləridir. Burada bizim üçün ən maraqlısı Novruz bayramı öncəsi keçirilən çərşənbələrdən od çərşənbəsidir. Bu çərşənbə odun oyanışı, yəni havanın qızması və təbiətin istidən cana gəlməsi ilə bağlıdır. Məlum olduğu kimi, mifoloji düşüncədə od Günəşin yerdəki bir parçasıdır (11, 76). Hətta Altay türklərinin və Abakan tatar­larının miflərində günəş, ay və odun qardaş olduğu söylə­nilir (53, 145). Məhz atəşpərəstlər odun günəşlə bağlılığını nəzərə alıb, onu rəmzləşdirmişlər (84, 128). Günəş və onun bir parçası olan odun insanların həyat və məişətində oynadığı rol əvəzsizdir. Doğrudan da, türk xalqlarında, o cümlədən də azərbaycanlılarda od indinin özündə də müqəddəs bir varlıq kimi qavranılır və «bu od haqqı», «bu ocaq haqqı» və s. ifadələr geniş işləklik dairəsinə malikdir.
Od məfhumu yuxarıda qeyd etdiyimiz kimi, qədim insanların, o cümlədən də qədim türklərin həyatında, məişə­tində o qədər böyük rol oynamışdır ki, digər müqəddəs varlıqlarda olduğu kimi, onun da adından adlandırmada is­ti­fadə etmişlər. İlk öncə həmin varlığın adından öz övladlarını adlandırmaq üçün istifadə etmişlər.
Bildiyimiz kimi «od-alov-atəş» məfhumu Azərbaycan dilində müxtəlif şəkildə adlandırılmışdır və onların içəri­sin­də ən geniş yayılanı «qor»dur. Qor sözü müasir Azərbaycan ədəbi dilində artıq arxaikləşmiş sözlərdəndir və «kül altın­dan qızaran köz» mənasındadır (84, 38). Ayrı-ayrı şair, aşıq və yazıçıların dilində tez-tez işlənir:

Əl uzatma köhnə ocaq yerinə,
Bilməzsən sönməmiş qor olar onda.
(Aşıq Hüseyn)

Şölələnib-şölələnib sönsəm də vaxtsız,
Külümün altında qorum var mənim.

Misallardan da göründüyü kimi, qor «öləziyən», «kül altında qızaran köz» mənasını daşıyır.
M.Seyidov, Q.Məşədiyev, İ.Cəfərsoylu, T.Əhmədov, F.Xalıqov, E.Abışov və başqaları qor sözünün leksik-semantik xüsusiyyətlərindən və qor komponentli onovahid­lə­rin bu və ya digər keyfiyyətlərindən ətraflı bəhs etmişlər (84, 148).
Beləliklə, istər şifahi xalq ədəbiyyatında, istərsə də danışıq dilində təsadüf edilən kor/gör/qor köklü sözlərin məhz türk mənşəli olub odla, işıqla bağlılığı  qənaətinə gəlmək olur. Qor sözü və onunla bağlı meydana gələn toponimlərin də məhz qədim insanların kultlaşdırdıqları adla bağlılığı tədqiqatlarla sübut olunmuşdur (84, 33-40).
Azərbaycan onomastikasında qor//kor//gor komponentli adlara, xüsusən də toponimlərə çox təsadüf olunur: Goran, Goranboy, Goraz, Goradil, Gorazilli, Gürgan, Qorqan, Qor­qun­dağ, Qorçu və s. toponimlərin kökündə qor//gor kompo­nen­ti dayanır. Bu cərgəyə Koroğlu adını və onunla bağlı formalaşan toponimləri də əlavə etsək cərgə daha da böyü­müş olar.
Q.Məşədiyev Goran, Goranboy və Gorus toponim­lə­ri­nin izahına həsr etdiyi əsərində həmin vahidlərin məhz qədim türklərin mifik inamları ilə əlaqədar olan qor sözü ilə bağlılığını əsaslandırmışdır (83, 218).
«Azərbaycan toponimləri» kitabında Goran, Goranboy, Gornalı, Gorus, Gorazıllı, Qürgan və s. toponimlərin etimo­lo­gi­yasından söz açarkən həmin vahidlərin tayfa adı ilə bağlı olduğunu qeyd etmişlər, ancaq onların necə yaranması məsələsinə toxunmamışlar (11, 143).
Azərbaycan dilində qor komponentli mifoloji toponim­lərin içərisində Koroğlu adı ilə bağlı toponimlər xüsusi lay təşkil edir.
Koroğlu toponimi ilə bağlı toponimlərin izahına keç­məz­dən əvvəl bu adın mahiyyəti haqqındakı fikirlərə nəzər salmaq istəyirik.
Tədqiqatçıların bir qismi belə hesab edir ki, Koroğlu konkret tarixi şəxsiyyət olmuş və o, XVII əsrdə Azərbaycan ərazisində baş vermiş Cəlalilər hərəkatına başçılıq etmişdir (2, 74). Digər bir qrup tədqiqatçı isə belə hesab edir ki, Koroğlu adı və onun hərəkətləri mifik mahiyyət kəsb edir və həmin ad «kor - görməyən» sözü ilə deyil, «qor - işıq» sözü ilə bağlıdır. Onun nizəsi, qılıncı, atı və digər keyfiyyətləri də onun qədim türklərin - azərbaycanlıların mifik dünya­görüşü ilə bağlılığını sübut edir (90, 123; 13, 16; 98, 67).
Azərbaycan folklorunda Koroğlu haqqındakı ifadə də bu baxımdan maraqlıdır: «Koroğlu dədədir çıxma sözündən! Nəslimiz kəsilər torpaq üzündən» (99, 46). Bu kimi faktlar bir daha sübut edir ki, Koroğlu qədim türklərdə əcdad kultu ilə əlaqədardır (99, 46).
Koroğlu//Qoroğlu adı haqqında daha dərin və ətraflı məlumat verən M.Seyidov türk xalqlarının yaradılış mif­lərini və «Koroğlu» dastanının bütün versiyalarını müqayisə edərək yazır: «Mifik əfsanədə Qoroğlu // Koroğlu ilə Xızır qaynayıb-qarışsa da, Qoroğlunun//Koroğlunun çox əski bir səciyyəsi – odla və dağla bağlılığı özünü qoruyub saxlaya bilmişdir». Koroğluya açıqdan-açığa «qoroğlu – odoğlu» deyirlər və o, qayada qışlayır. Mifik əfsanədə Qoroğlu – təbiətin ölüb-dirilməsinin, yəni qışda təbiətin ölməsi, yazda isə dirilməsini təmsil edir (90, 306).
Biz də öz növbəmizdə elə hesab edirik ki, Koroğlu// Qoroğlu onovahidi qədim türklərin – azərbaycanlıların mifik təfəkkürü ilə bağlıdır və onun nüvə semantikasında «odoğlu - qoroğlu» mənası dayanır. Bu fikri təsdiqləyən dəlillərdən biri də Koroğlunun dastandakı adının Rövşən və atasının adının da Alı olmasıdır. Bildiyimiz kimi, Rövşən fars dilin­də işıq mənasındadır və Alı sözünün də qədim azərbaycan­lı­lar­da bir mənasının «işıqla-odla» əlaqəli olmasını M.Seyidov əsaslandırmışdır (93, 178). Bizim bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, Koroğlunun adının Rövşən və atasının adının da Alı olması təsadüfi ola bilməzdi. Özündə qədim türklərin mifoloji dünyagörüşü sistemini ehtiva edir. Azərbaycanda Koroğlu adı ilə əlaqədar bir çox toponimlər mövcuddur ki, onların demək olar ki, hamısı respublikamızın Qərb bölgəsində qeydə alınmışdır: Koroğlu qalası (Laçın), Koroğlu dərəsi, Koroğlu yarğanı, Koroğlu zağası (Gədəbəy), Koroğlu qalası, Koroğlu dağı (Türkiyə-Qars və Ərdəhan əyalətləri), Koroğlu qalası (Ağdam, Şəmkir, Tovuz, Gədəbəy). Biz Koroğlu adı ilə bağlı toponimləri mifoloji adlar hesab edirik.
Çıraq – Kəlbəcər və Dəvəçi rayonlarında kənd. Kəlbə­cər rayonu ərazisindəki Çıraq kəndini Laçın rayonundan köçüb gəlmiş eyni adlı tayfa saldığına görə o cür adlan­mışdır (11, 540-541).
Dəvəçi rayonundakı Çıraq kəndi isə Çıraqqala qala­sının yaxınlığında yerləşdiyi üçün bu cür adlandırılmışdır. Hər iki kəndin adında çıraq sözü «işıq», «od» mənalarmı verir (90, 137).
Çıraqlı – Ağdam, Daşkəsən, Laçın, Şamaxı rayonla­rın­da yaşayış məntəqələrinin adı. Çıraq və Çıraqlı oykonim­lərinin etimologiyası və digər linqvistik xüsusiyyətləri bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir. Çıraq//Siraq// Şirak adına hələ «Orxon-Yenisey» abidələrində «sir budun / sir xalqın» formasında, «Kitabi-Dədə Qorqud» dastanlarında «Şirak//Şəruk» formasında təsadüf olunur. T.Əhmədov çıraq və onunla bağlı etnonimləri Şirak//sirak tayfası ilə əlaqələn­dirir (34, 41-42).
Toponimin Siraq-Şiraq-Çıraq formasında işlədilməsi həm müxtəlif müəlliflərin öz dillərinə uyğun qeyd etməsin­dən, həm də müxtəlif türk xalqlarında, dialekt və şivələri­mizdə Ş~ S ~ Ç səs əvəzlənməsi nəticəsində olmuşdur.
Qərbi Azərbaycanda qeydə alman Şirak, Şirak dərəsi, Şirakavan, Şörəyel//Şirakel toponimləri məhz həmin variasi­ya­lardandır (21, 310).
M.Seyidov inandırıcı faktlarla sübut edir ki, Çıraq və onunla bağlı meydana gələn etnotoponimlər mifologiyamızla ilişgilidir və onun əsasında «işıq», «günəşdən gələn nur» dayanır (90, 54-56).
A.Bayramov, İ.Bayramov, Q.Qeybullayev, İ.Cəfərsoylı, A.Axundov, F.Xalıqov və başqaları da Çıraq komponentli onovahidlərdən bəhs edərkən onun «işıqla» bağlılığını gös­tər­mişlər. Ancaq M.Seyidov, A.Bayramov və H.Mirzə­yev Çıraq//Siraq//Şirak toponiminin mifoloji toponim olmasını daha tutarlı dəlillərlə, mənbələrə əsasən aydınlaşdırmışlar (90, 56; 17, 71). Öz növbəmizdə biz də həmin müəlliflərlə həmfikirik və elə hesab edirik ki, Çıraqlıbaşı, Çıraqdərə, Çıraqqaya, Çıgadüz və s. toponimlərin də ayrı-ayrılıqda izahına ehtiyac yoxdur. Yalnız burada Çıragüz oykonimi diqqəti çəkir ki, bu da çıraq adı ilə «uz//üz» tayfa adının birləşməsindən əmələ gəlmiş, mürəkkəb quruluşlu toponim­lərdir.




N Ə T İ C Ə

Azərbaycan onomastikasının bir layı olan mifoloji toponimlərin linqvistik təhlili zamanı əldə edilən nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar.
1.   Azərbaycan toponimlərini araşdırdıqca məlum olur ki, mifoloji toponimlər bir sistem halında ya onların, ya da etnonimlərin içərisində verilmişdir.
2.   Əksər tədqiqatçıların qəbul etdiyi mifoloji obraz – tanrı adı - etnonim-toponim istiqamətində keçid mifoloji toponimlərin formalaşmasında da özünü göstərir.
3.   Mifologiya hər bir xalqın söz sənətinin özəyi – təməl daşı sayıldığı kimi, mifonimlər də xüsusi adlar sis­te­minin əsasında dayanır.
4.   Kosmoqonik miflərlə əlaqədar meydana gələn topo­nimlərin formalaşmasında «günəş» və «ay» cisimləri xüsusi rol oynayır. Bu da onunla bağlıdır ki, həmin obyektlər mifoloji obrazlar kimi kosmoqonik-astral struk­turun mərkə­zində dayanır.
5.   Türk dillərinin o cümlədən də Azərbaycan dilinin ümumişlək leksikasında «al» köklü sözlər nə qədər geniş işləklik dairəsinə malikdirsə, «al» tapınışı ilə əlaqədar formalaşan mifoloji toponimlər də o qədər geniş işləklik dairəsinə malikdir.
«Al» tapınışı ilə əlaqədar meydana gələn toponimlərin «el», «əl», «ələ» və s. fonetik variantları mövcuddur və Ələ­yəz, Ələt, Elpanos və s. toponimləri onlara misal göstərmək olar.
«Al» tapmışı ilə əlaqədar formalaşan mifoloji toponim­lərin hamısı həmin mifdən gələn «ucalıq», «hündürlük» məfhumu ilə bağlıdır.
6.   Koroğlu qalası, Koroğlu daşı, Goran, Goranboy, Gorus, Qorqundağ, Qorqan və s. bu tipli toponimlər qədim türklərin oda – işığa olan inamları ilə əlaqədar formalaşan toponimlərdir. Həmin yer-yurd adlarının kökündə qor// kor//gör morfemi dayanır ki, onlardan da «işıq - od» mənasını verən qor daha qədim hesab olunur.
7.   Totemizm qədim türklərdə mifoloji sistemin mühüm bir hissəsini təşkil etdiyindən totem hesab olunan varlıqların adı toponimlərdə əsasən əks olunmuşdur.
8.   Qurd totemi ilə əlaqədar meydana gələn toponim­lərin türk xalqlarında yayılma arealı daha genişdir. Ona görə ki, həmin totemin adını daşıyan tayfa daha geniş ərazilərə yayılmışdır.
«Qurd» heyvanı ilə bağlı yer-yurd adlarının böyük bir hissəsi ilə sırf təsviri mahiyyət daşıyır ki, bunları da həmin totemlə bağlı mifoloji toponimlərdən fərqləndirmək lazım­dır.
9.   İlanla bağlı mifoloji toponimlər də totemlərlə əlaqədar yer-yurd adlarının içərisində ayrıca bir qrup təşkil edir. Və onların əksəriyyəti düzəltmə söz formasındadır. İlan totemi ilə əlaqədar formalaşan toponimlər əsasən Orta Asiyada yaşayan türkdilli xalqlarda geniş yayılmışdır.
10.   Quş totemləri (ornitoponimləri) ilə əlaqədar for­ma­laşan toponimlər bir sistem şəklində yırtıcı quşlarla bağlıdır. Belə ki, türk xalqları ev quşlarını özlərinə totem götürməmişlər. Qartal, şahin, doğan, boz doğan, sun­qur// şonqur və s. qartal cinsindən olan quşları qədim türklər özləri üçün onqon (totem) hesab etmişlər ki, məhz həmin quşlarla bağlı da mifoloji toponimlər formalaşmışdır.
11.   Mifoloji toponimlərin quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb növü formalaşmışdır və onların yayılma arealı da genişdir.




İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT  SİYAHISI

1.        Abdullayev K. M. Azərbaycan mifologiyasının tədqiqi yolları «Azərbaycan filologiyası məsələləri». Bakı,  1983, s.205-212.
2.        Abışov E. Ş. El-oba adlarının izi ilə (Laçın). Bakı, 2007, 136 s.
3.        Acalov A.M., Novruzov M. D. Al tapınışı və onun izləri. «Azərbaycan filologiyası məsələləri», Bakı, 1983, s.247-255.
4.        Acalov A.M. Dəli Domrul boyunun kökləri və mifoloji simvolikası». Azərbaycan filologiyası məsələləri». Bakı, 1983, s.222-236.
5.        Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı, 1987, 86.
6.        Ağbabalı A. Ağbaba sözünün mənşəyi. «Elm və həyat» jur., 1986, №10, s.8-13.
7.        Adilov M. Azərbaycan teonimikası / Azərbaycan onomastikası problemləri. Bakı, 1987, s. 275-278.
8.        Ağasıoğlu F. Qədim türk eli (Saqa-Qamər boyları), Bakı, 2006, 128 s.
9.        Axundov A.A. Torpağın köksündə tarixin izləri. Bakı, 1983, 136 s.
10.      Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında. «Azərbaycan filologiyası məsələləri». Bakı, 1983, s.73-83.
11.      Azərbaycan toponimləri (Ensiklopedik lüğət). Bakı, 1999, 588 s.
12.      Azərbaycan xalq əfsanələri. Bakı, 1985, 285 s.
13.      Azərbaycan mifoloji mətnləri. Bakı, 1988, 196 s.
14.      Bağırov A. Naxçıvanın hidronimləri. Bakı, 2000, 92 s.
15.      Baharlı M.V. Azərbaycan: Coğrafi-təbii, etnoqrafik, iqtisadi mülahizat. Bakı, 1993, 208 s.
16.      Bahadıroğlu V. Heyvanlar aləmi və mifoloji mətnlər. «Azərbaycan təbiəti» jur., Bakı, 1993, N?4-6, s.8-10.
17.      Bayramov A.Ə. Qədim Oğuz elinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri). Bakı, 1996, 250 s.
18.      Bayramov A.Ə. «Kitabi-Dədə Qorqud» və Qafqaz. Bakı, 2001, 123 s.
19.      Bayramov t. Qərbi Azərbaycanın türk mənşəli topo­nim­ləri. Bakı, 2002, 696 s.
20.      Bəndəliyev N.S. Çağan və Kolanı adları haqqında. Azər­baycan onomastikası problemləri,  4, Bakı, 1993, s.145.
21.      Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azər­bay­can mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, 452 s.
22.      Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, 1999, 272  s.
23.      Budaqov B.Ə., Əliyev Ə.İ. «Kitabi-Dədi Qorqud» və toponimlərimiz. «Elm və həyat». 3, Bakı, 1986, s.9-10.
24.      Cavadov Ə.M. Qız, quz, qur sözlərinin Oğuz etnonimi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan onomastikası problemləri. 4, Bakı, 1993, s.107-109.
25.      Cəfərsoylu İ. Sibirdə Təbriz şəhəri. Bakı, 2002, 273 s.
26.      Cəfərsoylu İ. Türk dillərində etnonimlərlə kosmonim, teonim və toponimlərin qarşılıqlı əlaqəsi. Azərbaycan onomastikası problemləri. 5, Bakı, 1995, s.105-108.
27.      Cəlilof F. A. Azərbaycan dilində «al» köklü sözlər (tarixi-etimoloji etüd). «Azərbaycan filologiyası məsələləri», Bakı, 1983, s. 165-173.
28.      Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, 285 s.
29.      Cəlilov F.A. Qədim türk etnonimləri. Azərbaycan ono­mas­tikası problemləri. №1, Bakı, 1987, s.81-83.
30.      Cəlilov F.A. Qədim qaşqay etnonimi. Azərbaycan ono­mas­tikası problemləri. 3, Bakı, 1990, s.187-188.
31.      Çobanov M. N. Azərbaycan toponimiyasının əsasları, Bakı, 1998, 232 s.
32.      Dəmirçizadə Ə.M. 50 söz. Bakı, 1968,
33.      Eyvazova R.H. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, 1995, 244 s.
34.      Əhmədov T.M. Azərbaycan toponimikasmm əsasları. Bakı, 302 s.
35.      Əhmədov T.M. El-obamızın adları. Bakı, 1984, 128 s.
36.      Əhmədov T.M. Azərbaycan paleotoponimiyası. Bakı, 1985, 88 s.
37.      Əhmədov T.M. Azərbaycan toponimiyasında qədim türk elementləri. «Türk dillərinin quruluşu və tarixi» məcmuə, Bakı, 1983, s.92-100.
38.      Əhmədov Z.H. «Suya etiqad və totemlər», «Elm və həyat» jur. 1986, №4, s.24-25.
39.      Əhmədova E.Z. Azərbaycan etnonimləri. Bakı, 2007, 128 s.
40.      Əliyeva R.Z. Qanun, 2002, 135 s.
41.      Əliyev R.M. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı, 1992, 116 s.
42.      Əliyev F.V. Qaşqa toponimi haqqında. Az.O.P.4, Bakı, 1993, s.115.
43.      Əliyev V.H. Azərbaycan toponimiyası. Bakı, 1999, 276.
44.      Əlizadə Ə.R. Azərbaycan folklorunda təbiət kultları 2008, 176 s.
45.      Əlizadə Ə.R. Qurlulu, Emir, toponimləri. Azərb. SSR EA xəbərləri (Ədəbiyyat, dil və incəsənət ser.), №1, 1974, 66-73.
46.      Əsgərov N.Ə. Azərbaycan hidronimləri. Bakı, 2002, 146 s.
47.      Əsgərov N.Ə. Azərbaycan hidronimləri və xalq etimologiyası. Az. O.P.3, Bakı, 1990, s.194-196.
48.      Əsgərov N.Ə. «Göy» komponentli Azərbaycan hidro­nim­ləri. Az. O. P. №2, Bakı, 1988, s.272-274.
49.      Əsgərov N.Ə. Areal türk onomastikasının linqvistik xüsusiyyətləri. Bakı, 2005, 458 s.
50.      Hacıyev T.Ə. Onomastik vahidlər dilin unudulmuş mənalarının qoruyucusu kimi. Azərb. Ono. Pp. Dair konfransın materialları. Bakı, 1987, s.278-280.
51.      Hacıyev T.Ə. Azərbaycanın qədim onomastikasına dair. Azərbaycan filologiyası məsələləri. II buraxılış, 1984, s. 12 136.
52.      Hüseynzadə Ə.A. Müasir Azərbaycan toponimiyasında tayfa adlarının izləri. Azərb.SSR EA Xəbərləri (Tarix, fəlsəfə və hüquq seriyası). Bakı, 1973, №2, s.21-29.
53.      Xalisbəyli T.T. Qurd toponimi haqqında bəzi qeydlər. Azərb. Ono.pro. dair konfransının materialları. Bakı, 1987, s.143-145.
54.      Xalqımızın deyimləri və duyumları. Bakı, 1988. 286 s.
55.      Xasıyev Z.Ə. Tovuzun toponim dünyası. Bakı, 1997 112 s.
56.      Xalıqov F.R. Folklor onomastikası. I hissə. Bakı, 1998. 137 s.
57.      Xalıqov F.R. Folklor onomastikası. II hissə. Bakı, 2000, 132 s.
58.      Xəlilov P. «Kitabi-Dədə Qorqud» – İntibah abidəsi. Bakı, 1993, 173 s.
59.      İsrafilova R.D., Məşədiyev Q.İ., Cəfərov Q.H. Azərbaycan dilinin onomastikası. Bakı, 1987, 188 s.
60.      İrəvan əyalətinin müfəssəl dəftəri. Bakı, 1996, 184 s.
61.      Kazımov Q.Ş. Azərbaycan dilinin tarixi. Bakı, 2003.
62.      «Kitabi-Dədə Qorqud» dastanı, Bakı, 1988, 265 s.
63.      Qasımov A.M. Kəngərli sözü və kəngərlilər. Azərb. O.P. dair K.M., Bakı, 1987, s.98-91.
64.      Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tari­xin­dən. Bakı, 1994, 248 s.
65.      Quliyeva Ə.A., Əliyev V.F. Türk onomastik vahidlərində mifoloji inamların izləri. Azərb. O.P. dair K.M. 2, Bakı, 1988, s.259-261.
66.      Quliyev Ə. Ayrımlar haqqında // Azərbaycan filoloji məsələləri, III buraxılış, Bakı, Elm, 1991, s.201-210.
67.      Qukasyan V.Z. Azərbaycan dilinin təşəkkülünə dair qeyd­­lər. Azərbaycan filologiyası məsələləri. Bakı, 1983, s.35-62.
68.      Qukasyan V.Z. Azərbaycan paleotoponimləri antik qaynaqlarda /Azərbaycan onomastikası problemləri. Bakı, 1987, s.121-125.
69.      Qukasyan V.Z. Qafqaz Albaniyası. Bakı, 1999, 108 s.
70.      Qumilev İ.N. Qədim türklər. Bakı, 1993, 536 s.
71.      Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Bakı, 1988, 423 s.
72.      Qurbanov A.M. Azərbaycan onomalogiyasının əsasları. I cild, Bakı, 2004, 340 s.
73.      Qurbanov A.M. Azərbaycan onomalogiyasının əsasları. II cild, Bakı, 2004, 340 s.
74.      Qurbanov N.A. Azərbaycan mərasim folklorunda mifoloji-kosmoqonik görüşlər. AMEA Aspirantların elmi konfransının materialları, II hissə, Bakı, 2006, s.249-256.
75.      Məmmədov A.M. Azərbaycan dilinin erkən tarixinə dair materiallar. Azərbaycan filologiyası məsələləri. №1, Bakı, 1983, 75, 5-24 (264).
76.      Məmmədov N. Azərbaycanın yer adları (oronimlər). Bakı, 1993, 176 s.
77.      Məmmədov C. Qədim tanrı adları (Qurd teonimi). Azər­baycan onomastikası problemləri. II c., Bakı, 1988, s.272-274.
78.      Məmmədov Y.Q. Dilin onomastik vahidləri və onlara aid sözlər arasında leksik-semantik əlaqəyə dair. Azərbaycan onomastikası problemləri. Bakı, 1987, s.290-293.
79.      Məmmədov M.İ. Ermənistan ərazisində bəzi qədim Azərbaycan toponimləri haqqında. Azərbaycan onomas­tikası problemləri. Bakı, 1987, s. 147-149.
80.      Məmmədov R.İ., Piriyev V.H. Teymurləngin Əlincə səfəri. «Elm və həyat» jur. 1977, 9, s.31-33.
81.      Məmmədzadə H. Tanrı sözünün mənşəyi. Azərbaycan onomastikası problemləri. Bakı, 1995, s. 105-108.
82.      Məşədiyev Q.İ. Azərbaycan toponimlərinin tarixi-linqvis­tik təhlili. Bakı, 2007, 231 s.
83.      Məşədiyev Q.İ. Göran, Goranboy, Gorus. «Elm və həyat», jur. 1979, №9, s.28-30.
84.      Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, 1990, 148 s.
85.      Mirzəyev H.İ. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz. Bakı, 1997, 1993 s.
86.      Mirzəyev H.İ. Ələyəz toponimi. «Filologiya məsələlərinə dair tematik toplu. Bakı, 1998, s.69-71.
87.      Ögəl B. Türk mifologiyası. Bakı, 1997, 628 s.
88.      R.Fəzlullah. «Oğuznamə». Bakı, 1992, 72 s.
89.      Seyidov M.M. Azərbaycan mifik təfəkkürünün qaynaq­ları. Bakı, 1983, 326 s.
90.      Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünər­kən. Bakı, 1989, 496 s.
91.      Seyidov M.M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, 1994, 232 s.
92.      Sümər F. «Oğuzlar». Bakı, 1992, 432 s.
93.      Sultanov V.Ə. Azərbaycan etnonimlərinin öyrənilməsi. Dil, etnmi və etnonimiya». Bakı, 1994, s.3-7.
94.      Şükürov A.M. Mifologiya. 1-ci kitab, Bakı, 1993, 188 s.
95.      Şükürov A.M. Mifologiya. 6-cı kitab, Bakı, 1997, 232 s.
96.      Şükürov Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993, 336 s.
97.      Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Bakı, 1972, 286 s.
98.      Vəliyev V. Azərbaycan folkloru. Bakı, 1985, 414 s.
99.      Vəliyev K.N. Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1987, 280 s.
100.   Vəliyev K.Q. Azərbaycan dilində Ay və Gün onomastik vahidləri haqqında AOP, III, Bakı, 1990, s.194-196.
101.   Yusifli S.V. Rəng komponentli yer adları. AOP. III, 1980, s.108.
102.   Yusifov Y.B. Qədim Şərq tarixi. Bakı, 1993, 513 s.
103.   Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycan coğrafi adları. Bakı, 1972, 110 s.
104.   Zeynalov İ. Mifoloji təfəkkür və onun əsas formaları. «Azərbaycan təbiəti» jur. №1, 1994, s.34-37.

Rus dilində
105.   Алиева Ф. К вопросу о теонимах в мифах и о меренгах античного Азербайджана.
106.    Алиев К. Античные источники по истории Азербайджана. Баку, 1986, 243 с.
107.   Алтман М.М. Исторический очерк города Гйенджи. Изд. А/Я. Азерб.ССР, Баку, 1949, с.89.
108.   Атаниязов С. Словарь туркменских етнонимов. Ашхабад. 1988, 180 с.
109.   Бакыханов А. «Гюлистани-и Ирам». Баку, 1991, 304 с.
110.   Баскаков Н.А. Модели тюркских этнонимов и их типологическая классификация. Ономастика Восто­ка. М., 1980, с.199-207.
111.   Древнетюркский словарь. Л., 1969, 676 с.
112.   Еремеев Д.Е. К семантике тюркской этнонимии – Этнонимика. М., 1970, с.133-142.
113.   Килимов Г.А., Эдельман Д.И. К этимологии албасты//ал­мас­ты «Советская тюркология». №3, Баку, 1979, с.57-63.
114.   Койчубайев Е. Краткий толковый словарь топонимов Казахыстана. Алма-Ата, 1974, 110 с.
115.   Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986, 182 с.
116.   Лосев А.Ф. Философия, Мифология, культура. М., 1991, 641 с.
117.   Мамедов М. Лингвистический анализ географии­чес­ких названий в смешанных ареалах. Тошкент, 1984, 346 с.
118.   Мурзаев С.М. Словарь народных географических терминов. М., 1984, 653 с.
119.   Моллазаде С.М. Топонимия северных районов Азербайджана. Баку, 1979, 206 с.
120.   Севортян Э. В. Этимологический словарь тюркских языков. М., 1980, 296 с.
121.   Шахнович М.И. Первобытный мифология. Л., 1971, 324 с.
122.   Шопен И. Исторический памятник состояния Армянской области в эпохи присоединение к Российский империи. СПб., 1852, 1231 с.
123.   Тревер К.В. Очерки по история и культура Кавказской Албании. М.-Л., 1959, 378 с.





KİTABIN  İÇİNDƏKİLƏR



Ön SÖZ  ........................................................
3
GİRİŞ 

Azərbaycan toponimiyasının  tədqiqi tarixindən  .......
3

I FƏSİL.  Kosmoqonik miflərlə əlaqədar toponimlər ......

21
Günəşlə əlaqədar formalaşan mifoloji kosmoqonik toponimlər ......................................................
Ay mifoloji obrazı ilə əlaqədar toponimlər  .......
Göy mifoloji obrazı ilə əlaqədar mifoloji toponimlər ..

26
32
36


II FƏSİL. Totemlərlə əlaqədar mifoloji toponimlər  .........

40
Qurd totemi ilə əlaqədar formalaşan mifoloji toponimlər ......
İlanla əlaqədar meydana çıxan mifoloji
toponimlər  ..........
Samur mifoloji obrazı ilə əlaqədar toponimlər ......
Quş onqonları ilə bağlı mifoloji toponimlər ..........
Ağac kultu ilə əlaqədar mifoloji toponimlər  ........
Dağ kultu ilə əlaqədar mifoloji toponimlər  .....
42
49
52
53
61
67

III FƏSİL. Digər mifik inamlarla bağlı toponimlər ...........

70
«A1» derivatlı mifoloji toponimlər ..........................................
«A1» morfeminin «Ə1» fonetik forması vasitəsilə formalaşan mifoloji toponimlər .......................
Ocaq-od mifoloji obrazı ilə bağlı toponimlər ...
81

88
92

NƏTİCƏ ....................................................

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI .

98

100



Hiç yorum yok:

Yorum Gönder